Dünən Gültəkin Hacıbəyli sadəcə keçmiş deputat idisə, bu gün müxalif düşərgənin önəmli liderlərindən biri, xalqın sevdiyi ictimai xadimdir
Şərq ölkəsi olmağımızdandırmı, yoxsa, ümumiyyətlə, genetik problemdimi, bilmirəm. Amma reallıq odur ki, Azərbaycanın min illik tarixində kişi siyasi liderlər, sərkərdələr kifayət qədər olsa da, qadın liderlər, diplomatlar barmaqla sayılacaq həddədir. Bilinən tariximizin əvvəlindən başlasaq, Tomris, Sara Xatun, Natəvan, sovet tariximizdə bolşevik ideologiyası daşıyıcısı olsalar da Ayna Sultanova, Elmira Qafarovanı adını çəkə bilərik. Azərbaycanın müstəqillik siyasi tarixində isə Lalə Şövkət Hacıyeva, Gözəl Bayramlı kimi çox az sayda barmaqla sayılacaq lider rolunu oynayan qadınlar var. Ictimai-siyasi proseslərdə iştirak edən kifayət qədər xanımlar olsa da, liderlik məsələsində onlar daim geridə qalırlar. Son zamanlar isə mənim və mənim kimi on minlərin tanıdığı yeni xanım siyasi lider yetişməkdədir. Bəlkə də indi qeyd edəcəklərim üçün çoxları məni qınayacaq. Amma mən sabiq millət vəkili, hörmətli ziyalımız Gültəkin xanım Hacıbəyliyə qarşı olan təzyiqlərə bir o qədər də qəzəblənmirəm. Doğrudur, hakimiyyətin atdığı addımlar, etdiyi təzyiqlər əndazəni aşıb. Bir insana, bir anaya, bir xanıma qarşı hakimiyyətdə vəzifə tutan və pasportda kişi cinsinə məxsus olduğu göstərilən böyük bir qrupun mübarizə aparması utancvericidir. Bu, bir rəzalətdir. Lakin nəzərə alanda ki, bütün bu olanlar Gültəkin xanımı daha da mətinləşdirir, möhkəmləndirir, o zaman ona qarşı mübarizə aparanların məğlub olacağı qənaətinə gəlirsən.
Əminliklə deyər bilərəm ki, Azərbaycan hakimiyyəti bu basqılarla Azərbaycan xalqının yeni bir xanım liderinin daha da tanınmasına, güclənməsinə, mətinləşməsinə gətirib çıxarır. Indiyəqədərki mübarizədə kimsədən övladını əlindən alacaq qədər alçaq qərarlar verməyə qalxmamışdılar. Amma artıq bu addımın da atılması onu göstərir ki, onlar Gültəkin xanımdan həqiqətən çəkinirlər. Bu addımlarla onu yormaq, ruh düşkünlüyünə salmaq istəyirlər. Evinə, əmlakına həbs qoymaqla, iqtisadi sanksiyalarla maddi vəziyyətini çətinləşdirməyə çalışırlar. Bütün bu məkrli oyunlar heç bir siyasi partiyası, təşkilatı olmayaq ziyalı bir xanıma qarşı aparılır. Özü də o xanıma qarşı ki, zamanında parlamentdə təmsil olunub. Azərbaycan dövlətinin nümayəndəsi kimi beynəlxalq aləmdə tanınıb. Savadı, ziyalılığı, ağlı ilə o, Azərbaycan dövlətinin sərvətidir. Başqa ölkələrdə Gültəkin xanım kimi ictimai-siyasi xadimlərə dövlət hesabına fondlar yaradılır. Onun xalqa xidmətləri dəyərləndirilir. Azərbaycanda isə dövlət aparatını bir qrup mafioz işğal etdiyindən dövlətin mənəvi və intellektual sərvəti olan insanlara qarşı mübarizə aparılır.
Bir xanıma qarşı bütün dövlət aparatı səfərbər edilib. Ancaq o, əyilmir, sınmır, mərdi mərdanə mübarizə aparır. Kişi adı daşıyanlar isə xəcalət çəkmədən ona zərbə vurmağa çalışırlar. Bütün zərbələrin fonunda isə Azərbaycanın yeni bir xanım siyasi lideri yetişir. Artıq onu on minlər, yüz minlər tanıyır. Artıq o, Azərbaycanın müxalif siyasi düşərgəsində qəbul olunan bir şəxsdir. Dünənə qədər Gültəkin xanım sadəcə keçmiş deputat idisə, bu gün bir siyasi liderdi. Və artıq o, siyasi lider kimi də xalqın inamını doğrultmaqda, çətinliklərə mətanətlə sinə gərməkdədir. Şəxsən mən və mənim kimi on minlər Gültəkin xanımla qürur duyur, mənəvi olaraq hər zaman onun yanında olduğumuzu bildiririk. Çünki o, təkcə bir siyasi düşərgənin, bir çevrənin yox, bütün xalqın, toplumun mənəvi sərvətidir.