Dünənki yazımda itlərin və jurnalistlərin güllələnməsindən danışmışdım. Bu gün “Azadlıq”ın əməkdaşlarının “Qasid” firmasının qarşısında keçirdiyi etiraz aksiyasından sonra bir daha dərk elədim ki, əslində jurnalisti təkcə gicgahına güllə dayamaq, ürəyinə bıçaq saplamaqla öldürmürlər. Azğın, vəhşi və tərbiyəsiz kapitalizmin hökm sürdüyü, üstəlik, diktatura tipli rejimlərdə bunun çeşid-çeşid yolları var.
Azərbaycan da təbii ki, belə ölkələr sırasına aiddi və bu ölkədə jurnalisti yalnız o zaman öldürürlər ki, azğınların nəfsi-izzəti zədələnir və hökm verilir: GÜLLƏLƏNSIN!
Şəxsən heç kəsə, hətta ö cür hökmləri verən ən qəddar ünsürlərin özünə belə, mən tez başa gələn, ümumiyyətlə, hər hansı güllələnmə arzulamıram, ancaq sırf jurnalistə, yazara qalanda hesab eləyirəm ki, odlu silahdan, soyuq silahdan gələn ölüm, haqqında danışacağım ölüm üsulundan daha humanistdi.
Yaza-yaza ağlıma gəlir ki, əslində Azərbaycandakı idbar durumu göstərmək üçün elə bu ölümlərin arasında müqayisə aparmaq faktı yetərlidi. Necə yəni, filan cür ölüm filan cür ölümdən daha humanistdi? Ölümün də humanisti olurmu? Ancaq nə edəsən… və görün durum nə qədər acınacaqlıdı ki, mən “ölümlərdən ölüm seç” deyən Əzrayıl övladlarının təbirincə oxucularıma hansısa ölümün üstünlüklərindən və ya hansınınsa murdarlığından danışmaq istəyirəm. Sözün qısası, sanki ikicə seçim var: Ölüm və ölüm. Hansını istəyirsən, seç. Azadsan və heç vaxt olmadığı qədər!
Bəli, “Qasid”in qarşısındakı aksiya məhz iki ölümdən birinə etiraz idi. Yəni bu jurnalistlər sanki demək istəyirdilər: Biz gicgahımıza sıxılan güllədən gələcək ölümü seçirik. Lütfən, bizim haqqımızı verin!
Yox, bu hakimiyyət o qədər də sadəlövh deyil ki, bir qəzetin əməkdaşlarını divara düzüb bir atəş əmri ilə hər birini susdursun. Təbii ki, dünya-aləm veclərinə deyil. Yox, bu, qorxusuzluqdan və ya supermən olmalarından doğmur onların. Sadəcə, daha acı ölümü layiq bilir onlar bizlərə. Övladlarımızın tənəli baxışları altında hər gün bir az daha ölməyimizi, utanmağımızı, əriyib yerə girməyimizi, doğmalarımızın gözünün içinə dik baxa bilməməyimizi arzulayırlar. Jurnalistin bətninə daxili senzor toxumu əkib özünü özündən iyrəndirərək, əyərək, sındıraraq öldürmək istəyirlər.
Və bütün bunları elə şeylərin fonunda həyata keçirirlər, sanki Tanrının belə bu qədər humanizmə gücü çatmazmış! Həm məni tənqid edirsiz, həm mənə qarşısız, ama baxın, mən sizə ev, maddi yardım verirəm. Bu yardımlar, bu evlər bizim hansı yaramızın üstünü örtəcək?
Dəhşət də elə bu qrand layihələrindədi. Hakimiyyət özünü şirin, səni borclu və gözükölgəli duruma salır, ancaq sənin zəhmətinin, istehsal etdiyin halal məhsulun haqqını almana imkan vermir.
Elə bil, Teymurləng hökm verir: “Qırın bu kafirləri! Bir başıpapaqlı qalmasın!”
Və o biri yandan sənin bəzi maddi borclarını yada salırlar… Bunu ödəməyini tələb edirlər, haqqını isə vermək məqamı gələndə, ağlaşma qururlar.
Bəs bu, jurnalisti öldürmək deyil də, nədi?
Bu, jurnalisti şirin canından bezdirməkdi, usandırmaqdı, acından öldüyün yerdə yağlı əppək göstərib şirnikləndirməkdi.
Bu, ölümlərin ən işgəncəlisidi.
Haçansa, kimisə güllə ilə öldürüblərsə, əminəm ki, indi ondan peşmanlıq hissi keçirirlər. Onunçün yox ki, vicdanları sızlayır. Çünki indi onlar ölümün ən işgəncəlilərini tapıblar. Və bu gün biz aksiya keçirib daha humanist ölümü seçdiyimizi tələb edirik. Bizi güllələyin, ama uşaqlarımızın ruzisini kəsməyin. Ölüm olsun belə həyata. Ölüm olsun sizin bütün ölümlərinizə. Ölüm olsun ölümlərdən ölüm seçdirən rejimə!