Danışan dilləri susdurmaq siyasəti

Nurəddin İsmayılov

“Azadlıq” radiosunun əməkdaşı X.Ismayılova Binəqədi Rayon Məhkəməsinin ona kəsdiyi 400 manat cəriməni ödəməkdən imtina etdiyinə görə 220 saatlıq ictimai işə cəlb edildi. Xanım jurnalist küçələri süpürmək hesabına olsa belə bu hakimiyyətin qanunsuz tələblərini yerinə yetirməyəcəyini bildirdi. Bəyan etdi ki, xalqın ləyaqətli süpürgəçisi olmaq, ləyaqətsiz hökmə tabeçilik göstərməkdən min dəfə şərəflidir.
Doğrudan da ölkə adına utanc gətirən və dünyada biabırçı hal kimi qarşılanan bir hadisə baş vermiş. Qadın fəalların ayrı-ayrı adlar adı altında həbsə atıldığını, onların saçlarından tutub polislərin yerdə sürüdüyünü görən vətəndaşlarımız indi də peşəkar bir jurnalistin küçələri süpürmək kimi bir cəzaya çatdırıldığının şahidi oldu.
Əslinə qalsa, azad mətbuata, özgür düşüncəyə, özünü ifadə azadlığına qənim kəsilən bir rejimdən bundan başqa şey gözləmək absurddur. Bir ölkədə ki haqqı dediyinə, rejimin mahiyyətini işıqlandırdığına görə cəsur qələm sahibi E.Hüseynov qətlə yetirilirsə, onlarla jurnalist öz peşə borcunun ünvanında döyülmək, əzilmək, işgəncəyə məruz qalmaq, həbsə atılmaq kimi qorxunc səhnələrlə rastlaşırsa, bir ölkənin ki yazarları müəllifi olduğu yazıya görə hakimiyyətin ölümlə səsləşən təhdidləri ilə qarşılaşırsa, onda Xədicə xanımın küçələri süpürmə cəzasına yetirilməsi onun üçün göydəndüşmə “mükafat”dır.
Amma “niyə belə olmalıdır” sualı hər kəsi düşündürməlidir. Nə üçün bir tərəfdən jurnalistlərə mükafatlar ayıran, onların mənzillə təmin ediləməsi “qayğısına” qalan hakimiyyət digər tərəfdən ölkənin tanınmış yazarlarını gözardı edir, onları həbslərlə, repressiyalarla üz-üzə qoyur.
Gizli deyil ki, bu ölkədə hakimiyyət “mərhəmət”inə sığınan və bu “mərhəmət”dən məhrum olan jurnalistlər var. Kimlər ki, yazıları, düşncəsi ilə hakimiyyətin ruporuna çevrilib, onlar nəinki təqib və təzyiqlərdən sığortalanır, əksinə, bu cür yazarlar hakimiyyətin onlara ayırdığı ənamlar hesabına lap kef də çəkirlər. Kimlər ki, müstəqil düşüncəyə, azad qələmə sahibdir və onlar dayanmadan bu hakimiyyətin yaramaz siyasətinin tənqidçisi rolunda çıxış edir, o cür jurnalistlər daim təqib, təzyiq və qorxu altında saxlanılır.
E.Hüseynov hakimiyyətin sərt tənqidçisi olduğuna görə günün günorta çağı ölümlə üz-üzə qaldı. X.Ismayılova hakim ailənin xarici ölkələrdəki gizli biznesini aşkarladığına, bu faktları dünyanın diqqətinə çatdırdığına görə daim təqib altındadır və bu təqiblər onun araşdırıcı yazıları durduqca qüvvədə qalacaq. Bəs ayrı-ayrı siyasilərə, gənc fəallara, azad jurnalistlərə qarşı başladılan repressiyaların getdigcə daha geniş vüsət almasının arxasında nə durur? Təbii ki, günbəgün artan, metod və üsullarına görə daha iyrənc forma alan bu repressiyalar qarşıdan gələn seçkilərə qədər sanitar təmizləmə məqsədi daşıyır.
Hakimiyyət bu repressiyalarla, həbs və işgəncələrlə seçkilərin saxtalaşdırılmasına münbit şərait yaratmaq istəyir. Istəyir ki, seçki marofonu başlayana qədər bütün siyasi opponentlər, aksiyalarda, sosial şəbəkələrdə aktiv minlərlə insanın oyanmasına stimul verən gənc fəallar, yazıları ilə toplumu bu rejimə qarşı mübarizəyə səsləyən yazarlar aradan çıxsın. “NIDA” hərəkatının, Azad Gənclər təşkilatının gənc üzvlərinin, siyasi partiyaların funksionerlərinin, tanınmış hüquqşünas və vəkillərin, peşəkar jurnalistlərin qanunsuz həbsləri bunlardan xəbər vermirmi?
Ölkəmizi Liviyanın, Suriyanın, Misirin gününə qoymaq istəyənlər kor zehniyyətlərindən əl çəkmir və onlar dayanmadan ökəni qarşısıalınmaz inqilablara sürükləyirlər. Aktivlik göstərən, ictimai-siyasi dəyişilmələr tələb edən hər bir kəs onların süngü siyasəti ilə üzləşir. Sanki, bu ölkədə onlardan başqa bir kimsə söz sahibi ola bilməz və hakimiyyətdə qalmaq əbədən onların boyuna biçilib.
Jurnalistlərin hədəf götürülməsi isə onların gizli fəaliyyətinin xalqa aşkarlanması qorxusundan irəli gəlir. Onlar istəmir ki, hər hansı bir jurnalist hakimiyyətin talançı, istismarçı siyasətinin mahiyyətini xalqa çatdırsın. Hakim sülalə, sülalənin himayəsinə sığınan oliqarxlar jurnalistlərin onların hər bir gizlin fəaliyyətini açmaqdan, Azərbaycanın milli sərvətini necə dağıtmalarını ifşa etməkdən çox əndişə duyurlar və onlar bu əndişələrin aradan qaldırılmasının təkcə yolunu jurnalistləri “təksilah” etməkdə görürlər.
Ancaq unudurlar ki, bu ölkənin azad düşüncəli, satılmayan, hakimiyyətdən pay ummayan və tək amacları həqiqəti dilə gətirmək olan cəsur yazarları var və onlar ölkəmizdə yaşanan rəzalətlərin gizlin qalmasına heç vaxt imkan verməyəcək.