Əliyev rejimi son 20 ildə ilk dəfə hakimiyyətdə qalmaq üçün mümkün olan hər vasitədən istifadə etməyə çalışır. Qərbdən sonra Rusiyanı hədəfə alan rejim xalqı, bu dəfə də xalqı… SSRI-nin bərpası ilə qorxutmağa başlayıb. Deputat Asim Mollazadə konqresdəki o məşhur dinləmə zamanı amerikalı siyasətçilərə bunu xatırlatmağa çalışdı. Lakin SSRI kimi bir imperiyanın hələ 30-40 il əvvəl nə zaman çökəcəyini ilinə qədər dəqiq hesablayan amerikalılar bunu “yemədilər” və söhbətin mövzusunu dəyişdilər. Dolayı yolla başa saldılar ki, elə bir şey olsa, xəbərimiz olardı, yaxşısı budur mövzudan danışın.
Mövzu isə, Azərbaycandakı seçkiqabağı ictimai-siyasi vəziyyət idi…
Təxminən 20 ilə yaxın bir dövrdə Əliyevlər rejimi üçün hakimiyyəti saxlamaq o qədər də çətin olmadı desək, yəqin ki, yanılmarıq. Saxta seçki, müxalifətin amansız şəkildə təqibi, təbliğat xatirinə ucuz təbliğat, bir az da şou, vəssalam…
Müxalifət indiki kimi qərbpərəst, ruspərəst elan edilmirdi, rejim adətən onları ermənilərlə işbirliyində “ittiham edirdi”. Qərbpərəst, etiraf etməsələr də, ruspərəst də özləri idi. Hər seçkiöncəsi isə, Rusiya Təhlükəsizlik Şurasının keçmiş sədri Vladimir Ruşaylo müşahidə adı ilə gəlib otururdu Bakıda və yalnız seçkinin nəticələri elan olunandan sonra Moskvaya qayıdırdı.
Hazırda iqtidar seçkiöncəsi davranışı ilə hər kəsi təəccübləndirir desəm, yəqin ki, yanılmaram. Bu durum işğalçı Ermənistana qaz təklifi ilə başlandı, antiQərb təbliğatı ilə davam etdi, indi də rus və SSRI-nin bərpa “təhlükəsi” haqda danışırlar.
Əliyev iqtidarının hakimiyyətlə vidalaşmaq təhlükəsi ilə üzbəüz qalması Vladimir Putinin yenidən Rusiya prezidenti seçilməsindən sonra özünü daha da qabarıq göstərməyə başlayıb. Rusiya rəhbərliyi hər addımda Azərbaycan iqtidarına yumşaq şəkildə biganə olduğunu nümayiş etdirir.
Və orası da dəqiqdir ki, bu seçkiyə Ruşaylo və onun dəstəsi gəlməyəcək, nəticələr elan olunana qədər Bakıda oturub, “kimin nə sözü var?” deməyəcək. Əlqərəz, görünən budur ki, Rusiya Azərbaycandan əlini üzməsə də, Azərbaycan iqtidarından əlini üzüb… Belə olan şəraitdə, iqtidar bu günə qədər arxasında duran Rusiyaya nifrət yaratmaq üçün SSRI kartından istifadə etməyə başladı. Sual olunur, doğrudanmı Rusiya öz müstəqilliyindən də imtina etməklə, keçmiş SSRI-ni bərpa etmək istəyir?
Heç kimə sirr deyil ki, Rusiya bu günə qədər Baltikyanı ölkələr və Gürcüstan xaric, bütün postsovet respublikalarını nəzarətdə saxlaya bilib. Səbəb sadədir, bu ölkələrin hamısı öz diktatorları tərəfindən amansız şəkildə qarət edilib və bu, Rusiya və bəzi beynəlxalq dairələrin himayəsi sayəsində mümkün olub.
Hazırda keçmiş postsovet məkanında tragikomik bir vəziyyət yaranıb. Diktatorlar öz ölkələrinin bütün sərvətini, demək olar, ələ keçiriblər və vəziyyətdən çıxış yollarına görə fikir ayrılığı yaşayırlar.
Nazarbayev başda olmaqla, bir qrup təklif edir ki, gəlin vahid bir iqtisadi məkan yaradaq və tədricən aradan çıxaq, çünki yığdığımız bizdən sonra gələn bütün nəslimizə çatar. Qalmaqda israr etməklə risk edirik və hər şeyi itirə bilərik.
Digər bir qrup isə bununla razılaşmır və sonadək hakimiyyətdə qalmaqda israrlıdır. ..
Əslində belə bir iqtisadi məkan hazırda səfalət içində yaşayan, vətəndən didərgin düşən milyonlarla sadə Azərbaycan vətəndaşının güzəranının bir qədər yaxşılaşmasına və onların ən azı sərbəstlik qazanmasına səbəb olardı…
Nəhayət gələk iqtidarın xalqı “SSRI-nin bərpası” ilə qorxutmasına… Razılaşın ki, bu rejimin təbliğat maşınının qəzaya uğraması, atalar demişkən, “oğrunun yadına daş salmaq”dır. Rejimin sayəsində insanlar sovet dövrünü şirin nağıl kimi xatırlayırlar. Insanların əksəriyyəti bu dövrdə aldığı evlərdə yaşayır, o illərdə topladığı sərvətin hesabına bu gün bəzi problemlərini həll edə biliblər. Və ən dəhşətlisi odur ki, insanlar o dövrün həsrəti ilə yaşayırlar və biz də onlarla razılaşmaq məcburiyyətindəyik. “Müstəqillik yalnız məmurların cibini doldurdu” məntiqinin qabağında nəsə söyləmək çox çətindir. Vətəndaş haqlıdır.