Cəsarətli gənclik diktaturanın düşmənidir

Əliyev hakimiyyətinin gənclərə qarşı repressiyasının səbəbləri barədə

Hər zaman böyüklərdən eşitmişik ki, “gənclər ölkənin gələcəyidir”. Azərbaycanda da 2 milyondan çox gənc var. Yəni bu ölkənin işıqlı gələcəyinin təminatı var. Ancaq mövcud hakimiyyət gələcəyimizi “qısır” etmək üçün, bu günümüzü “baltalamaq” yolun tutub. Hakimiyyət üçün “yaltaq gənclər hakimiyyətin gələcəyidir” şüarı məqbuldur.

Ləyaqətli gənc varsa, problem var

Stalin “Insan varsa, problem var” deyirdi. Hakimiyyət də bu ssenarini davam etdirərək ləyaqətli insanların soyqırımına başlayıb.
Bayron deyirdi ki, “Ömrün ən təhlükəli vaxtı gənclik dövrüdür”.
Bizim ölkədə isə haqqı deyirsənsə, ömrün bütün dövrü təhlükədədir.

“Əsgər ölümlərinə son” aksiyalarında gəncliyin hakimiyyətə qarşı nifrətini, heç bir məhrumiyyətdən çəkinmədən haqqın müdafiəsində olacağını rejim başa düşdü.
Yüzlərlə cəsarətli gəncin polis dəyənəyinin ağrısına baxmayaraq, zindan əzabını gözə alaraq meydanda “Ali Baş Komandan, cavab ver bizə” söyləməsi, avtoritar rejimi narahat etməli idi.
Bəli, Azərbaycan hakimiyyəti “ləyaqətli gənclik yoxdursa, problem yoxdur” şüarı ilə, Stalinə rəhmət oxutdurmaq yolunu tutdu.

Çevriliş edən gənclər

Əvvəlcə “NIDA”çı gənclərin 7 nəfərini və AXCP Gənclər Komitəsinin üzvü Tural Həsənzadəni “əsgər ölməsin” dedikləri üçün qondarma ittihamlarla həbs etdilər. Ancaq bu həbslər qorxunu yox, qorxuya qalib gəlmiş nifrəti meydana çıxardı. Cəmiyyət bildi ki, bu gənclər dövlət çevrilişi yox, təfəkkür “çevrilişi” etmək istəyir. Hər kəs anladı ki, bu gənclərin silahı “molotov kokteyli” deyil, azad düşüncə, intellekt, öz hüquqlarını bilməkdir.
Bəli, oğrunu ifşa edən şahid, oğurluq edən üçün arzulanmaz şəxsdi. Ona görə də bu gənclər hakimiyyətin şər siyahısına “dövlət çevrilişi edənlər” kimi düşdü. Bu gənclər həbs olunsalar da “çevrilişi” artıq etmişdilər.
Onlar vicdanı nəfsə təslim etməməyin nümunəsin yaratdılar.

Terrora yox demək cinayəti

Azad Gənclik təşkilatının üzvü, fəal gənc Ilkin Rüstəmzadə ADNA qurbanlarını yad etmək istədiyi üçün AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və “NIDA” Idarə Heyətinin üzvü Turqut Qəmbərlə birlikdə 15 sutka həbs olunmuşdu. Ancaq həbs müddəti bitəndən sonra, analoqsuz hakimiyyətimiz onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçdi. Terrorun bu hakimiyyət üçün bu qədər müqəddəs olduğunu bilmirdik. Həlak olmuş 13 gənci yad eləmək, Ilkin Rüstəmzadəyə “xuliqan” adı qazandırdı. “Vətənpərvər ruhda olmalıyıq” söyləyən dövlət başçısı, vətənpərvərliyin cəzasının nə olduğunu da açıq şəkildə söyləməlidir. Bəli, ADNA-nın qarşısına qırmızı qərənfillər düzmək istəyən gənci qara zindana salmaq vətənpərvərliyin “mükafatı”dır.

Xəstə gəncin, sağlam düşüncəsi

AXCP Gənclər Komitəsinin üzvü, 2-ci qrup əlil, astma xəstəsi Daşqın Məlikovun şərlənərək həbs olunması, Azərbaycan hakimiyyətinin insanlıq adına ləkə olan zehniyyət daşıyıcısı olmasını, Azərbaycan məhkəmə-hüquq sisteminin isə “hallı” olduğunun göstəricisi idi. Hətta ekspertizanın müsbət rəyi də mənfi hökm çıxarmağa əngəl olmadı. Hakimiyyət etiraf etdi ki, səhhətində böyük problemləri olan adamın, sağlam düşüncəsi varsa, bu bizim üçün təhlükədir. Qocaların, gəncliyə qarşı nifrəti bununla da soymur. Cəhalət “istehsal” edənlərin “bazar”ına, cəsarət “istehsal” edənlərin girməsi qadağandır.

