“Müsavat partiyası liderinin dağıdıcı siyasətinə yox deyə bilmirsə, məsuliyyəti onunla birlikdə daşıyır”
Gülağa Aslanlı: “Yaxşı olar ki, bu cür ifadələr işlətməklə Açıq Cəmiyyət Partiyasını ağır duruma salmasın”
ACP lideri Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbərin ünvanına ağır ittihamlar səsləndirib. O, Müsavat başqanını dağıdıcılıqda ittiham edib və prezidentliyə layiq saymadığını deyib.
Eks-spiker bu barədə “Azforum”un suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın gələcəyi uğrunda gedəcək mübarizədə Milli Şura adı altında birləşməkdən söhbət gedirsə, burada İsa Qəmbər şəxsiyyətini müzakirə etmək düzgün deyil: “Onun Azərbaycanın gələcəyinin formalaşmasında nə rolu ola bilər, məndən soruşsanız ancaq neqativ cavabını verərəm. Çünki insanda konkret bu xalq üçün nə istəyir fikri formalaşmayıb”.
R.Quliyev bildirib ki, İ.Qəmbərin prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb: “Söhbət burada ondan yox, Müsavat partiyasından gedir. Milli Şura yaradanda Müsavat partiyasını kənarda saxlamaq düzgün deyildi. İndi əgər İsa Qəmbər səhv hərəkətlərə yol verirsə, məsuliyyət Müsavat partiyasınındır, onun yox. Müsavat partiyası liderinin dağıdıcı siyasətinə yox deyə bilmirsə məsuliyyəti onunla birlikdə daşıyır, bu aksiomadır”.
Eks-spikerin ittihamlarına Müsavat Partiyasından cavab verilib. Partiya başqanının müavini Gülağa Aslanlı “Yeni Müsavat”a bunları deyib: “Rəsul Quliyev uzun illərdir Amerika kimi azad cəmiyyətdə yaşamasına baxmayaraq, hələ də demokratik düşüncəyə sahib olmayıb. Onun müxalifət qüvvələri haqda yanlış fikirlər söylədiyi, konsensus qəbul etmək təsəvvürləri olmadığı göz qabağındadır. Bu da Rəsul Quliyevin siyasi savadının dərəcəsini göstərir.
Cəmiyyət İsa Qəmbərin və Müsavatın qiymətini verib. Müsavat Partiyası 1995 və 2000-ci illərdə, ümumiyyətlə həm blok, həm ayrılıqda seçkidə iştirak edərək xalq tərəfindən səsini alıb. Xalq İsa Qəmbərin və Müsavatın qiymətini verib. Rəsul Quliyevin də qiymətini elə xalq verib. Yaxşı olar ki, bu cür ifadələr işlətməklə Açıq Cəmiyyət Partiyasını ağır duruma salmasın”.