Camaat «qara gün» üçün hücuma keçib…
Dünya bazarında qızılın ucuzlaşması davam edir. Son beş ildə qızılın qiymətində nadir hallarda bahalaşma hiss olunur. Son 30 ildəsə bu il ərzində qızılın qiyməti bu qədər enməyib. Bu niyə belədir? Qızılın ucuzlaşması, bazara təsirini göstərirmi? Adətən bir şey ucuzlaşanda insanlar bazara can atır və məhsullardan bacardıqları qədər daha çox almaq istəyirlər. Indi bəs necədir? Bu suallara cavab tapmaq üçün paytaxtın ən böyük qızıl satışı ünvanı olan – Mərkəzi Univermağa (MUM) baş çəkdik.
MUM-da sarı qızıla maraq çoxdur
Sözügedən ünvanın qızıl şöbələri 1-ci və 2-ci mərtəbədə yerləşir. 1-ci mərtəbədə nisbətən ucuz Rusiya və Türkiyə qızılı təklif edilir. 2-ci mərtəbədə isə daha baha olan Italiya və Dubay (Birləşmiş Ərəb Əmirliklərinin) qızılı üstünlük təşkil edir.
Elə biz düşündüyümüz kimi də oldu. Birinci mərtəbədə insan izdihamı gözə dəyir. Birinci mərtəbədə brilyant, platin, gümüş və sair zinət əşyaları satılsa da, alıcılar daha çox qızılla maraqlanır.

Buradan bir neçə dəfə reportaj hazırladığımızdan deyə bilərik ki, MUM-un rəhbəri mətbuata qapalı şəxsdir. Yəni jurnalistlərin içəridə reportaj hazırlamasına, çəkiliş aparmasına icazə vermirlər. Ona görə də özümüzü alıcı kimi aparıb, qızılların qiymətləriylə maraqlandıq.
Satıcılarla söhbət zamanı məlum oldu ki, son aylarda qızılın qiymətinin ucuzlaşmasının onların işinə xeyri dəyib. Düzdür, indi onlar əvvəlki kimi daha çox qazana bilməsələr də, gətirdikləri məhsulları o qədər də gec satmırlar.
“Indi qiymətlər əvvəlki aylara nisbətən bir azda ucuzlaşıb. Hər qrama görə alıcı təxminən 3-4 manat qabağa düşür. Indi Rusiya və Türkiyə qızıl məmulatı işlənmə səviyyəsindən asılı olaraq qramı 28-33 manat arasında satılır. 7-10 qramlıq boyunbağılar 250-350 manat, 4-5 qramlıq üzük və sırğalar isə 120-150 manat arasındadır”,- deyə satıcılar söyləyirlər.
Satıcılar 750 əyarlı italyan qızılını daha çox məsləhət görürlər. Onların sözlərinə görə, qiyməti rus qızılından bir az baha olsa da, keyfiyyəti yüksək, tərkibi təmizdir. Ancaq buna baxmayaraq, alıcılar daha çox Rusiya və Türkiyə məhsullarına üstünlük verirlər: “Bəlkə də ənənə ilə bağlıdır. Dədə-babadan həmişə deyiblər ki, ən yaxşı qızıl rus qızılıdır. Ona görə də camaatın çoxu buna üstünlük verir. Həm də qızıl alanların böyük bir qismi toya hazırlaşanlardır ki, onlar da çəkinin çox, qiymətin ucuz olmasına fikir verirlər”.
Zərgər üçün qızılın düşməsinin heç bir fərqi yoxdur
Alıcılarla da söhbət edirik. Məlum olur ki, toya hazırlaşan ailə ən ucuz qızıl dəstini almaq ona azı 1000-1200 manata başa gələcək. Bu, ötən dövrlərlə müqayisədə ucuzdur. Qiymətin ucuzlaşmasını bilən, ancaq toya hazırlaşamayan cütlüklər də artıq əl-ayağa düşüb. Çünki onlar bu fürsəti əldən vermək istəmirlər.

