Onlar yenə də dərhal peyda oldular. Qənirə Paşayeva tezcə qəbul imtahanlarında 700 bal toplamış tovuzlu Nərminə ilə bacısayağı şəkil çəkdirdi. Aydın Mirzəzadə isə 700 bal toplayan Mingəçevir məzunu Nərmini tapdı və ona hər ay 100 manat maddi yardım təyin etdi.
Fondlarınıza, pullarınıza, xeyir verən əllərinizə Azərbaycan xalqı quzu kəssin, cənablar və xanımlar! Biz görürük ki, siz YAP-çılar necə xeyirxahsınız. Uğurlara necə də sevinirsiniz!
Ölkəni talayan siyasətə əl qaldırıb, korrupsionerləri ürəkdən müdafiə edib, cinayətkar bir rejimi yaşadıb hələ xeyirxahlıq da edə bilirsiniz. Gah bir xəstənin, gah bir çempionun, gah bir abituriyentin başına yığışıb fürsəti necə də əldən vermirsiniz.
Orta səlahiyyəti olan məmurların oğurluqla milyonerə çevrildiyi ölkədə elm və mədəniyyət adamlarını möhtac yaşadıb, xəstələnəndə onları xaricdə müalicə etdirən sədrinizə necə də oxşayırsınız!
Qəzet evlərini (köşklərini) uçurub jurnalistlərə ev paylayan prezidentiniz Ilham Əliyevin gedişlərini necə də gözəl təkrar edirsiniz.
Görünür, xeyirxahlıq missiyası üzərinə götürənlərin bəd əməllərinin acılarını yaşamaq bizim ölkənin qismətinə çevrilib. Onların hədəfləri belədir: qulluq etdikləri siyasətin qurbanlarının bir-ikisinə yaxşılıq etmək! Bəli, məhz bu adamların xidmət etdiyi siyasətin möhtac etdiyi adamlardır onların xeyirxahlıq göstərdiyi adamlar!
Əks halda, bəs nədən bu xeyirxah deputatlar iki alanların sayının hansı səviyyəyə qalxdığından danışmır? Burada gizlənir hiylənin ucu. Vəziyyət necə ağırdır ki, 3-4 nəfərin 700 bal toplamasına bu qədər sevinirlər. Halbuki 4-5 nəfər 700 bal toplayan şagirdin olmasının bu dövlətin təhsil siyasətinə dəxli yoxdur. Bütün dünyada heç məktəbə getmədən böyük nəticələr əldə edənlər var. Hökumətin işinin nəticəsini “2″ alanların sayında və ümumi nəticələrdə axtarmaq lazımdır. Bundan qabaq buraxılış imtahanlarında ana dili və riyaziyyatdan ”2″ alanların fantastik sayı açıqlanmışdı, amma bu səlahiyyətli xeyirxahlar səslərini çıxarmadılar. Üstəlik, bu gün orta təhsilin əsas yükünü xalqın pul ödədiyi repititorlar çəkirlər. Buna kimsənin şübhəsi yoxdur. Xalq aldadılıb və uşaqların təhsili valideynlərin ümidinə buraxılıb.
Xalq belə acı durumla üz-üzə olduğu halda, ölkəni xəstə edib bir xəstəyə yardımla guruldayanlar, tələbə atasını 100 manata möhtac edib, onun övladına kömək edənlər gündəmi əldən vermirlər…
Qənirə Paşayeva bu günlərdə yazır: “Neçə il idi Nərminəni gözləyirdim… Tələbə qəbulunda ən yüksək nəticə göstərəcək kənd qızını! Yalnız gözləməklə kifayətlənməyərək, mən o qızı (qızları) seçki bölgəmdə şagirdlərlə ardıcıl görüşlərimdə axtarırdım”.
Halbuki nə vaxtsa Nərminənin oxuduğu məktəb bütün SSRI-də öz uğurları ilə tanınırdı. Onu belə uzun gözləməli deyildilər. Dünən isə eyni seçki bölgəsində – Tovuzda Əyyublu kəndinin 20 yaşlı sakini Hicran Rüstəmova yaşadığı evdə özünü asıb. Bilmirəm xeyirxah YAP-çı bu qızı da gözləyirdimi, onunla da görüşmüşdümü?
Biz indi əsas məqama gəldik. Iki YAP-çı deputat, onların addımları bizim mövzu deyildi. Bizim mövzu hakim rejimin apardığı hiyləgər siyasətin xeyirxahlıq pərdəsinə bürünməsi və bəzən də kimlərinsə buna aldanmasıdır. Bu hiylədir. Ən yaxşı niyyətə xidmət edən xeyirxahlıq da çağımızda xilas yolu sayılmır. Təmiz məqsədli xeyirxahlıq bir insanı, bir çox insanı xilas edə bilər. Lakin indi insanlar dövlətə, onun ədalətinə, doğru idarəsinə, təşkil etdiyi sosial dəstək sisteminə arxalanmalıdır. Kiminsə mərhəmətinə deyil.