Səmənisiz Novruz bayramı olmaz, amma azadlıqlarsız jurnalist bayramı olar?

Öncə dünənki yazımda xırda bir hesab xətası var, onu düzəldim. Mən Cəfər Cabbarlının 1923-cü ildə ilk dəfə həbs edilərkən bir ay məhbəsdə yatdığını yazmışdım. Məgər ustad yazıçının ilk məhbəs həyatı iki ayadək çəkibmiş. Bu xətanı diqqətə çatdıran sadiq oxucum Yunus müəllimə təşəkkürlər!

***

Gələk bu günə – bu gün Milli Mətbuat günüdür, guya jurnalistlərin bayramıdır. Niyə “guya”? Təsəvvür edin ki, səmənisiz, paxlavasız, şəkərburasız, Keçəlsiz, Kosasız Novruz bayramı qeyd edirsiniz? Ya da Yeni il bayramıdır, amma nə yolka var, nə Şaxta baba, nə Qar qız. Hər bayramın öz akssesuarları, simvolları var, yəni. Onlar olmadan hansı bayram ovqatı, nə bayram sevinci ola bilər? Eyni məntiqlə əgər bu gün ölkədə söz azadlığı yoxdursa…

Azad sözü ayaqda tutmağa çalışanların təhlükəsizliyinə təminat yoxdursa…

Azərbaycanın bir kəndində belə, qəzet köşkü yoxdursa, biz hansı jurnalist bayramından danışırıq?

Hələ də Elmar Hüseynovun həmkarları həbsdədir, amma qatilləri, qətlinin sifarişçiləri azadlıqdadırsa, necə sevinək? Nəyə sevinək? Hansı günümüzə sevinək?

Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaradanda adı təsadüfi seçməmişdi. Bu, yalnız insanları əkin-biçin işlərində maarifləndirmək məqsədindən irəli gəlmirdi. Həsən bəy toplumun şüuruna qabaqcıl dəyərləri əkmək niyyəti ilə yola çıxmışdı, “Əkinçi” adını həm də bu mənada düşünmüşdü.

Amma nə yazıq ki, Zərdabinin əsasını qoyduğu milli mətbuat kiçik istisnalarla toplumun beyninə geriçi, çağdışı dəyərləri – dəyərsizlikləri əkməklə məşğuldur, yalan, yaltaqlıq əkməklə məşğuldur, köləlik, barışqanlıq, cəhalət toxumları əkməklə məşğuldur. Bunun bəhrəsinə görənlər isə hazırda onu mükafatsız qoymur – paylanan evlər, fəxri adlar, maddi yardımlarla çıxır borcundan.

Ölkədə tənqidçi söz, azad söz artıq kiçicik adalar şəklində qalıb, ayrı-ayrı fərdlərin fədakarlığı, cəsarəti, qorxmazlığı sayəsində hələ də jurnalistikanın namusunu qorumaq mümkün olub. Inanıram ki, tarix onların bu xidmətini unutmayacaq. Gələcək nəsillər onları minnətdarlıqla anacaq.  

Və ona da inanıram ki, bizim Azərbaycanda bu günü, jurnalist bayramını öz “səmənisi, şəkərburası” – söz, fikir, ifadə azadlıqları ilə, saqqız, kontur, dondurma deyil, qəzetlərin satıldığı qəzet köşkləri ilə bərabər qeyd edəcəyimiz gün heç də uzaqda deyil. 

***

Bu gün həm də Azərbaycanın dəyərli aydınlarından biri – şair və publisist Akif Səmədin doğum günüdür.

Zarafatla deyərdi (və hətta bir çoxlarını inandırmışdı!) ki, 22 iyulu məhz o həmin gün doğulduğu üçün mətbuat günü elan ediblər.   

Akif bəy artıq 9 ildir aramızda deyil. 

Yaşasaydı, indi 54 yaşını qeyd edəcəkdik.

Akif Səmədin Azərbaycanda baş verən hər şeylə bağlı münasibəti vardı. Ən önəmli olan odur ki, bu ləyaqətli münasibət idi. Vicdanlı münasibət idi. 

Məsələn, çox dəyər verdiyi bir sənətkarın YAP-a üzv olduğunu eşidəndə acıqlı bir bəyanatla Müsavata keçmişdi. 

Ya da adı prezident təqaüdçüləri siyahısına salınanda ondan “təşəkkür nitqi” umanlara belə cavab vermişdi: “Az qala hərəmizə bir neft buruğunun düşdüyü ölkədə bizə verilən bir təqaüddürsə, nəyə görə təşəkkür etməliyəm?”

Mənim onda yüksək qiymətləndirdiyim keyfiyyətlərin başında müzakirələri, polemikaları sevməsi gəlirdi. 

Bütün varlığı ilə durğunluğa, səssizliyə, “sabitliyə” qarşı idi. 

Fikir dartışmaları yaratmaqdan, mübahisələr açmaqdan xoşlanırdı.

Bir çox məsələlərə baxışlarımızda hər nə qədər fərqlər olsa da, sonda bir nöqtədə birləşirdik: toxunulmaz heç kim və heç nə yoxdur. Yüksəlişin və tərəqqinin tək yolu fikir ayrılıqları, düşüncə müxtəliflikləridir, fərqli baxışların toqquşmalarıdır, diskussiyalardır, polemikalardır.

Və əminəm ki, bu gün Azərbaycan mətbuatının get-gedə daha çox bozlaşmasından, durğunlaşmasından, yalan və yaltaqlıq tribunasına çevrilməsindən narahat olan ruhlardan biri də Akif Səmədin ruhudur.

Qəbrin nurla dolsun, ustad!

Çox keçməz, sənin narahat ruhun da sevinər.