Arif Hacılıdan Rəsul Quliyevə ağır sözlər; ACP-dən cavab

“Bizim gücümüz hər cür həşaratla birgəliyimizdə deyil…”

“Arif Hacılı demokrat cildinə girmiş parazitdir”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, parlamentin keçmiş spikeri Rəsul Quliyev barədə açıqlama yayıb. “Democrat.az” saytında dərc olunan açıqlamada deyilir:

“1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu ilk növbədə cinayət qanunvericiliyi, eyni zamanda siyasi konyuktura baxımından real idi. Rəsul Quliyev o dövrün termini ilə desək ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. Saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu. O dövrün ən populyar qəzeti olan “Müxalifət” qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə “Qarət” başlıqlı silsilə yazılar dərc olunmuşdu.
MTN nazirinin 1- ci müavini Sülhəddin Əkbər prezident aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi.
“Rəsul Quliyev elə adamdır ki. onunla ya işləmək ya da onu öldürmək lazımdır” kimi mənasız konsepsiyanın yiyələri bütün bunlara baxmayaraq, onu əvvəlcə neft şirkətinin, sonra isə hökumətin ikinci adamı postuna gətirdilər ki, bu da Elçibəy hökuməıtinin süqutunda həlledici rol oynadı. Sonralar bəlli oldu ki, Rəsul Quliyev ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətə minnətdar olmamış, baş nazirin 1-ci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan OMON birləşməsinin bir polkunu Bakıda “YUJNIY” mehmanxanasında yerləşdirərək,çevriliş planının əsasını qoymuşdu.
Acı həqiqətdir ki, 2003 -cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçısı olmaq, 2005 də isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahıb oldu. 2005 ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki,nəticələri hələ də davam edir. Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır.
Rəsul Quliyev Heydər Əliyevi Mütəllibova, Mütəllibovu Elçibəyə, Elçibəyi yenidən Heydər Əliyevə, Heydər Əliyevi İsa Qəmbərə, İsa Qəmbəri Allah bilir kimə satmış bir buqələmundur.
Əslində heç olmasa 2005 hoqqalarından sonra onu durdurmaq zamanı idi. Təəsüf ki, bəzi dostlarımız öz siyasi maraqlarını düzgün qiymətləndirə bilmədiklərindən buna imkan vermədilər. 2008-ci ildə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edən, seçkidən sonra onu ilk olaraq təbrik edən ACP və onun liderini yenidən ortaya gətirdilər. Yenidən Rasul Quliyevə müxalifətçi mandatı verdik. Gözlənildiyi kimi əlinə verdiyimiz oxla birinci bizi nişan aldı.
Biz Müsavatçı, Rəsulzadə Elçibəy yolunun yolçuları olaraq bu tip adamlarla birlikdə yox onlardan ayrı, onlara qarşı olanda güclüyük. Bizim gücümüz hər cür həşaratla birgəliyimizdə deyil, əqidəmizdə dönməzliyimizdə, ləyaqətimizdədir!”.

Arif Hacılının ittihamlarına Rəsul Quliyevin lideri olduğu ACP-dən cavab gəlib. Partiyanın sədri Sülhəddin Əkbər “Qafqazinfo”ya deyib ki, belə intriqalarda iştirak etmək niyyətində deyil. “Azərbaycan cəmiyyətini artıq bu kiflənmiş intriqalar maraqlandırmır. Bu insanlar yığışaraq Milli Şuranı yaradıblar. Onun vahid namizədini müəyyənləşdiriblər. Görək, bunlar həmin vahid namizədin üstündə duracaqlarmı? Əsas olan bu suala cavab veməkdir”, – deyə o bildirib.

“2003-cü ildə Müsavat Partiyası və onun başqanı Rəsul Quliyevə prezidentlik səlahiyyətlərini bölüşdürmək şərti ilə yüksək statusda baş nazirlik postunu təklif edirdi. Rəsul Quliyevin iqtisadi cinayətləri onda yada düşmürdü, indi yada düşür? 2005-ci ildə Rəsul Quliyevin Azərbaycana dönmə məqamında Arif Hacılı da, Müsavat başqanı da xalqı Rəsul Quliyevi qarşılamağa dəvət edirdi. İndi nə dəyişdi? Rəsul Quliyev 2003-də, 2005-də bu cinayətləri etməmişdi, bundan sonra edib?”.
Bunu isə APA-ya Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu deyib. O, Milli Şurasının yarandığı bir dövrdə Arif Hacılının ittihamlar irəli sürməsini onun sifariş yerinə yetirməsi ilə əlaqələndirib: “Bu cür ittihamlar göstərir ki, Arif Hacılı demokrat deyil. Rəsul Quliyev heç bir təhqirə yol vermədən, öz tənqidi fikirlərini bildirib. Tənqidi fikirlərə, tənqidlə yox, təhqirlə cavab vermək, avtoritar düşüncə tərzinin məhsuludur. Bu, Arif Hacılının demokrat cildinə girmiş bir avtoritar olduğunu sübut edir. Rəsul Quliyev deyib ki, Milli Şuranın bir namizədi var və bu da Rüstəm İbrahimbəyovdur. Əlavə namizədə ehtiyac yoxdur”.
Onun sözlərinə görə, Arif Hacılının Rəsul Quliyevi AXC hökumətinin devrilməsində roluna dair səsləndirdiyi ittiham da əsassızdır: “Xalq Cəbhəsinin devrilməsi Arif Hacılı kimi demokrat cildinə girmiş avtoritar düşüncə tərzinə malik parazitlərin fəaliyyəti nəticəsində olub”.