Eldar Namazov Vaşinqton görüşlərinin detallarını açıqladı
“Birmənalı fikir formalaşıb ki, seçkilərin legetimliyi Rüstəm İbrahimbəyovun qeydə alınıb-alınmayacağından asılıdır”
Milli Şuranın seçki kampaniyasını “demokratik inqilablar komandası” təşkil edəcək
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov iyulun 22-də Vaşinqton və Moskvaya səfərinin yekunlarına dair mətbuat konfransı keçirib. Öncə jurnalistlərə Milli Mətbuat Günü münasibətilə Milli Şuranın təbrikləri çatdırılıb.
Vaşinqtonda çox ciddi və maraqlı görüşlər keçirdiyini deyən E.Namazov vurğulayıb ki, ABŞ Konqresində Helsinki Komissiyasının Azərbaycan haqqındakı dinləmələri olduqca əhəmiyyətli məsələdir. İqtidar mətbuatının Vaşinqtonda keçirilən görüşün əhəmiyyətini azaltmağa çalışdığını dilə gətirən E.Namazov bildirdi ki, dinləmələrdə ABŞ-ı təmsil edən şəxslərin kimliyi və ümumiyyətlə dinləmələrin özünün «Problemli partnyor: Azərbaycanda artan avtoritarizm» adı altında keçirilməsi tam əksini sübut edir: «Konqresdəki dinləmələrin planlaşdırma işləri başa çatmazdan ay yarım əvvəl mənə Vaşinqtondan dəvət gəlmişdi. Bakıda təşkilatı işlərin çoxluğu üzündən mən hər hansı ölkəyə səfər etməyi planlaşdırmadığımı elan etmişdim. Amma tədbir günü yaxınlaşanda məlum oldu ki, bu dinləmələr Milli Şuranın nümayəndəsi olmadan keçirilə bilməz. İlk dəfədir ki, Azərbaycanın demokratik qüvvələri vahid namizədlə, vahid komanda ilə seçkilərə gedirlər. Bu həm daxildə, həm də xaricdə böyük rezonansa və bir çox beynəlxalq dairələrin Azərbaycanla bağlı siyasiətlərinə yenidən baxmalarına səbəb oldu. O cümlədən tədbiri planlaşdıran adamlar da müraciət edirlər ki, həmin dinləmələrdə mütləq Milli Şuranın namizədi iştirak etməlidir. Hakimiyyət bu tədbirin əhəmiyyətini bəlli səbəblərdən azaltmaq istəyirdi. Çünki canlı yayımda hamı şahidi oldu ki, Azərbaycanın demokratik qüvvələrinin mövqeyi əsaslı şəkildə ifadə olundu. Tədbirin təşkilatçılarının ortaya qoyduğu mövqe də bizimkindən prinsipial olaraq fərqlənmirdi. Tədbirin «Problemli partnyor: Azərbaycanda artan avtoritarizm» başlığı altında keçirilməsi də həmin o münasibəti sərgiləyirdi».
«İndiyə qədər belə dinləmələr olmamışdı»
Hakimiyyətəyaxın mətbuatın ABŞ Helsinki Komissiyasındakı dinləmələri kiçiltmək cəhdinə münasibət bildirən E.Namazov vurğuladı ki, indiyə qədər Azərbaycanla bağlı Vaşinqtonda belə dinləmələr hələ keçirilməmişdi: «Əsas məruzəçilərin tərkibinə diqqət yetirin. Məruzəçilərdən biri Azərbaycanın səfiri Elin Süleymanov idi. Eyni zamanda Milli Şura təmsilçisinin dinləmələrə qatılacağı bəlli olandan sonra Azərbaycan hakimiyyəti toplantıya Milli Məclisdən Səməd Seyidov və iki nəfər deputatı da göndərmişdi. Dövlət Departamentindən isə tanınmış diplomat Tomas Melia məruzəçilərdən biri idi. Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, Helsinki Komissiyasının ofisi Konqressin özünün binasında yerləşmir. Adətən Komissiya tədbirlərini həmin ofisdə keçirir və konqress üzvlərindən beş-on nəfər həmin iclaslara qatılırlar. Budəfəki tədbir isə məhz Kapitolidə – Konqressin özünün binasında keçirildi. Burada keçirilən tədbirlər isə daxili şəbəkə ilə canlı yayımda bütün Konqress üzvlərinə yayılır. Konqressin hər bir üzvünın, Dövlət Departamenti nümayəndələrinin öz otağında canlı yayımda dinləmələri izləmək imkanı var idi. Yəni söhbət yalnız tədbirə qatılan addamlardan getmir».
