Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu,
Parlaq günəş ümidlərim şimal kimi soyutdu,
Bütün dostlar, həp insanlar varlığımı unutdu,
Doğru sözdür, hər aşiqin olur beş gün dövranı…
Bu, iki gün öncə ölkənin əksər saytlarında yayılan bir şeirin son bəndidir.
Şeirin müəllifi isə Azərbaycan ədəbiyyatının ən parlaq imzalarından biri – Cəfər Cabbarlıdır.
Saytlarda həmin şeirin yeni tapıldığı iddia edilirdi.
Iddia modern.az saytından qaynaqlanmışdı. Həmin şeiri yayan sayt onu oxucularına “Cəfər Cabbarlının cinayət işində tapılan naməlum şeiri – ilk dəfə” başlığı ilə təqdim edib.
Ertəsi gün modern.az-da bu dəfə filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmlinin müsahibəsini gördüm.
Müsahibədən belə məlum olurdu ki, adıçəkilən sayta Cəfər Cabbarlının “Açılan-solan çiçəklər” adlı həmin şeirini məhz hörmətli fəlsəfə doktoru təqdim edibmiş. Sitat: “Əski əlifbada olan şeiri istintaq materialları arasından tapmışam” (Burada vurğulamadan keçmək haqsızlıq olardı: Cəfər Cabbarlının Cümhuriyyətin süqutundan sonrakı istiqlalçı fəaliyyəti ilə bağlı gizlinlərin gün işığına çıxması Asif Rüstəmlinin adı ilə bağlıdır, onun bu çox qiymətli araşdırmaları hər cür təqdir və təşəkküroə layiqdir!).
Mənə burada maraqlı gələn odur ki, Asif müəllim doğrudanmı, şeiri təqdim edərkən onun indiyədək heç yerdə çap olunmadığını deyib. Deməyibsə belə, nədən həmin şeir ilk dəfə çap olunurmuş kimi təqdim olunandan sonra belə, tədqiqatçı-alim buna etiraz etməyib. Axı məsələ heç də adıçəkilən saytın yazdığı, digərlərinin də ona istinadən yaydığı kimi deyil.
Buna az sonra qayıdacam. Hələliksə oxuculara aydınlıq üçün deyim ki, Cəfər Cabbarlı Sovet hakimiyyətinin ilk illərində, daha dəqiq desək, 1923-cü ilin iyununda həbs edilib. Bundan təxminən üç ay əvvəl, 1923-cü il aprelin 1- də Azçekanın Agentura şöbəsinə daxil olan məlumatında isə deyilirdi: “Müəyyən edildi ki, Cəfər Cabbarzadə 1919-cu ildən ”Müsavat” partiyasının üzvüdür, Müsavat hökuməti dövründə məsul vəzifələrdə çalışmışdır. Hal-hazırda gizli Müsavat təşkilatında işləyir…”
Cəfər Cabbarlı ilə eyni vaxtda həbs edilənlər arasında başqa bir repressiya qurbanı yazıçımız – Seyid Hüseyn də vardı.
Cabbarlı həbsdə düz bir ay qaldı.
Onun “Açan-solan çiçəklər” şeiri də məhz o bir ay içində yazılıb. Daha doğrusu, tutulandan iki gün sonra – iyunun 17-də.
Yeri gəlmişkən: Cəfər Cabbarlı daha bir dəfə həbs həyatını 1923-cü ilin payızında yaşadı. Həmin il oktyabrın 5-dən 6-na keçən gecə növbəti kütləvi həbs dalğası zamanı tutulanlar arasında yenə Cəfər Cabbarlı vardı.
Cabbarlının silahdaşlarından Mirzə Bala Məmmədzadə çox sonralar yazacaqdı: “1923-cü il Cəfərin həyatında mühüm bir yer tutur. Istila və vəhşət rejiminə qarşı gizli çalışan Cəfər həmin il digər müsavatçı arkadaşları ilə yaxalanmış və çeka bodrumunda aylarca ən ağır işgəncələrə məruz tutulmuşdur”.
Indi qayıdaq söhbətimizin əvvəlinə. Doğrudanmı, bu şeir ilk dəfə məhz indi işıq üzü görür?
Faktlar başqa şey deyir.
Bu şeir əvvəllər də işıq üzü görüb. http://cabbarli.az/index.php?newsid=223 linkini tıklamaqla, “Açan-solan çiçəklər”in yenə Asif Rüstəmlinin təqdimatında, düz iki il əvvəl, iyun ayında çap edildiyini görə bilərsiniz.
Üstəlik, əgər yanlış xatırlamıramsa, həmin şeir Asif müəllimin bir neçə il əvvəl işıq üzü görən, Cəfər Cabbarlı haqqında o vaxtadək bilinməyən bir çox məqamlara işıq tutan, məhz bu səbəbdən də hadisə sayıla biləcək kitabında da yer alır.
Belədə Cabbarlının o şeirini “ilk dəfə”, hətta bəzi saytlarda “şok” başlıqları ilə təqdim etmək nə qədər doğrudur?
Hər halda ən dəqiqini yaxşı olar, qoy elə Asif müəllimin özü açıqlasın.