Direktor şikayətçilərin haqsız olduğunu iddia edir
Deyəsən, M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının bir qrup aktyoruyla direktor Həsən Həsənov arasında yaranan narazılıq hələ uzun sürəcək. “Azadlıq”ın ötən saylarında xatırlatmışdıq ki, teatrın bir qrup işçisi – ali dərəcəli aktyorlar Ibrahim Salamov və Əsmər Qurbanova, Günel Əhmədova (I dərəcəli aktrisa), Asim Muxtarov (II dərəcəli aktyor) və teatrın nəzdində fəaliyyət göstərən studiyanın üzvü Rizvan Əzimzadə direktor H.Həsənovun qanunazidd əməllərinə etiraz əlaməti olaraq dövlət başçısına və aidiyyəti qurumlara şikayət məzmunlu müraciətlər ünvanlayıblar. Bugünlərdə rəhbərlikdən narazılıq edən aktyorların siyahısına daha biri – 3 ay öncə teatrdan uzaqlaşdırılmış I dərəcəli aktrisa Sevinc Şirinova da qoşulub.
Qeyd edək ki, məktub qeyd olunan ünvanlara yetişməmiş direktor ondan şikayət edən 2 xanım aktrisanın – Ə.Qurbanova və G.Əhmədovanın müqaviləsinə vaxtından öncə xitam verərək işdən kənarlaşdırıb. Bütün narazılıqlar da bundan sonra başlayıb.
Direktor “Azadlıq”a nələri dedi?
Ötən yazımızda qarşı tərəfin də mövqeyini dərc edə biləcəyimizi yazmışdıq. Yazının dərcindən sonra direktor da redaksiyamıza telefon açıb deyilənlərin həqiqət olmadığını bildirmişdi. Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənovun sözlərinə görə, kollektiv bu il may ayının 29-da Salyan şəhərinə qastrol səfəri çərçivəsində “Gizli məhəbbət” tamaşası ilə çıxış etməli idi: “Mayın 28-i Respublika gününə təsadüf etdiyindən məşq ayın 27-nə təyin edildi. Tamaşada baş rolun ifaçılarından olan Əsmər Qurbanova təyin olunmuş gün məşqə gəlmədi. Sonradan mənimlə əlaqə saxlayaraq qastrola getməkdən, tamaşada oynamaqdan imtina etdiyini bildirdi. Şərti də bu oldu ki, əgər Ibrahim Salamov tamaşada yoxdursa, o da tamaşada oynamayacaq”.
H.Həsənovun sözlərinə görə, o, aktrisadan yazılı izahat tələb edib: “Izahatı aldıqdan sonra Ə.Qurbanovanın tamaşada dublyoru olan aktrisa Günel Əhmədovanı yanıma çağırdım. G.Əhmədova da eynilə Ə.Qurbanova kimi tamaşada oynamaqdan imtina etdiyini və I.Salamovun tamaşada oynayacağı təqdirdə geri qayıdacağını bildirdi”.
H.Həsənov bildirdi ki, aktrisalar tamaşada oynamaqdan boyun qaçırtdıqdan sonra tamaşa ilə bağlı əmri ləğv edib, yeni əmr imzalayıb: “Vaxt darlığı və hər iki aktrisanın tamaşadan imtinasını nəzərə alıb qastrol səfərində nümayiş olunan tamaşanın Əli Əmirlinin ”Kişi və qadın” tamaşasıyla əvəz olunmasını qərara aldıq. Bu tamaşada da baş rolu G.Əhmədova oynamalıydı. Lakin o, gəlməyindən köhnə əlaqələrimi işə salıb təcili Gənc Tamaşaçılar Teatrına müraciət etdim. Tamaşada oynamaq üçün həmin teatrdan iki aktyor – Nəsibə Eldarova və Elşən Şirəliyevi dəvət olundu. Ikisinə də əməkləri müqabilində nəğd ödəniş etdim. Bu isə teatra maddi zərər hesabına başa gəldi”.
Aranı “qarışdıran” Ibrahim Salamov, işdən çıxarılan xanım aktrisalar…
Direktorun sözlərinə görə, qastroldan qayıtdıqdan sonra Həmkarlar Ittifaqının qərarını əsas tutaraq hər iki aktrisanın işdən azad edilməsi ilə bağlı əmr imzalayıb: “Bütün sənədlər Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Aktrisaların işdən azad olunması hüquqi cəhətdən əsaslandırılaraq protokollaşdırılıb”.