«Seçki kampaniyasını xarici şirkətlər aparacaq»
Dinləmələrdə Konqress üzvlərinə Milli Şuranın əsas sənədlərini təqdim etdiyini deyən E.Namazov vurğuladı ki, tədbir iştirakçılarına həmin sənədlər haqqında qısa məlumat da verilib. Birinci sənəd Milli Şuranın keçid dövrü ilə bağlı proqramı və vahid namizədin öhdəlikləri, ikinci sənəd isə İ.Əliyevin barəsində xarici mətbuatda aparılan tədqiqatlarda üzə çıxarılan xaricdəki mülklər, offşor zonlaradakı şirkətlərlə bağlı məlumatları araşdırmaları üçün MSK, Ali Məhkəmə və Respublika Prokurorluğuna müraciətlərdir.
«Seçkilərə qatılan hər bir adam maliyyə deklorasiyasını doldurmalı, gəlirləri haqqında hesabat verməlidir. Bu sənədi təqdim etməyən adamın namizədliyi qeydə alına bilməz. Ona görə Milli Şura bu faktların araşdırılmasıyla bağlı dövlət strukturlarına müraciət edib. Eyni zamanda həbsdə olan «NİDA» gənclər təşkilatının qanunsuz həbsdə olan gənc fəallarla bağlı müraciətini də görüşlərimdə təqdim etdim. Sənədləri təqdim edəndən sonra Azərbaycandakı durumla bağlı ətraflı məlumat verdim».
Vaşinqtona səfərinin ilk günlərində Dövlət Departamentində, ABŞ-ın xarici siyasəti ilə bağlı ən mühüm qərarlarının qəbul olunduğu Ağ Evin Milli Təhlükəsizlik Şurasında mühüm görüşlər keçirdiyini deyən E.Namazov vurğuladı ki, o həm Milli Təhlükəsizlik Şurasının rəhbərliyi, həm də birbaşa Azərbaycana aidiyyatı olan şəxslərlə müzakirələr aparıb. Eyni zamanda ABŞ-ın aparıcı beyn mərkəzləri, ABŞ-da ictimai rəyin formalaşmasında mühüm rolu olan 20-dən artıq ictimai qurumun rəhbərləri qarşısında Azərbaycanla bağlı çıxış edən Milli Şuranın nümayəndəsi Vaşinqtonda və ABŞ-ın başqa şəhərlərində fəaliyyət göstərən diaspora təşkilatlarımızın üzvləri ilə bir araya gəlib.
Milli Şura üçün daha bir mühüm nailiyyət barədə də məlumat verən E.Namazov vurğuladı ki, Milli Şuranın seçki kampaniyasının uğurlu qurulması üçün beynəlxalq mütəxəsislərlə görüşlər keçirilib: «Həm Vaşinqton, həm Moskva səfərimdə son on ildə MDB məkanında və bir sıra başqa regionlarda ən uğurlu, ən effektiv seçki kampaniyasını aparan mütəxəssislərlə görüşmüşəm. Bu görüşlərin məqsədi Azərbaycanda qarşıdan gələn prezident seçkilərində beynəlxalq kampaniyaların dəstəyini, iştirakını təmin etmək idi. Bu bir beynəlxalq qrupdur. Həmin qrupa həm ABŞ-dan, həm də Rusiyadan təcrübəli seçki mütəxəsisləri, menecerlər daxildir. Onlar bir yerdə MDB məkanında bir neçə uğurlu seçki kampaniyaları aparıblar. Onların rəhbərlik etdikləri seçki kampaniyalarının tam əksəriyyəti qələbə ilə nəticələnib. MDB məkanında harada uğurlu seçki kampaniyası olub, demokratik dəyişiklik baş veribsə, müzakirə apardığımız adamlar həmin qələbəli kampaniyalarda baş məsləhətçi kimi iştirak ediblər. Danışıqlar apardıq. Bizim artıq ilkin razılığımız var. Onlar bu işdə iştirak etmək, demokratik qüvvələrin seçki kampaniyasına dəstək vermək qərarına gəliblər. Yəqin ki, yaxın zamanlarda biz bu razılığı rəsmiləşdirəcəyik. Bu şəxslər Ukraynada, Gürcüstandakı seçkilərdə, Yeltsinin seçki kampaniyasında çalışmış mütəxəssislərdir. Məhz bu cür şəxslər Milli Şuranın seçki kampaniyasında iştirak edəcəklər».
Seçki saxtakarlığının qarşısının alınması üçün Azərbaycanın beynəlxalq partnyorlarının mühüm rol oynaya biləcəyini söyləyən E.Namazov vurğuladı ki, Milli Şura səslərin düzgün sayılmasını, seçkilərdə iştirak edən bütün namizədlərə bərabər şəraitin yaradılmasını istəyir: «Vaşinqton dinləmələrində ABŞ təmsilçiləri bir neçə dəfə hakimiyyət nümayəndələrinə müraciət edərək Rüstəm İbrahimbəyovun qeydiyyat məsələsini qaldırdılar. Bu artıq ciddi bir məsələdir. Hakimiyyət təmsilçilərinin bəyanatlarından hiss olunur ki, onlar Rüstəm İbrahimbəyovun namizədliyindən ehtiyatlanırlar. Çünki onu demokartik qüvvələr, aparıcı partiyalar, ictimai təşkilatlar, gənclər hərəkatları dəstəkləyir. Ona görə belə bir namizədlə hakimiyyət üz-üzə gəlməyə qorxur. Hakimiyyət nümayəndələri ən təhlükəli namizədi qeydə almamağa, özünə rəqib təyin etməyə çalışır ki, həmin rəqibi asanlıqla məğlub etsin. Ona görə də Rüstəm İbrahimbəyovun namizədliyi beynəlxalq qrumlar tərəfindən ciddi qaldırılır. Azərbaycan cəmiyyəti də bunu tələb etməlidir. Qeydiyyat məsələsi azad və ədalətli seçkilərin vacib tərkib hissəsidir. Əgər hakimiyyət özünə rəqib təyin edirsə, seçkilər azad və ədalətli sayıla bilməz».
