Dünən Ispaniya və Böyük Britaniyanın ortaq istehsalı olan “Keçmişin əks-sədası” (2012) filminə baxdım. Film sürrealist rəssam Salvador Dali ilə şair-dramaturq Frederik Qarsia Lorkanın münasibətlərindən bəhs edir, həmin çağların Ispaniyası haqda epizodik də olsa dolğun təəssürat yaradır. Filmin sonu əslində Lorkanın sonu üstündə qurulub. Lorkanı 1936-cı ildə yaşının 38-ci yayında, avqustun 19-da ispan frankist faşistləri respublikaçı olduğuna görə güllələnib. Lorka yaradıcılığı az-çox hər kəsə tanış olduğundan bu haqda yazmıram. Sadəcə, 1936-cı ildə güllələnərək dünyasını dəyişmiş bu adam üçün elə bu an gözünün qarşısında güllələnirmiş kimi bir hiss keçirib ağrıya biliriksə, deməli, onun ölümünə heyfsilənməyə, diktatorlara, faşizmə, söz azadlığını pozan bütün rejimlərə lənət oxumağa dəyər.
Filmin sonunda düşündüyüm bu oldu: deməli, hardasa təsadüfənmi, zərurətənmi bir sarsaq, özündənrazı, müştəbeh, təkəbbürlü, komplekslərlə dolu, qorxaq və bu üzdən də bəşəriyyətin ağıllı kəsiminin kölgəsini belə, özünə düşmən sayan biri hansısa yolla hakimiyyəti ələ keçirir və bundan sonra nə qədər Lorka kimi dəyərli insanlar amansız və zavallı, nə etdiyini bilməyən, üzü sızanaqlı, kütbeyin əmr qullarının gülləsi ilə dünya işığından məhrum edilir.
Yəni doğrudanmı bəşər tarixi belə gəlib, belə gedəcək? Hansısa hakimiyyət xəstəsi olan biri ölkənin başına keçəcək, istədiyi vəhşi rejimi quracaq və ona qarşı çıxanları amansızcasına məhv edəcək, əngəl saydığı hər kəsi yolundan silib-süpürəcək. Bəşəriyyətə gözəllik bəxş etməyə gücü çatan böyük dühalar bəzən hələ yollarının başında ikən bir sarsağın qurbanına çevriləcək?
Gerçəkdənmi bəşəriyyət bu xəstələrin qarşısını ala bilməyəcək? Son çağlar dünyada baş verən hadisələr, ərəb baharı, Qərbin özündə baş verən siyasi kataklizmlər, gizlin bəlgələrin faş edilməsi, gizlin bank hesablarının üzə çıxarılıb ictimailəşdirilməsi adamda bəzi ümidlər doğurur. Bu dəyişiklikləri gah Amerikanın, gah da bütövlükdə Qərbin yeni planlarına aid etsələr də, hər halda diktatorlarla vidalaşma çağının başlaması elə təəssürat yaradır, deyirsən, yox, deyəsən, bir də zaman bu cür təsadüfi xəstələrlə insanlığı üz-üzə qoymayacaq.
Bu arada daha bir filmdən bir epizodu xatırlatmaq istəyirəm. “Özgürlüyün rəngi” adlı filmi deyirəm. Böyük mübariz, artıq xeyli vaxtdır ölümün bir addımlığında olan Nelson Mandelanın 27 illik həbs həyatından və bu illərin çoxunu onunla az qala yanaşı yaşamağa məhkum olmuş zabit, həbsxana nəzarətçisi Qreqoridən bəhs edir. O, ağdərilidi, aparteid rejiminin bütün zabitləri kimi qaralara nifrət edir. Lakin film boyu asta templə inkişaf edən dramatik konflikt onu Mandelanın tərəfdaşına çevirir. Bu proses başa çatana qədər isə, o, təhlükəsizlik xidmətinin yetkilisinə azadlıq mücahidinin oğlu haqda informasiya ötürür – oğul qəzaya salınaraq öldürürülür. Sonra həbsdən çıxacaq bir başqa mücahidlə bağlı informasiyanı ələ keçirib yerinə çatdırır – həm mücahid, həm onun tərəfdaşları basqın nəticəsində öldürülür. Nəhayət gün gəlir, zabitin böyüyüb universitet bitirmiş, indi isə atası ilə birgə Mandelanın nəzarət personalında yer alan oğlu avto-qəzada ölür. Qreqori depressiyaya düşür. Mandela ona türmədən başsağlığı göndərir. Sonra görüşürlər. O, ağlaya-ağlaya Mandelaya etiraf etməyə başlayır. Deyir ki, mən sənin oğlunun və filan mücahidin ölümünə bais oldum, indi isə Tanrı məni cəzalandırır. Söhbət vicdanlı adamdan gedir. Tanrının cəzalandırıb-cəzalandırmadığını bilmirəm. Ancaq bunu bilirəm ki, vicdanlı adamın yanlış hərəkəti əvəzsiz ötüşmür. Görəsən bu hakimiyyətdə vicdanlı məmur, ya deyək ki, bir vicdanlı polis, müstəntiq, hakim varmı? Varsa, barı onlar ehtiyatlı olsunlar. Vicdansızlar üçün Yer məhkəməsi var, vicdanlılar üçünsə…
Və bu gün sabahın Lorkası olan gəncləri hələ də oğurlayır, xəstə-xəstə zindanda çürüdür, qisas alırlar. Hər bir halda bəşəriyyət 37-ci il sindromundan xilas ola bilmir ki, bilmir… Min illərdi ki, Şərq 37-ci ilini yaşayır.