“AST Telman”ın ticarət mərkəzi yandı

Moskvanın cənub-şərqində iri ticarət mərkəzi yanıb. “Virtualaz.org”un məlumatına görə, “Moskva” ticarət-topdansatış mərkəzinin sahiblərindən biri Azərbaycan əsilli yəhudi milyarder Telman Ismayılovdur.
Xəbərə görə, iyulun 20-nə keçən gecə yanğın Tverskoy bulvarında yerləşən üçmərtəbəli binanın üçüncü mərtəbəsində başlayıb, daha sonra ikinci mərtəbəyə keçib. Hadisə yerinə çoxsaylı yanğınsndürənlər briqadası cəlb olunub. Ticarət mərkəzinin administrasiyası bildirir ki, içəridə adamlar olmayıb. Yanğın əsasən söndürülsə də, binada tüstülənmə xeyli davam edib.
Qeyd edək ki, “Moskva” ticarət-yarmarka kompleksi Moskvanın ən iri ticarət mərkəzlərindən biridir. Vaxtilə T.Ismayılova məxsus “Çerkizovsk” bazarı bağlananda orada işləyənlərin əksəriyyəti, o cümlədən azərbaycanlılar bu ticarət mərkəzinə köçdü. Ticarət mərkəzinin sahiblərindən biri T.Ismayılova məxsus “AST” şirkətlər qrupudur.