Kişinin anası…

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın yeniyetmə oğluna gələn hədə-qorxunun məzmununda bütün başqa hədə-qorxulardakından fərqli heç nə yoxdu. Əqrəb bütün hallarda əqrəb olaraq qaldığı kimi, rejim də öz xislətinə sadiqdi. Dili olanları hansı və nə qədər murdar yolla olur-olsun susdurmaq! Əvvəllər gizli videolarla, o olmayanda şəxsin özünə bir-başa təhdidlərlə, oğurlamaqla, döyməklə, tutmaqla təsir etməyə, susdurmağa çalışırdılarsa, sonradan metodu dəyişdilər. Çünki bu yollarla hər kəsi susdurmaq olmur. Əyninə kəfənini geyən, həqiqəti şirin canından üstün bilən dəlilər var.

Ona görə də övladlara keçdilər. Valideynin ən zəif yerinə. Lakin bunu da rejimin xislətinə tam uyğunluğunu nəzərə alıb, təbii qəbul edirik. Nöyütü öz dini-imanı-əxlaqı hesab edənlərin nöyütdən qara işlər görməsindən təbii nə ola bilər…

Aydın məsələdi ki, Mətanət xanımın övladına hansısa xuliqanlar, yol kəsənlər, quldurlar hədə gəlməyib. Bu, bir başa hakimiyyətin sifarişidi. Deyək ki, bir nəşəxorun, bir iynə vuranın, ya bomjun nəyinə lazımdı ki, hüquq müdafiəçisini susdura? Bu adamlar çox səliqəli geyinirlər, qalstuk taxırlar, üzlərini tər-təmiz qırxırlar, altlarında ən bahalı maşınlardan olur, qara pərdələri də yerində. Onlar tapşırıq alır, kimisə təhdid edir, qorxudur, sonra gedib başqa işlərlə məşğul olurlar. Ancaq görünür, ya bu dəfə təlimatı doğru-dürüst verməyiblər, ya da qəsdən elə veriblər ki, hədə qorxunun məzmunu təkcə Mətanət xanıma, onun anası Mirvari xanıma yox, bütün işgüzar, ictimai aktiv olan qadınlara aid olsun. Mən nə üçünsə bu “qəsdən” versiyasına daha çox inanıram. Çünki klanlararası savaş bunu deməyə imkan verir. 

Adamlar uşağa deyib ki, kişinin anası polis idarələrini gəzməz və qəzetlərdə şəkilləri çıxmaz. Guya bununla beyni qan olan yeniyetməyə psixi-mental təsir göstərməyə, onun “namus-qiryət” damarına basmaq istəyiblər. Məhz qiryət! Qeyrət ayrı seydi. Çünki qeyrət həmişə haqqın tərəfində olar. Çünki qeyrət bir gəncin qarşısını kəsib hədə-qorxu gəlməz. Qeyrət şərə qarşı olar. Qeyrət korrupsiyaya, rüşvətə, köləliyə qarşı olar. Qeyrət güclünün yox, zəifin tərəfini tutar. Qeyrət ana-bacıya xox gəlməz, ana bacını qanadı altına alar. Bəli, məhz “qiryət”. Bu millət qeyrəti də, “qiryət”i də yaxşı bilir.

Indi baxın. Bu sözü deyənlər nəyə nail olmaq istəyir? Məgər bu ölkədə şəkli qəzetlərdən düşməyən, dövlət idarələrini, bütün dünyanı gəzən təkcə iki ana varmı? Mirvari və Mətanət xanımlar? Ölkə başçısının xanımı dünyanı gəzmirmi, şəkilləri qəzetlərdə getmirmi? Ictimai işlə məşğul olmurmu? Bu dedikləri ilə onlar eyni zamanda dövlət başçısının xanımını da təhqir etdiklərini düşünmürlərmi? Yoxsa onların düşüncə aparatı yerli-dibli yoxdu? Bəlkə onlara təlimat verənlər qəsdən bu sözü demələrini əmr ediblər və düşüncə aparatı olmayanlar da kor-koranə bu əmri icra ediblər?

Bəs dünyanı dolaşmaqdan dəmir çarıqları yırtılmış xanım deputatlar? Xanım ombudsman? Xanım yazarlar, jurnalistlər, ictimailəşmiş xanım məmurlar? Onlar, Mətanət xanımın oğluna hədə-qorxunu bir yana qoyaq (bu mövzuda ağızlarını aça bilməzlər, aydındı), bəs bu təhqirə nə deyirlər? Eyni sözdən onlara da pay çatmırmı? Onlar da ana deyilmi? Yoxsa “qiryət” anlayışı yalnız hakimiyyətin şər əməllərinə qarşı barışmaz mövqe tutan qadınlara aid edilib, xəbərimiz yoxdu? 

Beləliklə, mən bunu qəsdən deyilmiş söz hesab eləyirəm. Və güman eləyirəm ki, bu sözü dilinə gətirənləri məhz, sözün bir ucunun özlərinə toxunduğunu anlayan xanımlar cəzalandıracaq, dərslərini verəcəklər. Hətta Iranda qadınlar haqda bu tonda düşünmür, onlara eyni məzmunlu “qiryət” çamuru atmırlar. Nə isə, söz xanımlarındı.