Asim Mollazadənin Viktoriya işarəsi

Iyulun 16-da Vaşinqtonda ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmədə Milli Şuranın Rusiyanın layihəsi kimi təqdim edilməsi və müxalifətin vahid namizədi Rüstəm Ibrahimbəyovun guya Rusiya vətəndaşı olması, buna görə də prezidentliyə namizədliyinin qəbul edilə bilməyəcəyi haqda fikir səsləndirən hakimiyyət nümayəndələrinin sözünün davamı olaraq çıxış edən deputat Asim Mollazadə Gürcüstanı misal gətirərək, başqa keçmiş Sovet respublikalarında da Rusiya vətəndaşlarının vəzifələrə seçildiyini, sonradan həmin ölkələrdə problemlər yaşandığını deyib və Dövlət Departamentinin təmsilçilərindən soruşub: “Putinin Sovetləri bərpa cəhdi haqqında nə düşünürsüz?”.
Asim bəy həmişəki kimi diplomatik tryukdan istifadə edib. Hakimiyyət nümayəndələrinin normal şəkildə ifadə edə bilmədiyi fikri dilə gətirib. Onun deməyindən tam olaraq belə çıxıb ki, baxın, “demədi” deməyin, Ibrahimbəyov prezident seçilsə, SSRI bərpa olunacaq. Yəni Azərbaycanın yeni prezidenti Rüstəm bəy olan kimi Putinin planı həyata keçəcək. Sanki bütün planlar Azərbaycanın prezidentinin kim olması üstündə qurulub, o boyda imperiya bizdən və ya bizim yeni prezidentdən asılıdı.
Bu çıxışda çox dolayısı yolla olsa da, Ibrahimbəyovun Rusiyanın casusu olması fikrinə gizli göndərmə var. Əslində bu, çox ağır ittihamdı və Milli Şuranın, Ibrahimbəyovun Rusiyanın layihəsi olması ilə bağlı hakimiyyətin gah nala, gah mıxa vuran fikirlərindən fərqli olaraq, çox konkretdi. Sadəcə, yenə deyirəm, Asim bəy diplomatik fəndləri bilən adamdı və bu dəfə də eyhamı aydın olmaqla bərabər, Ezop dilindədi. Informasiya vermədən informasiyanı belə çatdırırlar.
Asim bəyin çıxışından daha bir fikir hasil olur. Belə çıxır ki, müxalifətin vahid namizədi prezident seçilsə və vəzifə başına keçə bilsə (çünki bunlar ayrı-ayrı şeylərdi – ortada 2003 faktı var), Sovetlər bərpa olunacaq, Azərbaycan da Ittifaqın tərkibinə girəcək. Yəni, 1) Indiki prezident Azərbaycanın müstəqilliyini hər kəsdən çox istəyir (“sevir” də demək olar); 2) Müxalifətin dərdi-səri Azərbaycanı Rusiyanın tərkibinə soxmaqdır; və nəhayət, 3) Azərbaycan xalqı heç kimdi. Heç kim!!! 
Üçüncü bəndlə bağlı bu cür düşünmə cürətini əlbəttə ki, Asim bəy xalqın indiki iqtidar qarşısında bivec susqunluğundan alır. Lakin özü də bilir ki, tamamilə yanılır. Müvəqqəti susqunluğa aldanmaq bir siyasətçiyə yaraşmaz. 
Oradaca ABŞ rəsmiləri Asim bəyin fikrinə belə reaksiya verib: “Xarici oyunçular kimi biz sadəcə doğru qərarlara onları həvəsləndirə bilərik. (…) Böyük güclər bəzi hallarda proseslərə təsir edə bilər. Amma sonunda hər şey xalqların özündən asılıdır. Biz xalqların istədiyindən çox iş görə bilmərik. Əminik ki, Azərbaycanda da xalq demokratiya istəyir. Buna çox əminik. Buna görə də demokratiyanı müdafiə edirik”. Bəs görəsən Azərbaycan xalqı demokratiya istəyirmi? Bunu seçkidə biləcəyik.
Bütün bunlarla yanaşı, dünənki dinləmə kuryoz bir şeylə də yadda qaldı. Sosial şəbəkələrdə həmin dinləmədən yayılan bir foto-şəkildə Asim bəy iri plandaydı. Şəkildə əlinin şəhadət və orta barmağını dodaqlarının ətrafında açıb və bu açılışdan “V” – “Viktoriya” – işarəsi görünür. Bu işarəni isə sosial şəbəkə istifadəçiləri yarızarafat, yarıgerçək onun azadlıq işarəsi verməsi kimi yozublar. Məzəli yozumlar olsa da, Azərbaycan insanının – onun adından bir toplantıya getmiş deputatın ağzını güdməsini, ağzını necə tutmasını belə dərin mənalara, daha doğrusu, azadlıq anlamında yozmağa necə can atdığını göstərir. Görün, bu xalq bu merət azadlığa nə qədər susayıb ki, az qala kiminsə burnunu necə qurdalamasından da “V” çıxarmağa çalışır. Ancaq təşnəliymizi kimə başa sala bilirik ki?..