Davudoğlunun Bakı səfərinin pərdəarxası

Elxan Şahinoğlu: «Hazırda Türkiyənin Azərbaycanın xarici siyasətində müəyyən dəqiqləşdirmələrə ehtiyacı var»

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən axşam saatlarında Azərbaycana səfərə gəlib. Səfər barədə “Trend”ə açıqlama verən Türkiyə XIN rəhbərinin müşaviri Osman Sərt birgünlük səfər çərçivəsində Türkiyə XIN rəhbərinin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə iftar mərasimində iştirak edəcəyini deyib. Davudoğlu Azərbaycanın digər rəsmi şəxsləri ilə də bir sıra görüşlər keçirib.
Məlumatın səfər günü açıqlanması Davudoğlunun Bakıya gəlişinin əvvəlcədən planlaşdırılmadığını deməyə əsas verir. Gözlənilməz səfər nə ilə bağlı ola bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin gündəminin zəngin olduğunu, daxili problemlərlə yanaşı Suriya məsələsinə də vaxt ayırmaq məcburiyyətində qaldığını deyir. Belə bir məqamda Davudoğlunun Azərbaycana qəfil səfəri onu deməyə əsas verir ki, ikitərəfli münasibətlərdə müzakirəyə ehtiyacı olan məsələlər var: “Müxtəlif problemlər, Türkiyə-Azərbaycan əlaqələri, enerji məsələləri müzakirə oluna bilər. Dağlıq Qarabağ məsələsində irəliləyiş yoxdur. Ona görə bu istiqamətdə fikir mübadiləsinin olacağı gözlənilmir. Çox güman ki, əsas regional məsələlər müzakirə olunacaq”.
Ekspertin sözlərinə görə, iki müttəfiq dövlətin xarici işlər nazirlərinin mütəmadi səfərləri normal haldır. Hazırda Türkiyənin Azərbaycanın xarici siyasətində müəyyən dəqiqləşdirmələrə ehtiyacı var. Amma hər hansı önəmli mövzunun gündəmə gətiriləcəyini ehtimal edilmir.

Fizzə