Yeri gəlmişkən, H.Həsənov ondan başda Prezident olmaqla müxtəlif instansiyalara olunan şikayətlərin arxasında məktub müəlliflərindən olan Ibrahim Salamovun dayandığını söylədi. Direktor bizə I.Salamovun şəxsi işləri toplanmış qovluğu göstərdi. Qovluqda I.Salamovun teatrda fəaliyyət göstərdiyi gündən bugünəcən töhmətləri, işdən qovulma dərəcəsi, dərəcəsinin aşağı salınması, kollektiv arasında iğtişaş yaratması, aktrisanı səhnədə döyüb, söymə hadisələrinə dair kağız-kuğuzlar vardı. Nəyə görə məhz “kağız-kuğuzlar”, izah edim. Əksər izahatlar bir neçə adam tərəfindən tərtib olunduğu halda orada cəmi bir imza vardı. Bəzi aktlar bir qələmlə doldurulduğu halda imza və tarix başqa bir qələmlə qoyulmuşdu. Bir neçə izahat yarımçıq bitirdi və altında heç bir imza yox idi. Direktordan illər öncə tərtib olunmuş və heç bir hüquqi əsası olmayan bu sənədləri saxlamağın nə mənası var soruşduqda “heç, elə-belə saxlamışıq” cavabını verdi. “Yaxşı, əgər hər şey bu izahatlarda göstərilən kimidirsə, bəs nə əcəb Ibrahim Salamovu deyil, 2 başsız, tək dolanışıq yerləri bu teatrdan aldıqları cüzi əmək haqqı olan qadınları işdən çıxarmısınız” sualımıza H.Həsənov “mənim Ibrahim Salamovla heç bir problemim yoxdur” dedi.
H.Həsənov onu da əlavə etdi ki, iyunun 17-də müraciətləri mətbuata çıxmazdan öncə də şikayətçiləri teatra dəvət edib: “Izah etdim ki, Siz işə kollektiv müqavilə əsasında işə götürülmədiyinizdən kollektiv şəkildə də işdən azad olunmağınız mümkünsüzdür. Hər birinizlə fərdi müqavilə bağlanıb, əgər işdən çıxmaq istəyirsinizsə, hər biriniz ayrılıqda ərizə ilə müraciət edin”.
Əsmər Qurbanova teatrda çirkin oyunların getdiyi qənaətindədir
Qalmaqalın qurbanlarından olan, Sumqayıt Dövlət Dram Teatrından dəvət almış peşəkar aktrisa Əsmər Qurbanova “Azadlıq”a açıqlamasında direktorun dediklərinin tam əsassız olduğunu söylədi: “Mən mayın 27-də işə gəlmişəm. Məşqə də tam hazır idim. Tərəf müqabilim Ibrahim Salamov da orada idi. Lakin qəfildən Həsən müəllim Ibrahimin tamaşada oynamayacağını bəyan etdi. Səbəbini də belə əsaslandırdı ki, Salyana qastrolu tamaşanın quruluşçu rejissoru Sərvər Əliyev təşkil edib, o isə Ibrahimin tamaşada oynamasını istəmir. Halbuki bundan cəmi 2 gün öncə direktor məni yanına çağıraraq ”hazırlaşın, bəlkə qastrol oldu, baş rollarda da Ibrahimlə sən oynayacaqsan” demişdi”.
Ə.Qurbanovanın sözlərinə görə, mayın 27-də direktor məsələni qəti qoyub; gedisən get, getmirsən, ərizəni yaz sənə yaxşı yol: “Məni izahat yazmağa vadar etdi. Halbuki mən direktorla heç bir şərt kəsməmişəm. ”Gizli məhəbbət” tamaşası aktyor tamaşasıdır və hamı bilir ki, onun uğuru da Ibrahim Salamovla bağlıdır”.