«Əsas hədəfimiz seçkilərdə uğur qazanıb, uğuru reallaşdırmaqdır»
Vaşinqtondan sonra Moskvaya səfər etdiyini deyən E.Namazov vurğuladı ki, R.İbrahimbəyovla görüşündə seçki kampaniyasına hazırlıq, Milli Şuranın fəaliyyəti ilə bağlı müzakirələr aparıb, Rusiyada yaşayan azərbaycanlıların diaspor nümayəndələri ilə görüşlər keçirib.
E.Namazov vurğuladı ki, həm Vaşinqtona, həm də Moskvaya səfəri zamanı görüşdüyü insanlar Milli Şuranın bir araya gələrək vahid mövqedən çıxış etməsini yüksək qiymətləndiriblər. «Azərbaycanda demokratiyaya keçidin vaxtının çatdığını düşünənlərin sayı bütün dünyada artır. Bu səfərdən gəldiyim nəticə odur ki, biz düzgün yoldayıq. İşimizi daha da gücləndirməliyik. Beynəlxalq aləmlə bağlı işin xeyli hissəsi görülüb. Rüstəm bəyin Avropaya səfəri bu işin yekunu olacaq. Ondan sonra bizim işimiz ölkə daxilindəki təbliğata yönəlməlidir. Əsas hədəfimiz seçkilərdə uğur qazanıb, həmin uğuru reallaşdırmağa yönəlməlidir», deyə E.Namazov vurğuladı.
***
Daha sonra E.Namazov jurnalistləri maraqlandıran sualları cavablandırdı.
Seçkilərin ənənəvi şəkildə saxtalaşdırılacağı təqdirdə rəsmi Vaşinqtonun hansı mövqe tuta biləcəyi ilə bağlı sualı cavablandıran E.Namazov vurğuladı ki, bu istiqamətdə müzakirələr həm Vaşinqtonda, həm də Bakıda aparılır: «Bizim beynəlxalq partnyorlarımız da o mövqeyə yaxınlaşırlar ki, Azərbaycanın qarşısında iki yol var. Bir uol budur ki, Azərbaycanda demokratik seçkilər keçiriləcək və xalq özü hakimiyyəti formalaşdıracaq. Əgər hakimiyyət saxtakarlıqla xalqın bu hüququnu əlindən yenə də almaq istəsə, o zaman Azərbaycan ikinci yola girə bilər. Bu, xaosa, qarşıdurmalara sürükləyən yoldur. Biz son illər Qubada, İsmayılıda baş verənləri xatırlasaq, bu hadisələrin heç birini müxalifət qüvvələrinin təşkil etmədiyini görərəik. İnsanlar artıq özləri yaranmış duruma dözə bilmirlər və öz qəzəblərini bu yol ilə ifaədə edirlər. Hazırda bu hadisələr səngiyib. Çünki insanlar görürlər ki, vahid namizədə səs verməklə dəyişiklik etmək şansı var. Mən də çox istərdim ki, yaxın aylarda cəmiyyəti məhz buna kökləyək. Seçkilərdə iştirak etmək, demokratik qüvvələrin vahid namizədinə səs vermək və sonra da bu səsləri qorumaq lazımdır. Sonra biz qeyri-zorakı yollarla haqqımızı tələb etməliyik».
R.İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə hadisələrin inkişaf prosesinin necə olacağı ilə bağlı suala isə cavabında E.Namazov bildirdi ki, Milli Şura əgər namizədinin qeydiyyatına nail ola bilməyəcəksə, onun seçki prosesində uğur qazanacağına ümid etməyə dəyməz: «Amma hakimiyyət nümayəndələrinin dediklərinə baxmayaraq həm ölkənin daxilində, həm ölkənin xaricində birmənalı fikir formalaşıb ki, Azərbaycandakı seçkilərin legetimliyi Rüstəm İbrahimbəyovun qeydə alınıb-alınmayacağından asılıdır. Həm beynəlxalq ictimai rəydə, həm də cəmiyyətdə bununla bağlı birmənalı mövqe var. Milli Şuranın vahid, əsas, ehtiyat namizədi də Rüstəm İbrahimbəyovdur. Biz onun qeydiyyata alınması uğrunda işi qururuq və buna nail olacağıq».
Xəyal


