Dramatik seçki üçün demokratik ssenari III yazı

Bir tərəfdən yorulmadan xalqın onları dəstəklədiyini hər fürsətdə vurğulayan iqtidar, əslində Rüstəm Ibrahimbəyovun vahid namizədliyini Tanrının bir hədiyyəsi kimi qəbul etməli idi. Ən azı bu xəbərə laqeyd yanaşmaqla, mesaj verə bilərdi ki, “görün bizi kiminlə qorxudurlar”, lakin elə olmadı. Iqtidar açıq-aşkar Rüstəm Ibrahimbəyovla seçkiyə getməkdən qorxur və bunu necə edəcəyinin yollarını arayır. 

Ötən yazımda bu yolların birinin Isa Qəmbərin namizədliyinin olması haqqında yazmışdım, təəssüflər olsun ki, bəzi insanlar sosial şəbəkələrdə bunu Isa bəyi namizədlikdən ikna kimi(!) qələmə verdilər. Onlara ötən yazımı bir də oxumağı məsləhət görərdim. Mən sadəcə iqtidarın bu amildən istifadə edə biləcəyi haqda fikirlərimi bildirmişdim.

…Qəribə bir vəziyyət yaranıb, bütün ömrünü kinoya həsr etmiş 74 yaşlı dramaturq, üst-üstə 30 ildən çox ölkəni idarə edənlərin qorxulu röyasına çevrilib. Iqtidar bu gün hətta ən qatı düşməni hesab etdiyi AXCP sədri Əli Kərimlinin belə namizədliyini qeydə almağa hazır olduğunu gizlətmir. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, Əli Həsənov jurnalistlərin qurultayındakı çıxışında açıq şəkildə müxalifət liderlərinə mesaj yolladı və onların bu gözlənilməz qərarından bir növ şikayətləndi.  

Əliyevlər rejimində müxalifətdə olmağın nə demək olduğunu, yəqin ki, xatırlatmağa ehtiyac yoxdur. Dünyanın müxalifəti fiziki cəhətdən məhv edilən ölkələrindən sonra, heç şübhəsiz, Azərbaycan gəlir. Iki gün əvvəl ziyalı ailəsindən çıxmış, gənc cəbhəçi Rahib Hacıyevin cibinə narkotik maddə ataraq həbs etdilər. Ondan az əvvəl isə, müsavatçı Yadigar Sadıqov başqa bir ənənəvi gülünc ittihamla həbs edildi. Son iyirmi ildə minlərlə müxalifət fəalı oxşar şəkildə şərlənərək həbs edilməsini nəzərə alsaq, əsrarəngiz bir mənzərə ilə qarşı-qarşıya qalırıq.

Artıq bu bir həqiqətdir ki, dünyada Azərbaycandan başqa heç bir ölkədə bu şərtlər altında fəaliyyət göstərən müxalifət sadəcə mövcud deyil. Kütləvi həbslər bütün oxşar rejimlərdə, müxalifətin özü-özünü buraxması ilə nəticələnib. Lakin bu heç də həmin rejimləri sığortalamır, əksinə…   

Bəli, rejim müxalifəti boğmaqda davam edərkən, bir də ayıldı ki, artıq xalq bütünlüklə müxalifətə keçib. Quba və Ismayıllı üsyanları müxalifətin iştirakı olmadan uğrula başa çatdı. Rejim danışıqlar aparmaq üçün konkret ünvan tapmaqda çətinlik çəkdi. Qubaya ezam olunmuş nəqliyyat naziri Ziya Məmmədovun az qala gözü sataşan hər sakindən, icra başçısının adından üzr istəmə səhnəsini, yəqin ki, xatırlayırsınız. Həmin rayondan deputat seçilmiş Vahid Əhmədov isə, həyəcanla “ölümün bir addımlığından geri  döndük” dedi və uzun müddət depressiyadan çıxa bilmədi…  

Hazırda hakimiyyətin Rüstəm Ibrahimbəyov xofu da bu amillə bağlıdır. Xalq kütlələri üçün sərbəst seçim, ölkənin taleyi üçün məsuliyyət daşıma imkanının məhz Rüstəm Ibrahimbəyovun namizədliyi sayəsində mümkün olması və hadisələrin sonrakı gedişi iqtidara yaxşı heç nə vəd etmir.

Paralel olaraq, iqtidarın bu günədək kütlələrin beyninə yeritdiyi, “beynəlxalq qüvvələr bizi dəstəkləyir” təbliğatı tam olaraq iflasa uğramaqdadır. Qərbin seçkilərə müşahidə missiyası göndərməyə “tələsməməsi”, məhz iqtidarın Rüstəm Ibrahimbəyova olan münasibəti ilə bağlıdır. Cəmi iki ay ərzində Rüstəm Ibrahimbəyov iqtidarı beynəlxalq aləmdə sözün əsl mənasında tərksilah etməyə nail oldu. Istər ABŞ konqresindəki dinləmələr, istərsə də Avropa Parlamentinin seçkiləri müşahidə ilə bağlı mövqeyi buna əyani sübutdur. 

Əslində beynəlxalq aləmi ittiham edən iqtidar onları seçkiyə müdaxilə etməkdə yox.., etməməkdə günahlandırır. Xalqla baş-başa qalmaq bu qədərmi təhlükəlidir?

Son 20 ilin bütün seçki saxtakarlıqlarını ört-basdır edən Qərb və Rusiyanın bu dəfə bitərəf mövqe sərgiləməsi, əslində iqtidarı çox çətin vəziyyətə salır. Iqtidarın beynəlxalq dəstəkdən məhrum olması, ilk növbədə hakimiyyət daxilində parçalanma deməkdir. Bura Ilham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməsinin beynəlxalq hüquq normalarına zidd olması da xüsusi rəng qatır. 

Belə bir şəraitdə, iqtidarın Rüstəm Ibrahimbəyovun iştirak edəcəyi seçkiləri saxtalaşdırmağa nail ola biləcəyi belə sual altındadır.

Çünki iqtidar ilk dəfə olaraq beynəlxalq dairələrin xeyir-dua vermədiyi seçkilərə gedir və aydın məsələdir ki, “qurunun oduna yanmaq” istəməyənlərin sayı artacaq…

Diqqətlə fikir versəniz, görəcəksiniz ki, iqtidar artıq özünü müxalifət kimi hiss edir… 

Əli Həsənovun təbirincə desək, artıq “iqtidar bir sabah olmadığını” anlamağa başlayıb…