“Rüstəm müəllimi qeydiyyata alsalar mən sözsüz ki, onu dəstəkləyəcəm”. Bu fikirləri tanınmış politoloq, vaxtilə Azərbaycanın əsas siyasi fiqurlarında olan Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında bildirib.
Seçkiqabağı vəziyyəti şərh edən politoloq Milli Şuranın vahid namizəd seçiminin düzgün olduğunu deyərək hakimiyyətin Rüstəm İbrahimbəyovdan çəkindiyini vurğulayıb. Z.Əlizadə daha sonra ölkənin iki aparıcı siyasi partiyası olan AXCP ilə Müsavat arasında son yaşanan seçki qalmaqalından söz açıb. Onun sözlərinə görə, Milli Şuranın vahid namizədi qeydiyyata alınmasa, AXCP və Müsavatın yolları ayrılacaq.
“Müsavat Partiyası Milli Şurandan əvvəl İsa bəyin namizədliyini elan eləmişdi. Milli Şura yaranandan sonra Müsavat Partiyası sonradan Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini açıqladı. Qaldı ki, digər problemlər hökumətin problemləridir. Hökumət real rəqabətdən çəkinir. Ona görə, ikili vətəndaşlıq məsələsini qabardırlar ki, Rüstəm İbrahimbəyovu qeydiyyatdan keçirməsinlər. Rüstəm müəllim faktiki olaraq Rusiya vətəndaşlığından imtina edib. Sabah-biri gün onun vətəndaşlığı ləğv ediləcək. İsa Qəmbərin namizədliyinə gəlincə, Milli Şuranın layihəsi alınmasa bu ideya iflasa uğrayacaq. O zaman Müsavat öz namizədi ilə seçkiyə gedəcək”-deyə politoloq bildirib.
Z.Əlizadə hesab edir ki, Milli Şuranın vahid namizədi qeydiyyata alınmasa, müxalifətin seçkiyə getməsi alçaqlıqdır:
“Rüstəm müəllimin namizədliyi qanunsuz olaraq qeydiyyata alınmasa, o zaman AXCP istər seçkiləri boykot edər, Müsavat da istəyərsə seçkilərə gedər. Amma belə olan halda hakimiyyətə rəqib kimi seçkiyə getmək alçalmaq deməkdir.
Vahid namizədin qeydiyyata alınmaması ilk növbədə gələcək rəhbərliyin legitimliyini şübhə altına alacaq. Boykota gəlincə, bu siyasi partiyaların mövqeyindən asılıdır. Elə partiyalar var ki, onun seçkini boykot eləməsi heç nəyi dəyişməyəcək. Amma Milli Şurada təmsil olunanlar cəmiyyətdə nüfuzu olan adamlardır”.