Plagiat yaltaqlıq

Etriaf etmək lazımdır ki, Azərbaycanda yaltaqlığın bir “elm” kimi inkşaf etməsində yaptokratiyanın əvəzsiz xidmətləri var və bu sahənin şaxələnməsi mövcud hakimiyyətin adı ilə bağlıdır.

Biz müşahidə etdik ki, böyük yazıçı, alim, həkim, müəllim, jurnalist, mühəndis olmaq üçün mütləq bacarıqlı yaltaq olmaq lazımdır. Bəli, yaltaqlıq diplom almaq üçün “kurs işi” yazmaqdır, növbəti sinifə keçmək üçün imtahan sualıdı.

Bəziləri yaltaqları peşəkar və həvəskar kotiqoriyasına bölürlər. Mən isə yaltaqları 2 hissəyə bölürəm.

Maaşlı və maaşsız yaltaqlar.

Başa düşürük ki, maaşlı yaltaqlar pul, vəzifə qarşılığında öz mənliklərini girov qoyublar və götürdükləri “məhsul”un “kreditin” yaltaqlıqla ödəyirlər.

Maaşsız yaltaqlar isə heç bir ianə almayan, acından günorta duran insanlardı. 

Bəs bu insanları yaltaqlanmağa nə məcbur edir, nəyi itirməkdən qorxurlar?

Yaltaqlanmaq qarşılığında evlərinə çörək apara bilmirlərsə, it dəftərində də adları yoxdursa, bu canfəşanlığın səbəbi nədir?

Mən bəzən düşünürəm ki, bu adamlar ümidlə yaşayır.

Ölkədə yaltaqlığın perspektivli peşə olduğunu sübut edən minlərlə təcrübə olduğu üçün, bu adamlar sanki növbə gözləyir. 

Əslində mənim bu adamlara yazığım gəlir. Hakim partiyanın 600 mindən çox üzvü var. Daha doğrusu 600 mindən çox insanda bu partiyanın vəsiqəsi var. Ancaq bu adamların 95 faizi dilənçi vəziyyətində yaşayır. YAP bileti bu insanlara heç bir üstünlük vermir. 

Ölə-ölə yaşayanların yaltaqlığı savadsızlığın, mənəvi deqradasiyanın göstəricisidir.

Bu hakimiyyət, bu xalqa ən ləyaqətsiz peşənin “karyera pilləkəni” olduğunu göstərdi.

Cəmiyyətə yaltaqlıq “idxal” eləmək, insanları kölə etmək üçün nəzərdə tutulur.

Səhv etmirəmsə, yunan filosofu Anaksimenin fikridi: “Quzğunlara yem olmaq, yaltaqlara qulaq asmaqdan yaxşıdır. Çünki birincilər ölüləri, ikincilər isə diriləri yeyir”.

Yəqin ölkə başçısının mütəmadi keçirdiyi müşavirələrə diqqət etmisiniz. Nazirlərin hesabatına qulaq asmısınız. Istər nəqliyyat, istər iqtisadiyyat, istər təhsil, istərsə də səhiyyə sahəsində hesabat verən məmur, hər cümləsindən sonra  “möhtərəm, cənab prezident”, “sizin göstərişinizlə”, “məqsədyönlü fəaliyyətiniz sayəsində” kimi “elitar” yaltaqlıq nümunəsi yaradırlar.

Əgər bu ölkədə avtobusun qrafik üzrə işləməsi, orta məktəb dərsliyinin çap olunması, xəstəxanaya yeni çarpayı gətirilməsi, güləşçinin 12 ballıq fənd işlətməsi prezidentin xidmətidirsə və prezident bunları icra edibsə, o zaman prezidentin xidməti haqqında, prezidentə niyə hesabat verilməlidir?

Bunları prezident edibsə, bu məmurlara nə ehtiyac var?

Görünür, bu ölkədə təkcə korrupsiya, ədalətsizlik, hüquqsuzluq deyil, yaltaqlıq da normadan artıqdı. 

Əlahəzrətin dediyi kimi “yavaşlamaq” lazımdır.

Ikinci bir məsələ yaltıqlığın “plagiat”ıdır. 

Məsələn, bir məmur özünəməxsus yaltaqlıq nümayiş etdirir, digər məmur bu “əsər”i oğurlayır. Hətta məmurun yaltaqlıq “məhsulunu”, müğənninin, aktyorun oğurladığının şahidi oluruq.

Müəllif hüquqları qorunmur. Həvəskar yaltaqlar “plagiat” yaltaqlıq edir.

“Oğuldur Ilham” mahnısı oxuyub, nəğməkar yaltaqlığın əsasını qoyan adamın, ulu öndərə xitabən “Sonuncu Peyğəmbər” əsəri yazan yazıçının əziyyəti hədər gedir.

Bizim kimi ölkələrdə plagiat elmi iş yazmaq olar, ancaq plagiat yaltaqlığın ağır cəzası olmalıdır.

Yəqin seçki qabağı “Yaltaqlıq çıxıbdı başa, yaşa prezidentim yaşa”, “Yaltaqlıq bol olsa basılmaz rejim”, “Inkişafa aparan yol yaltaqlıqdan keçir” şüarları yazılmış plakatlar da olacaq.

Jan Jak Russo deyirdi: “Tərif – ondan zövq alanları korlamaqdan başqa bir işə yaramaz”. Bəli, bu ölkədə maaşsız yaltaqların olması da yaltaqlıqdan zövq alanları uçurumdan xilas edə bilməyəcək.

Çünki bu yaltaqlıq sevgidən yox, qorxudan və aclıqdan doğub.