«Prezidentə məktub» silsiləsindən
Cənab prezident! Çoxdandır bu silsilədən məktub yazmıram. Ona görə yox ki, məktublara reaksiya verilmir, bunu qabaqcadan da nəzərə almışdım, bu hakimiyyətdə ancaq tərif, mədhiyyə məktubları oxunur, sizin saytınızda yerləşdirilir. O məktublardan dəfələrlə artıq dərd, qəm, qüssə, şikayət dolu müraciətlərsə zibil qutusuna atılır, ən yaxşı halda şikayət olunan nazirə, komitə sədrinə, icra başçısına və b. məsul şəxslərə, qurumlara göndərilir…
“Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik” – bu sözləri bir neçə gün qabaq Nazirlər Kabinetində sədrliyinizlə keçirilən “2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasda demisiniz. Niyə diqqətimi çəkdi və növbəti məktubu yazmağa stimul verdi?
Ötən il – təxminən bir il qabaq – sentyabrın 21-də diplomatlarla görüşdə belə bir söz dediniz: “Azərbaycan o qədər inkişaf edir ki, bəzi hallarda deyirlər ki, siz bir az yavaşlayın. Siz belə sürətlə gedəndə başqa ölkələrdə qısqanclıq yaranır”. Indi nə baş verir? Axı ötən il biz bütün ölkələri geridə qoyub analoqu olmayan sürətlə irəlidə gedirdik və o yazıqlar, biçarələr, böhranda boğulanlar arxadan qışqırırdılar ki, “bəlkə bir az yavaşlayasınız”. Elə həmin müşavirədə özünüz demişdiniz ki, yavaşlamaq olmaz, tam sürətlə irəli getməliyik. Ancaq bu gün “vaxt gələcək inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik” deyirsiniz. Deməli, Qarabağın Lazımı kimi, inkişaf etmiş ölkələrə çatmağımızın da vaxtı gəlməyib…
Nədir o meyarlar? Təkcə Nazirlər Kabinetində yox, regionlarda, lap elə kanalizasiya açılışlarında, lentkəsmələrdə çıxışınızı izləyənlər görür ki, bizim yox, inkişaf etmiş ölkələrin Azərbaycanın “meyarlarına” cavab verməsinə xeyli vaxt var. Yeri gəlmişkən, bu kanalizasiya açılışlarında iştirak etmək nədir? Internetdə axtarış verdim, dostunuz Putin sonuncu dəfə Marıda teatr, qardaşınız Lukaşenko qalereya və “Magistr” yaşayış kompleksinin açılışında iştirak edib. Başqa prezidentlərdən də nümunələr
çoxdur. O nümunələr içində nə kanlizasiya, nə də hansısa yolun bir neçə kilometrliyinin, yaxud təmirdən çıxmış keçidin açılışı var…
Cənab prezident! Çıxışlarınızda əhalinin həyat səviyyəsinin yüksək olduğunu, gəlirlərinin ildən-ilə artdığını deyirsiniz. Bəs niyə həmin inkişaf etmiş ölkələrə çata bilmirik?
Niyə bu qədər var-yatırı olan ölkədə bir milyonçu yoxdur? Bəs axı imkanlarımız genişdir, əhalinin gəliri ildən-ilə artır. Hanı o artım? Əhali deyəndə yaxınlarınızımı nəzərdə tutursuz? Artım deyəndə ofşorlara yerləşdirdiyiniz 48 milyarddan, Çexiya, Mayami, Dubay, Ukraynadakı mülklərdən söhbət getmir ki?!.
Cənab prezident!
Qarşıdan seçki gəlir. Ilin başlanğıcından pensiyaçılara təqaüdlərinin artacağı vəd olunub. Hələ də artım yoxdur. Aydındır, artım seçki yaxınlaşanda olacaq. Nə qədər olması fərq etməz. Başlıcası qocaların, əlillərin artırılacaq pensiyasının, sizin seçki saxtakarlığınızın əsas qarantı olan müəllim və həkimlərin maaşına əlavənin minnətli olmasıdır. Necə sığışdırırsınız özünüzə?
Qonşuluğumuzda bir qadın yaşayır. Təqaüdçüdür. Iki nəvəsinə baxır. Məktəbli olsalar da, dərsə getmirlər. Ayaqqabı olanda çanta, onların ikisi olanda köynək, ya da şalvar olmur. Uşaqlardan biri sizin Heydərin yaşıdıdır. Ata-anaları onları atıb gedib. Nənələrinin ümidinə qalıblar. O qadın da 130 manata yaxın pensiya alır. Bu pula 3 nəfərin ərzaq ehtiyacını ödəməli, pal-paltar almalı, kommunal xərcləri verməlidir. Məncə, toya və yasa getməkdən danışmağa ehtiyac yoxdur…
Bütün başqa məhəllələr kimi bizim məhəlləyə də maşınlarda kənd təsərrüfatı məhsulları gətirirlər. Onu da deyim ki, bu maşınlarda alver edənlər sahəyə baxan polisin pulunu verməsə, həmin dəqiqə ərazidən uzaqlaşdırılır, ən yaxşı halda. Bunu sözgəlişi dedim. Söhbət qonşu qadından gedir. Həmin qadın maşına hamı çıxıb gedəndən sonra yaxınlaşır, bilirsinizmi niyə? Mümkün qədər qiyməti “öldürmək” üçün – qonşuların yanında bunu eləməyə, çox dirənməyə utanır. Əksər vaxt da istəyinə çata bilmir, çünki qapı-qapı düşüb mal satanlar özləri hər addımbaşı sizin dilənçilərə pul ödəməyə məcbur edildiklərindən, “aldım qoz, satdım qoz” sonucuyla işlədiklərindən çox rəhmsiz olublar. Güzəştə getmirlər…
Qarşıdan seçki gəlir. Imkan olanda gözünüzün qarşısına çəkilən pərdəni aralamağa çalışın, tam da olmasa o kiçik imkandan yararlanıb gözucu Azərbaycan gerçəkliklərinə baxın. Baxsanız, orda çox şeylər görəcəksiniz. Baxın, diqqətlə baxın…