“Mən heç bir roldan imtina etməmişəm”
Bu sözləri “Azadlıq”a məlum hadisələrlə bağlı işdən uzaqlaşdırılmış digər aktrisa Günel Əhmədova deyib. G.Əhmədovanın sözlərinə görə, o, “Gizli məhəbbət” tamaşasında oynamaqdan imtina etməyib: “Əsas rolların ifaçıları Ə.Qurbanova və I.Salamovla bağlı heç bir problem olmadığı halda H.Həsənovun və rejissor S.Əliyevin onlara qarşı qərəzli mövqe nümayiş etdirməsiylə barışa bilməzdim. Çünki onların bu addımı teatrda onsuz da son aylardan bəri qığılcımlanan alovun üzərinə benzin atmağa bənzədi”.
Şikayət edənlərin sırası genişlənir
Yeri gəlmişkən, direktordan narazı olanların siyahısına bir müddət öncə işdən çıxarılmış I dərəcəli aktrisa Sevinc Şirinova da qatılıb. Məlumat üçün bildirək ki, atası Qarabağ savaşında şəhid olan istedadlı aktrisa S.Şirinova uzun illər Mingəçevirdə təşkil olunmuş şəhər tədbirlərini təkrarolunmaz aparıcısı olub.
S.Şirinovanın sözlərinə görə, Mingəçevir teatrında rəhbərlik ətrafında bir neçə adamın suyu bulandırması vəziyyəti bu həddə gətirib çıxarıb: “Özü də bunlar o şəxslərdir ki, teatra, mədəniyyətə, sənətə heç bir şəkildə aidiyyətləri yoxdur. Dəfələrlə bu və ya digər aktrisanın əvəzinə qastrollara getmişəm. Bir gündə bir neçə tamaşada oynamışam. Hətta elə olub ki, bir tamaşada 3 obrazı yaratmışam. Bunu teatrda hamı bilir. Səhnəyə çıxmayan, məşqə gəlməyən aktrisanın dərəcəsi, maaşı artırılır, mənim cəmi bir gün çəkilişlə əlaqədar Bakıya getməyim, özü də icazə alıb getməyim teatrın iş ahəngini pozur? Buna görə məni işdən kənarlaşdırırlar. Halbuki qeyd olunan tamaşada cəmi 2-3 dəqiqəlik çıxışım vardı. Bunu dublyorun etməsi də mümkün idi. Qərəz daha necə olur?”.
S.Şirinovanın sözlərinə görə, teatrın nəzdində fəaliyyət göstərən studiyada imtahanlar keçirilən zaman direktorla əlaqə saxlayaraq və imtahanda iştirak etmək istədiyini bildirib: “Həsən müəllim mənə ”o nə sözdür, imtahana da gəl, səni işinə də qaytara bilərəm, sən bu teatrın aktrisasısan” cavabını verdi. Sevinə-sevinə teatra qayıdanda özümə qarşı fərqli münasibəti gördüm. Direktor kollektivin gözü qarşısında mənə nəinki çox primitivcəsinə hazırlanmış imtahanı, ümumiyyətlə, teatrın binasını tərk etməyi tapşırdı. Sonrdan məlum oldu ki, H.Həsənov S.Əliyev və digərlərinin “internet axtarışları” “bəhrəsini verib”. Mənim aktiv facebook istifadəçisi olmağım onların “xətrinə” dəyib”.
Quruluşçu rejissor facebook-a belə, nəzarət edir
Yeri gəlmişkən, məktub müəlliflərinin fikrincə, yaşanan bütün intriqaların kökündə Bakıdan Mingəçevirə təşrif buyurmuş və bugün teatrda quruluşçu rejissor kimi fəaliyyət göstərən Sərvər Əliyev başda olmaqla bir neçə adam, yaradıcıqla bu və digər formada heç bir bağlılığı olmayan insanlar dayanır. Şikayətçilərin iddialarına görə, teatrda baş verən son hadisələrin mediada, özəlliklə facebook sosial şəbəkəsində qızğın müzakirələrə səbəb olmasından məlumatlı olan S.Əliyev aktyorlara bu şəbəkədə teatrla bağlı hər hansı bir statusa şərh bildirilməsinin onlar üçün acı sonluqla bitə biləcəyinə dair xəbərdalıq edib.
Başqa sözlə, quruluşçu rejissor sosial şəbəkələrə kimi nəzarət etmək və bu barədə direktoru məlumatlandırmaq missiyasını da üzərinə götürüb.
