Bastiliyadakı azərbaycanlılar

Yaxşı bildiyiniz tarixdən bir məqamı xatırlamağa çalışın. Fransız xalqı niyə inqilaba Bastiliyanın alınmasından başladı? Çünki ora siyasi məhbusların zindanına çevrilmişdi. 14-cü əsrdə müdafiə qalası kimi tikilən Bastiliya sonradan dövləti cinayət edənlər üçün həbsxana olmuşdu, lakin getdikcə mütləqiyyətə qarşı çıxan, azadlıq istəyən, fərqli düşünən siyasi məhbusların cəza çəkdiyi zindana dönmüşdü. Ona görə də xalq inqilaba bu zindanı almaqla başladı. Çünki orada simvolik olaraq AZADLIQ həbs edilmişdi.  

Təsadüfə və təzada baxın, bütün azad dünya Bastiliya məhbəsinin alındığını azadlıq bayramı kimi qeyd etdiyi bir gündə, yəni iyulun 14-də Bakıda azadlıq istəyən 3 gənc şərlənərək saxlanıldı, sonra da onların hər birinə 15 sutka həbs cəzası verildi. Azad Gənclik Təşkilatının və NIDA hərəkatının fəalları olan bu gəncləri artıq illərdir tanıyıram. Daha doğrusu, ölkənin ictimai həyatı ilə maraqlanan hər kəs Ülvi Həsənlini, Kənan Qasımlınıÿvə Məcid Məcidlini yaxşı tanımalıdır. Onlar bu hakimiyyətə müxalif olan gəncliyin tanınmış simalarındandır. Onlar və dostları tez-tez həbsə salınır, bəziləri isə hazırda siyasi məhbus həyatı sürürlər. 

Hesab edin ki, Rəşadət Axundov, Rəşad Həsənli, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Ilkin Rüstəmzadə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Daşqın Məlikov, eləcə də Ilqar Məmmədov, Tofiq Yaqublu, Əvəz Zeynallı, Qurban Məmmədov, Hilal Məmmədov, Yadigar Sadıqov və başqa siyasi məhbuslar hazırda Bastiliya qalasındadırlar. Heç bir fərqi yoxdur. Heç bir şişirtmə yoxdur. Bastiliya da bu cür insanların məhbəsi olduğu üçün ayağa qalxan xalq oranı ələ keçirdi. Böyük inqilab məhz bu cür ədalətsiz siyasi həbslərə cavabla başlamışdı.

Xalqın bu həbslərə qəzəbi o qədər böyük idi ki, qədim tarixi abidə olan qalanı ələ keçirməklə kifayətlənmədilər, onu yerlə-yeksan etməyə qərar verdilər. Qala söküldü. O indi yoxdur. Mən əminəm ki, Azərbaycan xalqı da hansısa həbsxana binasını sökməyə qərar verməsə də, onları azad gənclərin cəza yerinə çevirən hakimiyyəti tarixdən Bastiliya qalası kimi siləcək. 

Indi bu həbslər mövcud rejimə ümid verə bilər, çıxış yolu kimi görünə bilər. Amma illərdir davam edən həbs və repressiyalar meydana çıxan gəncliyin yetişməsinin qarşısını ala bilmədisə, deməli, bu gəncliyi yenmək mümkün olmayacaq. Onlar qalib gələcəklər. Onların qələbəsi ilə təkcə siyasi məhbəslər boşalmayacaq, ölkədə hər şey yaxşılaşacaq, hər şey yaxşı olacaq.

Yenə tarixə qayıdaq. Bastiliya qalasının sökülməsinə rəhbərlik edən fransız da onun yerində qoyduğu lövhəyə elə bu cür yazmışdı: “Indi burada rəqs edirlər. Hər şey yaxşı olacaq!”.

Həmin sözlər siyasi-inqilabi məna daşımırdı, amma böyük məna daşıyırdı və təkcə Fransaya deyil, bütün dünyaya açılan yeni mənanı özündə ifadə edə bilirdi. Çünki o sözlər təkcə arzular deyildi, igid adamların azadlıq arzuları üçün elədikləri işin nəticəsi idi.

***

Azərbaycanlılar doğulduğu gündən xəyallarında igid adamı təsəvvür etməyə başlayır. Igid adam necə olmalıdır? Igid adam olmaq üçün kimə bənzəmək lazımdır? Nağıl qəhrəmanları, ədəbi əsərlərdəki böyük obrazlar, tarixi qəhrəmanlar və s. hər kəsdə igidlərin necə olması haqda təsəvvür yaradır. Onları böyük və nəhəng, fiziki baxımdan güclü və çevik təsəvvür edənlər də var. Amma biz heç vaxt köklənmirik ki, bu qəhrəmanlar boyca və bədəncə böyük olmaya, kənardan cılız və zəif görünə bilərlər. Biz bunu düşünmürük.

Amma indi nə görürük? Böyük və nəhəng, fiziki cəhətdən güclü və çevik olmayan gənclər adı çoxlarının canına vəlvələ salan bir hakimiyyətin qarşısından çəkinmirlər. Hər şeyi olan bir hakimiyyətdən söhbət gedir. Güc sistemi, varı-dövləti, Bastiliyası olan bir hakimiyyətdən danışırıq. 

Baxın, Rəşadət Axundov, Rəşad Həsənli, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Ilkin Rüstəmzadə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Daşqın Məlikov, Ülvi Həsənli,ÿKənan Qasımlı, Məcid Məcidli və adlarını sadalamadığım bu gənclər məhz igid adamlardır. Onlar hətta sizin igidlik haqda təsəvvürlərinizi də dəyişə bilər.