MUM-dan ayrılıb, yaxınlığında yerləşən zərgərlik dükanına baş çəkirik. Elman adlı zərgər deyir ki, qızılın düşməsi onun satdığı əntiq əşyalarına heç bir təsir göstərməyib. Sözlərinə görə, o, sifarişlə işləyir: “Sifarişlə işləyən zərgərlərın məhsullarında qram söhbəti olmur. Elə əl işləri var ki, tərəziyə qoysan 10 qramdır, amma qiyməti 1000 manatdan çox edir. Əgər biz onu qramla satmalı olsaq, heç 200 manat etməz”.
Qızılın qiymətinin düşməsinin ona sərf etdiyini deyir: “Biz başqa yerdən qızıl alıb əridib, sifarişçinin istədiyini hazırlayırıq. Qızılın qiyməti düşəndə bu bizə sərf edir, çünki ucuz alırıq. Özümüz isə ucuz satmırıq (gülür). Çünki biz, öncədən dediyimiz kimi, sifarişlə işləyirik. Haradansa qızıl gətirmirik. Kataloqu alıcılara təqdim edirik, o xoşuna gələnləri bizə deyir, biz də bir həftə ərzində düzəldib ona təhvil veririk. Bizim satıcılardan fərqimiz odur ki, birindən alıb, o birinə satmırıq. Iş görürük, əziyyət çəkirik”.
Zərgərin sözlərinə görə, hazırda o, dəyəri 1800 manat olan ağ qızıldan sifariş edilən dəstin üzərində işləyir.
“Moskva” univermağında 50 faizli endirimlər

Növbəti üz tutduğumuz məkan Bakının ikinci ən böyük qızıl dükanı sayılan “Moskva” univermağıdır. Burada MUM-dan fərqli olan başqa bir aura var. Alıcıya yaxınlaşırsan, xoşuna gəldiyin qızıl məmulatına baxırsan. Bu zaman üstündə yazılan qiymət 700-800 manat olur. Elə ki, sənin fikrinin ciddi olduğunu satıcı görür, o dəqiqə qiymətdə birdən-birə 200-300 manat endirim olur. Bir az da dirəniş göstərəndən sonra 50 manat da aşağı düşürə bilərsən. Elə bizim yanımızda bir alıcı üstündə 850 manat yazılan ağ qızılı, nə az, nə çox, düz 450 manata ala bildi.
Satıcılarla söhbət zamanı bəlli oldu ki, məmulatların üzərinə belə bir qiymət yazmasının özəl bir səbəbi var. Belə ki, alıcılar bu qiymətləri görür və qiymətin birdən-birə bu qədər endirimindən şoka düşür və həmən alır. Dediklərinə görə, həqiqətən məhsul almaq üçün bura gələn alıcı çox nadir hallarda ilk üz tutduğu “qızıl piştaxtasından” uzaqlaşır.
“Moskva” univermağında yer haqqı bir az baha olduğu üçün belə bir addım atmağa məcbur olublar. Deyirlər ki, üstündə yazılan qiymətə ayda iki qızıl məmulatı satsalar, yerpulu çıxır.
“Elə imkanlı alıcılar olur ki, məhsula baxır, xoşu gəlirsə, daha endirim söhbəti etmir, həmən pulu verir və alır”.
Qızılın qiymətinin düşməsiylə də bağlı satıcılarla söhbət edirik. Burada da MUM-dakı kimi ab-hava var. Satıcılar deyirlər ki, qızılın qiymətinin düşməsi müəyyən qədər də olsa xeyirlərinə işləyir: “Indi alıcı çox azdır, çoxu elə satır. Imkansızlıqdan adamlar gəlib məhsullarını bizə verirlər. Əvvəllər məhsula baxıb qiymət deyirdik. Qızılın sahibi razı olardısa, həmin dəqiqə pulu ödəyirdik. Indi bizdə də pul olmadığı üçün, tələbat azaldığından məmulatı alıb satışa qoyuruq. Nə vaxt satılsa, sahibinə xəbər edirik. Indi qiymətin bir az enməsi müəyyən qədər də olsa bizə sərf edir. Çünki camaat ucuzluğa qaçır. Evində bir az pulu olan dar günü üçün qızıl alır”.
Ramin DEKO


