Elşad Abdullayev hansı nazirə evlər hədiyyə edirmiş?

Arzu Kazımovun məhkəməsində vəkil ilginc açıqlama verdi

Ramiz Zeynalov: «O ərəfədə nazirin qızının toyu olacaqdı, həmin mənzilləri nazirin kürəkəninin adına keçirməli idilər»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevə qarşı dələduzluqda günahlandırılan iş adamı Arzu Kazımovun mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Qeyd edək ki, Arzu Kazımov Elşad Abdullayevin 2003-cü ilin oktyabrında oğurlanmış qardaşı Mahir Abdullayevin geri qaytarılmasına yardımçı olmaq adıyla ABU rektorundan külli miqdarda pul almaqda ittiham olunur. Elşad Abdullayev iddia edir ki, bu məbləğ 3 milyon dollardır, cinayət işinin materiallarında isə məbləğ 1 milyon 500 min dollar göstərilib. Istənilən halda, nə Mahir Abdullayev geri qaytarılıb, nə də verilən pul…
Dünən bu iş üzrə məhkəmə prosesi davam etdirilib. Bundan bir gün əvvəl isə Elşad Abdullayev bu məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasova Arzu Kazımovun oğlu, polis zabiti Zaur Kazımovla aralarındakı telefon danışığının əks olunduğu videonu və yazılı məktub göndərib. Həmin danışıqda Mahir Abdullayevin qaytarılmasından bəhs olunur.
Dünənki məhkəmə iclasında Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev şahid qismində ifadə verib. Arzu Kazımovu şəxsən tanımadığını deyən şahid bildirib ki, 2003-cü ildə dayısı Mahir Abdullayevin itkin düşməsi barədə Daxili Işlər Nazirliyinə müraciət ediblər. Daxili işlər nazirinin keçmiş müavini, mərhum Zahid Dünyamalıyevlə onların arasında Arzu Kazımov əlaqə yaradıb. Amma bu proseslərdə şəxsən iştirak etmədiyini deyən Azad Mürsəliyev bildirdi ki, Zahid Dünyamalıyev və Arzu Kazımov barədə olanları ona Elşad Abdullayev danışıb: “Elşad Abdullayev Mahirin qaytarılması üçün Arzu Kazımov vasitəsilə Zahid Dünyamalıyevə 3 milyon dollar verib. Bunu mənə Elşad Abdullayevin özü deyib. Elşad dedi ki, sonradan Arzu Kazımov pulların qaytarılması üçün torpaq sahələri verib. Arzu Kazımov deyib ki, torpaq sahələrinin verilməsi üçün sənədləşmə eləyək, Ukraynadan pul gələcək, ondan sonra torpaqlar geri qaytarılar. Bununla bağlı aralarında alqı-satqı müqaviləsi olub. Bütün bu sənədləşmələrdə mən iştirak etməmişəm”.
Vilayət Əmirov adlı şahid də dünənki məhkəmə iclasında dindirilib. “Inşaat-2002″ MMC-nin 2009-cu ildən direktoru olduğunu deyən şahid bildirib ki, Arzu Kazımovun inşa etdirdiyi binalardakı mənzillərin alqı-satqı sənədləri etibarsız olub.
Arzu Kazımovun vəkili Ramiz Zeynalovun suallarına şahidin cavab verə bilməməsi müdafiəçini hövsələdən çıxarıb. Vəkil bildirib ki, Arzu Kazımovla bağlı 2003-cü ilə aid olan iş araşdırılır, amma bu şahid onun şirkətində 2009-cu ildə işə götürülüb. Ona görə də bu şahidin ifadə verməsi düzgün deyil, onun işə aidiyyatəti yoxdur: “Burada istintaq saxtakarlıq edib”.
Hakimin bu işdə heç bir saxtakarlığın olmadığını bildirməsi vəkili daha da hiddətləndirib. Nəticədə hakimlə vəkil arasında mübahisə düşüb. Iş o yerə çatıb ki, mübahisə üzündən məhkəmə iclasında 10 dəqiqəlik fasilə elan olunub.
Fasilədən sonra vəkil Ramiz Zeynalov vəsatətlə çıxış edib.
Bildirib ki, “Inşaat-2002″ MMC-nin Əhməd Cavad küçəsi 15 ünvanında inşa etdiyi 64 mənzilli binanın yalnız 32 mənzili Arzu Kazımova çatıb. Bunun sübut olunması üçün vəkil Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilməsini istəyib: ”32 mənzilin alqı-satqı müqavilələri məhkəməyə təqdim edilsin. Həmin mənzillərlə bağlı sənəd məhkəmədə tədqiq olunmalıdır”.
Vəkil deyib ki, bu məsələ araşdırılsa, Arzu Kazımovun dələduzluq etmədiyi sübut olunacaq. Vəkil həmçinin qeyd edib ki, Arzu Kazımov həmin binadan Elşad Abdullayevə mənzillər təklif edib: “Lakin Elşad Abdullayev həmin mənzillərin alqı-satqısını həyata keçirməyib. Səbəb isə o idi ki, həmin ərəfədə təhsil nazirinin qızının toyu olacaqdı. Onlar da həmin mənzilləri təhsil nazirinin kürəkəninin adına keçirməli idilər”.
Arzu Kazımov da vəkilinin vəsatətini müdafiə edib. Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyev isə vəsatətin təmin olunmamasını istəyib.
Hakim isə vəsatətlə bağlı qərarını növbəti məhkəmə iclasında açıqlayacaq. Növbəti məhkəmə prosesi isə iyulun 31-nə təyin olunub.

Aytən Məmmədova