Nə baş vermir?

Dünən I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Nəticələrin nə qədər acınacaqlı olduğunu isə minimal balın 250-dən 150-yə endirilməsi təsdiqləyir.

***

Əslində artıq ölkədəki kütləvi savadsızlaşdırma haqqında yazmaq da darıxdırıcı, yorucu bir şeyə çevrilib. Yazmaqdan əl, söyləməkdən dil qabara çevrilib. Nə qədər yazasan, deyəsən axı? 

Yaptokratiyanın ölkəni niyə cəhalətin dibsiz qaranlığına gömdüklərini ağlı başında olan hər kəs anlayır. Savadsızlıq bu cür geriçi, çağdışı sistemlərin ayaqda qalmaq, var olmaq səbəblərindən biridir. 

Belə olmasaydı, bu gün təhsilin acı durumunu, savadsızlığın miqyasını qəbul planını doldurmaq adına minimal balı aşağı çəkməklə ört-basdır etmək istəyənlər ölkənin aydınlıq üzü olan, bilgili, yüksək təhsilli gəncləri dəmir barmaqlıqlar ardına göndərməzdilər. Gəlin xatırlayaq:  

Həbs olunmuş N!DA-çılardan Zaur Qurbanlı 665 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 

Rəşadət Axundov Azərbaycan Dövlət Iqtisad Universitetini bitirib. 2006-cı ildə Macarıstanda yerləşən məşhur Mərkəzi Avropa Universitetinə qəbul edilib. 

Üzeyir Məmmədli Bakı Dövlət Universitetinin hüquq fakültəsinə 642 balla qəbul olunub. 

Rəşad Həsənov Universitet təhsilini Türkiyənin məşhur Orta Doğu Teknik Universitetində (ODTÜ) alıb. 

Məmməd Əziz isə 500-dən çox balla Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya fakültəsinə daxil olmuşdu.

Onlar indi heç bir cinayət əməlləri olmadıqları halda həbsə məhkum ediliblər. Tək suçları bu çağdışı rejimdən fərqli düşünmələridir. Onu Azərbaycanın gələcəyi üçün təhlükə kimi görmələridir. Öz biliklərindən, intellektlərindən yola çıxaraq 21-ci əsrdə bir ölkənin və bir millətin saxtakarlıqla, yalanla, yaltaqlıqla, talançılıqla, polis dubinkası ilə idarə olunmasını sinəyə çəkə bilməmələridir. 

Əslində onların timsalında həbs edilən həm də bilgidir. Savaddır. Çağdaş dünyagörüşdür. Uyğarlıqdır. 

Bunun əvəzinə isə ölkədə təhsilin səviyyəsinin günbəgün aşağı düşdüyünü görürük. 

Toplumun daha sürətlə cahilləşdirildiyini, ölkənin daha sürətlə qaranlıqlaşdırıldığını görürük.

Yaşananlar təsadüfi deyil. Hər şey sistem tərəfindən çox dəqiq planlanıb və proqramlaşdırılıb:

sonuncu fərdinədək hər kəsin qafası ilə deyil, qarnı ilə düşündüyü bir toplum yaratmaq. O toplumun sayəsində qurdla qiyamətəcən hökmdarlıq etmək.

Daha “Nə baş verir” sualı da artıqdır.

Baxın görün, nə baş vermir, nələr baş vermir ki?!

Əkrəm Əylisli düzmü dedi?

Əkrəm Əylisli “Azadlıq” radiosuna yeni müsahibə verib.

Orada qalmaqallı romanından danışarkən bir yazıçı kimi cəmiyyət tərəfindən düzgün anlaşılmamasından gileylənib.

Sonra da fikirlərini nümunələrlə göstərmək istəyib: “Dünyanı titrədən, şah əsərlər sırasında gedən ”Anna Karenina” haqda yazırdılar ki, Tolstoy qocalıb, ağlını itirib, primitiv əsər yazıb. Rus xalqının böyük tənqidçisi Belinski “Idiot” haqda yazmışdı: “Nerviçeskaya çepuxa”. 

Mənim qafama takılan sonuncu cümlə oldu.

Dostoyevski “Idiot”u 1868-ci ildə yazmışdı.

Belinski isə bundan düz 20 il əvvəl dünyasını dəyişmişdi – 1848-ci ildə.

Belədə o, “Idiot” romanı haqqında hər hansı fikri necə səsləndirə bilərdi? Lap elə onu “Nerviçeskaya çepuxa” – “əsəbi cəfəngiyyat” necə adlandıra bilərdi?

Qəribədir ki, Əkrəm bəydən xeyli əvvəl gənc yazarlardan biri öz yazısında Belinskinin bu sözləri “Cinayət və cəza” romanı haqqında söylədiyini iddia edirdi. 

Oysa Dostoyevskinin həmin romanı da Belinskinin ölümündən çox sonra, səhv etmirəmsə, 1866-cı ildə yazılıb.

Bəs həqiqət necədir?

Belinskinin “əsəbi cəfəngiyyat” sözləri həqiqətən Dostoyevskinin qələmindən çıxan əsərlərdən biri haqqında deyilib. Amma o əsər nə “Idiot”durr, nə də “Cinayət və cəza”.

Həmin əsər “Oxşar” (“Dvoynik”) hekayəsidir. Bu hekayə Belinskinin ölümündən iki il əvvəl yazılıb. 

Hekayə haqqında o vaxt tənqidçilərdən heç biri xoş söz söyləmədi, onu yorucu, sıxıcı adlandırırdılar.

Baltanı isə kökündən Belinski vurdu, “Oxşar”ı “əsəbi cəfəngiyyat” kimi şərh etdi.