ACP və Müsavat qarşıdurması etirazla qarşılandı

Zəfər Quliyev: «Demokratik qüvvələrin daxilində bu cür münasibətlər, münaqişələr, qarşılıqlı ittihamlar əslində ümumi işin zərərinədir»

Rəşid Hacılı: «Milli Şurada və ümumiyyətlə, siyasi məkanda hər hansı müzakirələrin konstruktiv tonda olması lazımdır»

 Son zamanlar Milli Şuraya daxil olan iki partiya ACP və Müsavat arasında qarşılıqlı ittihamlar dərinləşməkdədir. Partiya rəhbərlikləri səviyyəsində verilən açıqlamaların olduqca sərt olması cəmiyyət tərəfindən birmənalı qiymətləndirilmir. Demokratik qüvvələrin bir araya gəlməsi ilə başlanan bir prosesə sözün əsl mənasında kölgə salır. Baş verənlərə Milli Şura üzvlərinin mövqeyini öyrəndik.   

Milli Şuranın üzvü Zəfər Quliyev hesab edir ki, baş verənlər seçkiyə hazırlıq prosesindən diqqəti yayındırır ki, bu da ziyanlı tendensiyadır. Ona görə, Z.Quliyevin fikrincə, qarşılıqlı ittihamlar səsləndirən partiyaların rəhbərləri bu addımlarına son qoymalı və daha çox seçkiyə hesablanan addımlar atmalıdırlar. Çünki bu cür ittihamlar hakimiyyət düşərgəsinin əlinə müxalifətə qarşı kampaniya aparması üçün bəhanə verir: “Təkcə seçkiqabağı vəziyyət deyil, eyni zamanda Milli Şurada baş verənlər tələb edir ki, demokratik qüvvələr bu cür münasibətlərdən çəkinsinlər. Əsas aparıcı mövqedə duran demokratik qüvvələrin daxilində bu cür münasibətlər, münaqişələr, qarşılıqlı ittihamlar əslində ümumi işin zərərinədir. Siyasi oponentlərimiz də bu baş verənlərdən bizə qarşı məharətlə istifadə edə bilərlər. Cəmiyyətin özündə də bu proseslər çaşqınlıq yaradır. Xüsusilə də bu mərhələdə. Biz uzun sürən danışıqlardan sonra demokratik qüvvələrin ümumi birliyinə nail olduq. Demokratik qüvvələr Milli Şuranı nəinki yaradaraq birləşə bildilər, eyni zamanda bir çox prinsipial məsələlərdə razılığa gəldilər. Vahid namizəd məsləində də birlik nümayiş etdirildi. Seçkilərə az müddət qalıb. Ona görə belə bir vəziyyətdə Milli Şuradakı partiyalar arasındakı qarşıdurma həm Milli Şuradakı birliyə təhlükə yarada bilər. Bu baxımdan partiya liderlərinə müraciət etmək istərdim ki, bütün bu məsələlərin müzakirəsini ertələsinlər. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, ortalıqda ciddi mubahisə predmeti də yoxdur. Bütün narazılıqların müzakirəsini sonraya saxlamaq lazımdır. Əsas məsələ seçkiyə hazırlığa yönəldilməlidir”.

Milli Şuranın üzvü Rəşid Hacılı da hesab edir ki, cəmiyyətdə çaşqınlığa səbəb ola biləcəck və ümumiyyətlə, təşkilatın nüfuzuna xələl gətirə biləcək addımlardan yayınmaq lazımdır. Milli Şurada konstruktiv müzakirələrin ümumi işə xeyir gətirə biləcəyini deyən R.Hacılı baş verənlərdə siyasi partiya rəhbərləri nüfuz artıran addımlar atmalıdırlar: “Mən Milli Şuranı monolit beton bir struktur kimi təsəvvür etmirəm. Bu tip təşkilatlarda çox sərt partiya qaydalarına uyğun müzakirələrin aparılması çətindir. Müəyyən şəxslər bir-birinin fikri ilə razılaşmaması ola bilər. Hətta ola bilər ki, keçmiş incikliklər yada düşsün. Bütün bunların qısa müddət ərzində qalxacağını gözləmək sadəlöhvlük olardı. Amma bütün hallarda Milli Şurada və ümumiyyətlə, siyasi məkanda hər hansı müzakirələrin konstruktiv tonda olması lazımdır. Bu müzakirələr ümumi işin faydasına olsun və həmin liderlərər, siyaətçilərər hörmət gətirsin. Bu baxımdan biz partnyorlarımızın daha nüfuzlu bir-birilə konstruktiv dialoq şəklində olmasını istəyirik. Biz hamımız çalışmalıyıq ki, bunu birlikdə təşkil edək və ciddi qarşıdurma baş verməsin”.

Xəyal