Prezidentin yarımçıq əlyazması

Əvvəlcə başlayaq ondan ki, prezidentin ev bağışlayacağı jurnalistlərin namizədliyi məsələsini MŞ-in əli ilə hakimiyyət jurnalistlərin öz ixtiyarına, öz vicdanına buraxdı.

Ilk dəfə idi ki, müxtəlif düşərgələrdəki jurnalistlər ümumi bir işin başında vicdan sınağına çəkildilər.

Nəticə?..

Ev alacaq jurnalistlərin adları tam açıqlanmayıb, əldə “Daypress.info”nun tapdığı yarımçıq siyahı var; ancaq bu yarımçıq siyahı “vicdan sınağından” necə çıxmağımızın tam təsəvvürünü yaratmaq üçün kifayətdi.

Kimlər var bu siyahıda? Əlbəttə, evsiz və kifayət qədər tanınmış həmkarlarımızı bu siyahıda görməkdən çox məmnunuq və ən azı onlar qədər sevinirik. Amma və lakin…

Bu siyahıda Rəşad Məcidlərin, Bəxtiyar Sadıqovların, Yunus Oğuzların, Aydın Quliyevlərin, Elçin Mirzəbəylilərin… adını görmək dəhşətlidir. Sanki binəvalar bu günəcən evsizmişlər…

Yeri gəlmişkən, bir müddət öncə E.Mirzəbəyli ilə təsadüfü görüşümüzdə o, beləcə demişdi: “Öz adımı da yaza bilərdim redaksiyanın keçirdiyi iclasın protokoluna. Ancaq vicdanım yol vermədi. Necə ola bilər ki, redaksiyada evsiz-eşiksiz müxbir ola-ola, öz adımı yazaydım?!”

Alqışladım onu və özlüyümdə hakimiyyətin düşündüyü planın fiaskoya uğradığını görüb, ləzzət aldım. Niyə “düşünülmüş plan” sayıram bunu?

Çünki iqtidar bir oyun oynadı, məsuliyyəti jurnalistlərin öz vicdanına buraxdı və redaksiyalardan ad tələb elədi. Iqtidar bilirdi ki, illərlə nəfsinin qulu olanlar “vicdan prinsiplərini” kənara tullayıb, cəmiyyətin gözü qarşısında kimliklərini ortaya qoyacaq və bütün xalq haqq-ədalət carçılarının əllərinə düşən ilk fürsətdəcə vicdansızlıq etdiyini, nəfslərinin quluna çevrilib öz həmkarlarının haqqını necə basıb yediyini görəcək və belə düşünmək zorunda qalacaqdı ki, ədalət carçıları 40-50 minlik evə görə vicdanın üstündən xətt çəkirlərsə, o boyda oliqarxlar, hakimiyyət təmsilçiləri niyə qınanmalıdır?

Bu alt qatda olan niyyətin işləməyəcəyini Elçin Mirzəbəyliyə inanaraq sevinmişdim. Ama nə oldu?

Elçin bəy, hanı dediyiniz o vicdan? Yunus Oğuz, doğrudanmı “Olaylar” qəzeti və saytında evə ehtiyacı olan yalnız sizsiniz?

Bu kontekstdə Bəxtiyar Sadıqovun adını çəkmək istəmirəm. Təki o tipli deputat-baş redaktorlar bu siyahıda barmaqla sayılan qədər olaydı və onların – hakimiyyət təmsilçisinin – “vicdan sınağından” hansı üzlə çıxdığı cəmiyyətə bəlli olaydı. Ancaq Bəxtiyarları tək qoymadıq axı!

Bu siyahıya düşmək üçün “donuzu əskik olan” yep-yekə “media kapitanları” oldu ki, 50 yaşında arvadından boşanıb, “evsizlədi”, beləcə adını protokola yazdırdı və daha nələr-nələr…

Dəhşətlisi odur ki, məmurlar bütün korrupsiya əməliyyatlarında bunun cəmiyyətdən gizli qalmasının da qayğısına qalırlar: hətta hansısa jurnalist bu barədə yazıb, faktı ortaya çıxaranda, o faktı gizlətmək üçün həmin tənqid obyekti bütün vasitələrdən istifadə edir.

Ancaq burda vəziyyət tamam başqa cürdü: ev alacaq jurnalistlərin adı hamıya bəlli olacaqdı. Yəni “donuzu əskik olan” baş redaktorlar bilirdilər ki, bu vicdansızlığı cəmiyyətin, minlərlə həmkarlarının gözü qarşısında edirlər. Ama bu dəhşət, cəmiyyət qarşısında hesabat vermək məsuliyyəti belə, bu redaktorları çəkindirmədi: açıq-açığına “axırıncı yola” getdilər.

Ona görə də Mətbuat Günü münasibəti ilə evə ehtiyacı olan həmkarlarımı… və təbii ki, Əli Həsənovu təbrik edirəm – planı işlədi, düşündüyü gerçəkləşdi, ev alanların mənzərəsi ilə jurnalistikamızın GÜNÜNÜ açıb, cəmiyyətə göstərmək ideyası reallaşdı.

Inanıram ki, bu yazıdan və bu tipli yazılardan sonra da o adamlar utanmayacaq – cəmiyyətdən utanmayanlar belə qınaqlardanmı çəkinəcəklər? Onlar üçün deyəsən, artıq heç nəyin fərqi yoxdur – hətta yaşamalarının da.

Qoy ölü ikən illərdir ayaq üstə gəzənlərin dalıyca danışmaq kimi anlaşılmasın bu yazı. Çünki biz Ölülərlə deyil, xortdanlarla üz-üzəyik!

Xortdanların mövcudluğundan isə hətta XXI əsrdə də yazmaq, təəccüblənmək və bu varlıqların mövcudluğunu dünyaya göstərmək qayət məqbul bir iş – peşəmiz belə tələb edir.