Mübarək INQILAB ayı nə zaman başlayacaq?..

Sovet hökumətinin vaxtında kimin din sevdalısı olduğunu ailəsindən, yaxınlarından başqa heç kim bilmirdi. O vaxtlar adamlar Gözəgörünməzə sevgilərini gözəgörünməz edirdilər. Sosializmdən Yaltaqizmə keçəndən sonra isə saxtakar Vətənsevərlərlə yanaşı, yalançı dindarlar ordusu da peyda oldu. Onlar “mən orucam”, “mən namaz qılıram” hay-küyləri ilə fırıldaq işlərini ört-basdır etməkdə peşəkardırlar.

Məsələn, bazara ət almağa gedirsən, satıcı deyir ki, “bu dananı Xızı dağlarının gül-çiçəyi ilə bəsləmişəm, əti çiçək kimidir. Vallah yalan demirəm, namaz qılan, oruc tutan adamam”. Deyirsən ki, qardaş, axı bu “xər-səq” ətinə oxşayır, kimi alladırsan? Deyir, “hardan bildin ki, atamın adı Xərsəqdir?”. Bəli, ölkəni ikiayaqlı “xər-səq”lər idarə edir. Elə olmasaydı, bu müqəddəs günlərdə camaat imsaqını, iftarını nisyə çay-çörəklə açmazdı.

Yeri gəlmişkən, təzəlikcə eşitdim ki, ilin on biri ayı dükandan nisyə mal alıb ailəsini birtəhər dolandıranlara Ramazan ayında nisyə mal verilmir. Ölkədəki dükan sahibləri deyirlər ki, “nisyə ərzaqla imsaq, iftar açanın orucu qəbul olunmur. Hətta Hacı Allahşükür Paşazadə də gəlsə bizi fikrimizdən döndərə bilməz”. Axı kim deyir ki, nisyə ərzaq yemək orucu pozur? Yalandır! Dinşünas dostumun məktubundan sitat: “Əgər nisyə alanın ehtiyacı varsa, nisyə verən halallıq verirsə, nisyə ərzaqdan hazırlanan yemək haram deyil. Bu zaman oruc pozulmur”. Elə isə bu dinsiz-imansız dükan sahibləri niyə ölkədə seçkiöncəsi çaxnaşma yaratmaq istəyirlər? Niyə on bir ay camaatı yedirdib-içirdib, geyindirib-keçindirib, amma bir ay nisyə verməyə can çəkirlər? Prezident təcili olaraq nisyə mal verməyən dükanları bağlatdırıb, sahibkarları həbs etdirməlidir. Hətta fərman verməlidir ki, seçicilərə hörmət əlaməti olaraq bütün nisyə dəftərləri oktyabra kimi məhv edilsin, kompüter yaddaşındakı borclar silinsin. Nə olsun ki, sahibkarların hesabına Heydər Əliyev Fondunun rəhbəri Pakistanda kimsəsiz uşaqlara, qocalara iftar süfrəsi təşkil edib. Pakistan da bizə dönərxanalarda, şadlıq evlərində işlətmək üçün adıbilinməz heyvanların ətini, gen-bol kimyəvi maddələr vurulan meyvə-tərəvəz, ucuz və keyfiyyətsiz xalçalar, çoxsaylı bayramlarımızı qeyd etmək üçün düyü verir. Pakistana “təmizlərin torpağı” boş yerə deyilmir ki. Kim günahlarından təmizlənmək istəyirsə, Pakistanda iftar süfrəsi açsın.

Ramazan ayının 8-ci günündə xalqa müjdə verildi ki, bayram ilə əlaqədar olaraq avqustun 8-i və 9-u iş günləri olmayacaq. Nə qəşəng! Biri var, utana-utana evdə oturub barmaqlarını sorasan, biri də var prezidentin fərmanı ilə kef edəsən. Prezidentin əmri ilə kişilər evdə oturanda hətta ən deyingən arvadlar da susurlar, işsiz ərlərini danlamırlar, axı axşam Dənizkənarı Milli Parkda xalq artistlərinin bayram konsertinə baxmağa gedəcəklər. Ölkədə pulsuz qarışqa yeməyi olmasa da, pulsuz konsertlər gen-boldur: ailəliklə hamı əylənir, rəqs edir, dincəlir.  Nəticədə, ailələr dağılmır, boşanmaların sayı azalır, hamı qoşa yatıb, qoşa oyanır, qoşa namizədliyini verir. Sovet hökumətinin vaxtında edilən dualar da indiki dualardan çox fərqlənir. Məsələn, əvvəllər adamlar dua edirdilər ki, “Ilahi, dünyada sülh və əmin-amanlıq olsun, hamı xoşbəxt yaşasın…”. Amma indi, dua edirlər ki, “Allahım! Sənin verdiyin ruzilərdən süfrəmdə əsər-əlamət görməsəm də, niyyət edirəm, gələn il bu vaxtlar heç bir banka borcum olmasın, maaşlar bir buğda boyda artsın, heç olmasa ilin bir günü ailəm ət yesin. Allahım, övladım əsgərlikdən sağ-salamat qayıtsın, heç vaxt qarşıma polis çıxmasın, evim plana düşməsin…”. 

P.S. 20 ildir əllərini göyə açıb dua edən, fasiləsiz oruc tutan, Günəş üzünə həsrət qalan XALQ, deyə bilərsinizmi, faciələrin sonu, xoşbəxtliyin başlanğıcı, ömrümüzün sultanı olan Mübarək INQILAB ayı nə zaman başlayacaq?..