aliyev-putin

Kreml Əliyevə mesaj göndərdi

Azərbaycan hakimiyyəti «iki od arasında» olmayan yolu axtarır

Kremlə xüsusi yaxınlığı ilə seçilən politoloq, professor Aleksandr Duqinin müsahibəsi hələ də gündəmdədir. Vesti.az saytında yayımlanan müsahibədə o, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana ehtimal olunan səfəri və bu səfər zamanı Azərbaycan hakimiyyətinə qoyacağı şərtlər, rəsmi Bakının atmalı olduğu addımlardan danışıb.
Biz ilk növbədə belə bir müsahibənin niyə ortaya çıxmasının səbəbləri və Azərbaycan mediasına rusiyalı tanınmışın hansı səbəbdən belə sərt müsahibə verdiyini aydınlaşdırmağa çalışaq.

“Buz dövrü” eyhamı

“Hazırda Rusiya-Azərbaycan münasibətləri özünün çətin dövrünü yaşayır və buna görə daha çox diqqətli yanaşmanı tələb edir. Azərbaycanın mövqeyi nəzərəçarpacaq dərəcədə dəyişməlidir”.
Bu fikirlər onun müsahibəsinin ilk cümlələridir. Duqin bu müsahibədə yalnız qorxutmaq məqsədi güdür. Hədələrinin arxasında hansı real addımların və ya gücün dayandığını demək çətin olsa da, onun Kremlə bağlı olduğunu iddia edənlər daha çoxdur. Başqa bir məqsəd isə Azərbaycandakı ictimai rəyi yoxlamaqdır. Onlar öyrənmək istəyirlər ki, görək, Putin bu cür kardinal dəyişiklik tələbləri və şərtləri ilə Bakıya gəlmək istəsə, ona necə reaksiya olacaq? Bu həm də rəsmi Bakıya “Putin yalnız bu şərtlərlə Bakıya gələr” mesajıdır.
Azərbaycan hakimiyyəti isə hələ də susur. Görünür ki, məsələyə münasibət bildirməkdə çətinlik çəkirlər. Onlar Putinin ABŞ-Avropa Birliyi və Israildən imtina təklifləri ilə Bakıya gəlişinə necə reaksiya verə bilərlər ki? Bu cür mövzularda zarafat etmək belə, xeyli ehtiyatlı olmağı tələb edir. Buna baxmayaraq, sərt seçimlər mesajı verilərkən Duqin “dost”, “qardaş” kimi sözləri də ara-sıra xatırlatmaqla demək istəyir ki, vəziyyət çətindir, amma istəsəniz, düzələ bilər.

Düzələ bilərmi?

Bu, tarixin çox nadir yekun dövrlərindən biridir. Söhbət ondan gedir ki, indi Ilham Əliyevi tabe etdirmək üçün ona təzyiqlər edən Rusiyanın öz daxili qazancının böyük bir hissəsi Qərbdə ofşor zonalardadır. Bu isə o deməkdir ki, offşorda böyük hesabları olan Ilham Əliyev öz sərvətlərini riskə ata bilməz. Yəni, Rusiyanın şərtləri ağırdır, amma seçimin yaratdığı vəziyyət ondan da ağırdır. Yəni, Azərbaycan hakimiyyətinin indiki məqamda Kremllə dil tapması  mümkün görünmür.

Psixoloji ifşa

Müsahibdə Duqin felin vacib şəklini su kimi istifadə edib. “Malıdır”, “məlidir” qrammatik hissəcikləri demək olar ki, müsahibədə əksər cümlələrin sonunda gəlir. Bu isə o deməkdir ki, Rusiya Azərbaycan hakimiyyəti ilə bu cür danışmağı rəva bilir. Bunun psixoloji portreti isə sadəcə, gərginlik göstərir. Rusiya daxili resursları haqqında əfsanəvi fikirlərdə olan, imperialist düşüncədən əl çəkə bilmədiyi üçün parçalanmaq taleyi yaşayan bir toplumdur. Bununla belə, yaxın ətrafındakı sistemlər üçün hələ də təhlükə mənbəyi olaraq qalır. Duqin isə açıq şəkildə demək istəyir ki, sizə Kremldə çox qəzəblidilər. Amma o unudur ki, Kojeni məhkəməsi ABŞ-da davam edir…

Seymur Həzi