Divardakı yazılar

Silsilə həbslərin effekt verməməsi, azadlıqda olan gənclərin həbsxanaya meydan oxuması, təfəkkürü “qəfəs”də olanları acıqlandırmağa, narahat etməyə başladı.
Və 3 fəal gənc – Ülvi Həsənli, Kənan Qasımov və Məcid Mərcanlı divara yazı yazmaqda günahkar bilinərək 15 sutka həbs edildi.
Həyatımızın bütün gözəl yazılarını pozmaqla məşğul olanlar, sabahımızın yazısını yazmaq istəyənləri həbs etməklə “mükafat”landırdılar.
Bu ölkədə adını Vircin adasına, qızıl yataqlarına, Dubaydakı villanın sənədinə yazdıra bilərsən, ancaq yaşadığın ölkədə arzunu yaza bilməzsən.
Ancaq bütün bu ədalətsiz həbslər “vampir”ləri doydurmağa bəs etmir. Bir sözlə, hakimiyyət yeni “qan” axtarışındadır.

Susmağın cəzası

Ötən həftə bir qrup gənc şəhərin mərkəzində “flaşmob” keçirdi. Əllərini ağızlarına tutub, susaraq “gəncliyimizi yox etməyin” şüarı nümayiş etdirən gənclərə polis maneə törədib. Nəticədə AXCP üzvü Vüqar Aslanlı 15 sutka həbs cəzası alıb. Səbəbi isə polisə “itaətsizlik” göstərmək olub. Artıq hakimiyyət üçün susmaq da itaətsizlikdir. Danışmalısan və ancaq mədh etməlisən. Çünki susaraq ürəyində rejimə lənət yağdıra bilərsən. Ürəyində etiraz etməyin cəzası da var imiş. Bu həbs həm də cəmiyyətə o mesajı verdi ki, susmaqla da şərin pəncəsindən xilas olmaq mümükün deyil. Qoy Azərbaycan gəncliyi bilsin ki, bu ölkədə susmaq, danışmaqdan təhlükəlidir.

Narkotik maddə, ləyaqətin göstəricisi kimi

Iyunun 21-də AXCP-nin fəal üzvü Rahib Hacıyev narkotik ittihamı ilə həbs edildi. Müxalifətçilər bu ölkədə yeganə narkomandır ki, polis mənzilinin harasında narkotik maddə olduğunu bilir. Və yeganə narkomandır ki, onu həbs etmək üçün 10 mülki geyimli, 10 polis formasında olan heyət təşrif buyurur.
Artıq bu ölkədə narkotik maddə həm də şəxsiyyəti təsdiq edən sənəddi.
Bəli, hansısa fəal gəncin cibindən narkotik çıxırsa, insanlar düşünür ki, bu adam ya azadlıq aşiqidir, ya özü ya da valideynləri müxalifətçidir.
Rahib Hacıyevin narkotik istifadəçisi olmadığını biz də, hakimiyyət də, cəmiyyət də gözəl bilir. Bəs bunlar kimi aldatmaq istəyirlər?
Bəlkə də biz doğurdan da narkomanıq. Axı biz azadlıq, demokratiya, ədalət, hüquq, bərabərlik məlhəmlərini qəbul edib hallananlardanıq.
Görünür, hakimiyyətin nəzərində ən böyük narkoman “azadlıq iynəsi” axtaranlardı.

Və sonda

Biz nəfsimizin, qorxumuzun zindanından azad olduğumuz üçün, cahillərin zindanından qorxmaq ehtimalımız yoxdur.
Bizi həbs edəndə, beynimiz, düşüncəmiz azad qalır. Ona görə də əziyyətiniz əbəs yerədir.
Hər gənci şərləyib həbs etdikcə, həmin gəncin mənsub olduğu nəsil sizə nifrət edir və bu nifrət özünü bir gün ifadə edəcək.
Bizim xilasımız, sizin repressiyalarınızdan keçir.
Növbəti nəslin nifrətini qazanmaq üçün irəli.