aliyev-obama-kollaj

Hakimiyyət sonuncu dəstək axtarışına çıxıb

İqtidar komandası beynəlxalq aləmi razı salmaq üçün yollar arayır

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə Avropa Ittifaqının “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Bu barədə Turan-a Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev  bildirib.
Onun sözlərinə görə, Elmar Məmmədyarov iyulun 23-də isə Parisdə Fransa xarici işlər naziri Loran Fabius ilə görüşəcək. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi və ikitərəfli münasibətlər müzakirə ediləcək.
Elmar Məmmədyarovun Brüsselə səfəri Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm Ibrahimbəyovun buraya səfəri ilə eyni vaxta təsadüf edir. “Azadlıq”a daxil olan məlumata görə, Elmar Məmmədyarovun səfərlərində əsas hədəf qarşıdan gələn prezident seçkisini hakimiyyətin xeyrinə həll etməkdir. Hakimiyyət seçkidən ciddi şəkildə narahatdır və bir müddətdir ki, beynəlxalq aləmin dəstəyini qazanmaq üçün müxtəlif addımlar atır. Yeri gəlmişkən, dəstək axtarışına çıxan hakimiyyət vaxtaşırı müxalifəti xaricdən dəstək almaqda ittiham edir. Məlumatda bildirilir ki, iqtidar ABŞ Konqresində dinləmələrdən çox pəjmürdə olub. Bu baxımdan da iqtidar komandası müxtəlif ölkələrə səpələnib. Artıq Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin də səsi ABŞ-dan gəlir. Şübhəsiz ARDNŞ prezidentinin ABŞ-a səfərində əsas məqsədlərdən biri də seçkidir. Böyük ehtimalla Rövnəq Abdullayev hakimiyyətin neft-qaz məsələləri ilə bağlı mesajlarını çatdırmaq üçün Amerikaya səfər edib.
Konqressdəki dinləmələrdən sonra da ABŞ-da qalan deputat Səməd Seyidov orada müxtəlif lobbi qruplarla görüşlər keçirir. Məlumatlara görə, deputat görüşlərdən əsasən Azərbaycandakı “sabitlikdən” danışır və lobbi qruplarını bu “sabitliyin” qarantı olan hakimiyyətə seçkidə yardımlarını əsirgəməməyə çağırır.
Bundan başqa Ilham Əliyevin xanımı Mehriban Əliyeva da Fransaya səfər edib. Bu səfərin kökündə də seçki məsələsinin dayandığı bildirilir.
Bir maraqlı məqam da Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər edəcəyi barədə məlumatların dövriyyəyə buraxılmasıdır. Kreml bu xəbəri təkzib etsə də, hakimiyyətin nəzarətində olan mətbuat Putinin səfəri barədə xəbərləri geniş yayır. Görünür, iqtidar bununla Azərbaycan cəmiyyətinə beynəlxalq aləmdə heç də bütün dəstəyini itirmədiyini göstərmək istəyir. Eyni zamanda Qərbə birmənalı şəkildə Rusiyanın yanında ola biləcəyi barədə mesaj verir.
Qısası, hakimiyyət dəstək qazanmaq üçün son addımlarını atmaqdadır.

Azad