Paytaxtda maşınların dövlət nömrə nişanlarını oğurlayan xüsusi dəstə peyda olub
Artıq bir neçə gündür ki, vətəndaşlar redaksiyamıza müraciət edərək Bakıda nömrə oğrularının peyda olduğunu iddia edirlər. Onların sözlərinə görə, son bir neçə həftədə xeyli şəxsə məxsus avtomobilin dövlət nömrə nişanı oğurlanır.
Dünən də Bakı sakini Şərqiyyə xanım redaksiyamızla əlaqə saxlayıb. “Mən xeyli sayda adam tanıyıram ki, avtomobilinin nömrəsi oğurlanıb. Bir neçə həftədir ki, bu proses baş verib. Heç kim anlamır ki, nə baş verir. Axı nömrə kimin nəyinə lazımdır? Tutaq ki, kimsə bu nömrədən istifadə etmək istəyir. Amma bu qədər nömrəni nə edir? Həm də axı bunu oğurlayan bilmir ki, istifadə etsə dərhal tapılacaq? Biz hesab edirik ki, burada nəsə bir sirr var. Məncə bununla xüsusi dəstə məşğul olur. Bu bir-iki nəfərin işi ola bilməz. Amma hansı məqsədlə edilir, bu barədə heç nə deyə bilmərəm”, – deyə Şərqiyyə xanım bildirib.
Məsələ ilə bağlı Dövlət Yol Polisi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev vətəndaşların nömrə itkisi ilə bağlı quruma müraciət etdiklərini bildirdi: “Lakin bu siz deyən kimi kütləvi şəkildə olmayıb. Son günlər bir-iki nəfər müraciət edib”.
Kamran Əliyev onu da bildirib ki, avtomobilin itmiş və ya oğurlanmış dövlət nömrə nişanı tapılmırsa, o başqa nömrə ilə əvəzlənir: “Nömrə yalnız tapılanda sahibinə verilir. Tapılmasa başqa nömrə ilə əvəzlənir. Dövlət nömrə nişanlarının oğurlanması heç bir halda başadüşülən deyil. Amma hər halda bu məsələ araşdıralacaq”.
İnformasiya şöbəsi


