Təbliğata ehtiyacı olmayanların təbliğatı

Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət sözçüləri daha çox etiraflar edirlər. Əli Həsənov isə ən qiymətli etiraflar silsiləsinə yeni bir etiraf pərçimləyib. Deyib ki, Ilham Əliyevin təbliğat kompaniyasına ehtiyac yoxdur. Mən Əli müəllimi ikiəlli və iki ayaqlı dəstəkləyirəm. 

Bəlkə səhv deyir, bəlkə ehtiyacı var? Əlbəttə yoxdur.

Bir ölkədəki seçki qutusunu “sehrbaz”lar mühafizə edir, bir halda ki, müəllimlər, həkimlər bu “sehr”in təsiri ilə seçki qutusuna “qayğı” göstərir, bir halda ki, MSK yekun olaraq öz “töhfə”sini seçki qutusuna ərməğan edir, belə halda təbliğat aparmaq ayıb deyilmi?

Sənin əvəzinə “təbliğat” aparırlarsa, sən niyə təkrarçılığa yol verib özünü yormalısan?

Nəticəni adın, soyadın kimi əzbər bilirsənsə, təbliğat kampaniyası aparmaq məntiqsiz deyilmi?

Digər tərfədən, yaptokratlar 3-cü dəfə kürsüyə əyləşdirmək istədikləri adamın təbliğatını aparmaqdansa, müxalifətin təbliğatını məhdudlaşdırmağı daha məqsədəuyğun sayırlar. 

Insafən, Ilham Əliyevin hansısa kənd zəhmətkeşləri ilə görüşünü təşkil etməkdənsə, Rüstəm Ibrahimbəyovun ölkəyə gəlişini əngəlləmək daha faydalıdır.

Ancaq bioqrafiyasında Kino faktoru olan adamın əks təbliğatını aparmaqla, bioqrafiyasında Korrupsiya faktoru olan adamı təmizə çıxarmaq mümkün deyil.  

Bir insanın pis kino çəkməsi, zəif pyes yazması, onun pis vətəndaş olması anlamına gəlmir. Ancaq bir insanın xəstə gənci haqsız yerə zindana atması onun haqqında hər şeyi açıq göstərir.

Bir insan haqqında ittiham irəli sürəndə, “təbliğat” aparanda da gərək məntiq nümayiş etdirəsən. 

Hətta Rüstəm Ibrahimbəyovun “pis adam” olması, Ilham Əliyevin fövqəladə şəxsiyyət olmasına xidmət etmir. Hər kəs öz qazandığını xərcləyir.

Əminəm ki, müxalifətin namizədi hansısa tanınmış müğənni olsaydı, Siyavuş Novruzov deyəcəkdi ki, bu müğənninin namizəd olması gülüncdü. Çüki onun səsi marş oxumağa yaramır.

Və yaxud vahid namizəd idmançı olsaydı, Əli Əhmədov deyəcəkdi ki, onun əzələləri normal ölçülərdən böyükdü və bu da insanlarda vahimə yaradır.

Yəni bu hakimiyyət rəqibin əks təbliğatını aparanda da özünün qeyri-ciddi obrazını yaradır.

“Milli” bayram

Yaptokratların sayəsində təqvimimiz bayram bolluğunda boğulur. Gül bayramı, Qurtuluş günü, Qayıdış günü və s. günlərin sayəsində atəşfəşanlıq da görürük.  

Nə olsun ki, milyonlar xərcləyib, büdcənin atasına od qoyuruq, əsas odur ki, ümummilli atanı yad edək, əsas odur ki, açıq havada konsert verək. Qapalı yerdə qalıb istidən buxarlanan millət də sərinləsin.

Mən təklif edərdim ki, təkcə vəzifəyə gəliş günü ilə bu fövqəladə ideyanı məhdudlaşdırmayaq. Məktəbə getdiyi, ailə qurduğu, ilk övladının dünyaya gəldiyi günləri də təmtəraqla qeyd edək.

Məcbur deyil ki, hamı kabab bişirsin. Kartofa imkanı çatan kartofla, aşa gücü çatan aşla bu günü yola versin. Nəyin bahasına olursa-olsun bu günü bihudə keçirməyək. 

Heç nəyə gücü çatmayan adam, AzTV-nin qarşısında təzim etsin.

Bu gün həm də yaptokratiyanın Kommunist partiyasını andığı gündür. Nostalji hisslər, kədərli xatirələr, pripiska, Şamuyan və s. düşüncələrin alovlandığı anlardı.

Gəlin bu gün hakimiyyətimizi tək qoymayaq. Bu sevinci onunla bölüşək. Zarafat deyil, katibliyin 44-cü ilidir. 

“Aclıq olsun kef olsun” şüarına bizim xalq qədər sadiq olan iknci bir xalq olsa qulağımı prezidentin qayçısı ilə kəsərəm.

Bu millətə 10 manat verməyə canı çıxanların, milyonluq fişəng göstərməsi məntiqin anasının ağladığı, ədalətin sinəsinin dağlandığı məqamdır.

Əsas odur ki, öyrəndik ki, kommunust partiyası MIllIDIR.