Texniki heyət yaradıcı insanların taleyini müzakirəyə çıxarır
Aktyor Ibrahim Salamovun bildirdiyinə görə, mayın 27-də H.Həsənovun da iddia etdiyi kimi heç bir iclas çağırmayıb, əksinə, direktor 5-6 nəfər texniki işçiylə aktyorları teatrdan uzaqlaşdırma yollarına həsr olunmuş yığıncaq keçirib: “Maraqlıdır ki, Həmkarlar Ittifaqı təşkilatının yaradıcı işçilərin taleyini müəyyən edən ”iclas”da gözətçi, mühasib, elektrik, mühəndis və s. texniki heyət yer alıb”.
H.Həsənovun mətbuata açıqlamasında iyunun 17-də iclas çağırması məsələsinə toxunan aktyor I.Salamovun sözlərinə görə, bu da ağ yalandır: “Direktor 01.06.2013-cü il tarixdə imzaladığı əmrlə həm Ə.Qurbanovanı, həm də G.Əhmədovanı da tutduqları vəzifədən azad etdiyi, başqa bir aktrisaya teatra gəlməyi qadağan etdiyi halda, məni faktiki olaraq bütün tamaşalardan kənarlaşdırdığı bir vaxtda iyunun 17-də iştirakımızla iclas çağırmasını söyləməsi heç bir məntiqə sığmır. Kələfin ucunu itirən H.Həsənov özü də bilmədən faktları təhrif etmək zorunda qalıb”.
I.Salamovun fikrincə, Bakıdan Mingəçevirə “turist səfərinə” gəlmiş Sərvər Əliyev və Həsən Həsənovun bir qrup aktyorla davranışında qərəzli hərəkətlərə yol verdiyi hər addımda hiss olunur.
I.Salamov əlavə etdi ki, bugün Mingəçevir teatrı öz tarixinin ən böhranlı günlərini yaşayır: “Daha doğrusu, bunu teatra direktor Həsən Həsənov, Bakıda heç bir uğur qazanmayıb Mingəçevirdə aldığı müftə maaşla gün keçirən Sərvər Əliyev, mədəniyyətə yabançı olan inzibatçı Esmira Hacıyeva, fəxri ad adlara layiq görülmüş, ancaq əslində rəhbərliyin hər əmrinə ”bəçeşm” deyən bir qrup insan yaşadır. Teatrda yaradıcılıqdan əsər-əlamət qalmayıb. Əvəzində cürbəcür qovğa, intriqa…”
Rəsmi orqanlar susur
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Intiqam Hümbətov Mingəçevir Dövlət Dram Teatrında baş verənlərlə bağlı mətbuata açıqlamasında məsələnin araşdırılacağını demişdi. Onun sözlərinə görə, problem varsa, nazirlik olaraq onlar bu məsələni araşdıracaqlar: “Narazılıq yaranıbsa, bizim tərəfimizdən baxılacaq, lazımi tədbir görüləcək, problem olsa yoluna qoyulacaq. Ona görə heç bir narahatlığa əsas yoxdur”.
Nazirlik rəsmisinin bu açıqlamasından bir aydan artıq müddət ötür, problem isə nəinki həllini tapmayıb, hətta günü-gündən dərinləşməyə doğru gedir.
Son söz əvəzi
Zəngin teatr ənənələri olan Mingəçevir Dövlət Dram Teatrında baş verənlər nə qədər ürəkağrıdıcı olsa da, faktdır. Sənət ocağının adının mətbuatda bu cür qalmaqalla anılması təbii ki, yaxşı hal deyil. Adi bir anlaşılmazlıq məsələnin bu dərəcədə böyüməsinə gətirib çıxarıb. Direktor Həsən Həsənov bizimlə söhbət zamanı hazırda teatrda 110 nəfərin çalışdığını, onlardan 22-nin aktyor olduğunu söylədi (işdən uzaqlaşdırılan 3 aktrisanı çıxmaq şərtiylə). Göründüyü kimi, teatrda çalışanların cəmi 5/1-i aktyordur. Teatrda aktyor, həm də peşəkar aktyor çatışmazlığı var. Problemin həlli mümkünsüz də deyil. Bunu heç kim yox, rəhbərlik, yaradıcı heyət və işdən uzaqlaşdırılan aktyorlar birgə həll etməlidirlər.
Sadəcə, bunu istəmək və ilk addımı atmaq lazımdır…
Azər