Qanunsuz tikililər məmurları üz-üzə qoyub

Rövnəq Abdullayev Hacıbala Abutalıbovu məhkəməyə verib

Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxt rayonlarının icra başçılarının iştirakı ilə iki həftə keçirdiyi toplantı ilə bağlı yeni məlumatlar əldə etmişik. Əvvəlcə xatırladaq ki, meriyada keçirilən həmin qəfil toplantıda Bakı şəhəri ərazisindəki sənədsiz evlərin məsələsi müzakirə olunub.   
Toplantıda mübahisə düşüb. Icra başçılarından bəziləri sənədsiz evləri qanunsuz tikililər adlandıraraq, onların sökülməsini təklif edib, digərləri bunun əleyhinə çıxaraq seçkiqabağı dövrdə belə bir addım atmağı yolverilməz sayıb.
Ümumiyyətlə iclasda sözügedən tikililərilə bağlı yekdil rəyə gəlinməyib.
Məlumata görə, meriyada bu məsələyə baxan müvafiq komissiya sənədsiz evlərin siyahısını tutsa da, onu hələ Nazirlər Kabinetinə verməyi məqsədəuyğun saymayıblar. Siyahıda Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz evin olduğu bildirilir.
Indisə keçək yeni məlumatlara. Həmin məlumatlarda bildirilir ki, bu toplantının çağırılmasına səbəb Azərbaycan Dövlət Neft Şirkətinin qanunsuz tikililərlə bağlı məhkəmə iddiaları olub. Məlumat üçün deyək ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi qurumun balansında olan ərazilərdəki tikililərin sökülməsində israrlıdır. Rövnəq Abdullayev ARDNŞ-in rəhbərliyinə gələndən bu məsələni gündəmə gətirib. O, bununla bağlı məhkəməyə müraciət edib. minlərlə vətəndaş məhkəməyə verilib. Məlumatlara görə, məhkəmə prosesləri zamanı bələdiyyə sədrləri və icra başçıları ilə bağlı dəhşətli faktlar üzə çıxıb. Vətəndaşlar bu evləri özbaşına tikmədiklərini bunun üçün bələdiyyə və icra hakimiyyətlərindən müəyyən şərtlər müqabilində razılıq aldıqlarını deyiblər. Onların bu cür açıqlamaları isə xüsusilə icra başçılarının narahatlığına səbəb olub. Hacıbala Abutalıbov da onları toplayaraq problemin həlli ilə bağlı müzakirə aparıb.
Məlumatlarda deyilir ki, Hacıbala Abutalıbov problemin həlli kimi qanunsuz tikililərin sənədləşdirilməsini istəyir. Çünki əks-təqdirdə evsiz qalan minlərlə vətəndaş üsyana qalxa bilər. Nəticədə, bu işdə birbaşa məsuliyyət daşıyan icra başçılarına ciddi problem yaranar. Lakin ARDNŞ prezidenti tələbində israrlıdır. Bildirilir ki, ARDNŞ prezidenti hətta Hacıbala Abutalıbovun özünün sərəncamları ilə bağlı məhkəmə iddiası qaldırıb.

Azad