Qisasçını sevmək

O qədər sadəlövh deyiləm ki, durub Ilham Əliyevdən, onun ətrafındakılardan Isalıq umam. Yəni Isanın (söhbət təbii ki, Isa Məsihdən gedir) “bu üzünə vurdular, o birini də çevir, vursunlar” kəlamını deyirəm. Əlbəttə, Məsihin bu sözlərini heç də hərfi mənada qəbul etmək doğru deyil. Istər mifik, istər gerçək şəxs olsun, dünyaya bir peyğəmbər kimi gələn adam bu qədər kölə təfəkkürlü ola bilməz. Məsələ yalnız barışın yüksək dəyərləndirilməsindədi. Barış ideyası, barış təfəkkürü qalib gələcəksə, təbii ki, kimsə kimsənin üzünə şillə vurmayacaq. O zaman insanlar bir-birinin üzünü ancaq öpə bilərlər və onda Məsihin bu sözünü belə qəbul etmək gərəkir: bir üzünü öpdülər, o birini də çevir…

Lakin kimsəyə sirr deyil ki, gözü təkəbbürdən tutulmuş bu hakimiyyət barış deyilən şeyin bəlkə də, ümumiyyətlə, nə olduğunu bilmir. Bunu bilməyənlərin kiminsə üzünü öpəcəyini də güman eləmək axmaqlıq olardı. Onlar yalnız şillə vurmağı bilirlər. O da ancaq və ancaq qisas məqsədilə.

Əgər yaddaşımıza bir az əziyyət verib xatırlasaq, görərik ki, bu hakimiyyət bu günə qədər vətəndaşlarla bağlı hansı addımı atıbsa, yalnız qisas məqsədilə atıb. Hər hansı səbəbdən onların sevimlisindən tənqidçisinə çevrilənlərdən necə dəhşətli qisas alıblar. Istər keçmiş nazirlər olsun, istər deputatlar, söz-sənət adamları və ya sadə vətəndaş.

Övladıyla bağlı çıxarılan analoqsuz məhkəmə qərarından sonra bir də Gültəkin Hacıbəylinin əmlakına əl qoyulması bu qisas halqasında hələlik sonuncu zəncirdi. Bundan qabaq Rafiq Əliyev, Rüstəm Ibrahimbəyov, Əkrəm Əylisli, sonra Hüseyn Abdullayev vardı və nəhayət növbə Gültəkin xanıma çatdı.

Həm də qisas o qədər pinti şəkildə alınır ki, o şəkildən qanunun “Q”sinin belə iyi gəlmir. Bu da göstərir ki, onlar üçün son dərəcə mənasız şeydi öz əməllərinə, daha doğrusu, qisaslarına bir qanun donu geyindirmək. Əsas qisası almaqdı, daha necə, nə cür, hansı yolla – bu onları çox az maraqlandırır. Daha doğrusu, heç maraqlandırmır.

Illərdi bu hakimiyyət ölkənin insanları ilə münasibətlərini bu cür qurub. Çoxları haçansa özləri o rejimin çətiri altında olublar, xalqa, müxalifətə, tənqidçi insanlara eyni prizmadan yanaşıblar, buna məcbur olublar. Ona görə məcbur olublar ki, başqa variantları olmayıb. Hətta ayrı cür düşünsəydilər belə, yenə heç nə bacarmazdılar. Bu buxovdan azad olmağın bir yolu varsa, o da vicdanına sığınıb həmin çətirin altından uzaqlaşmaqdı. Uzaqlaşandan sonra isə, əlbəttə, əgər ağzını allah yoluna qoysan, yəni yenə vicdana qulaq asıb gördüyün, bildiyin, tanıdığın, əməllərinə şahid olduğun hakimiyyətin tənqidçisinə çevrilsən, insanları düşdükləri bu mənəvi bataqlıqdan xilas etməyə çalışsan, onda təbii ki, bir gün səndən də qisas alacaqlar.

Arxayın olun ki, əgər sabah bu xalq elliklə seçkiyə gedib hakimiyyətin namizədinə kütləvi şəkildə “yox” desə, lakin hakimiyyət yenə də əski qaydasıyla seçkinin nəticələrini saxtalaşdırıb qutudan özünü çıxarsa, onda bu xalqdan da elliklə qisas alacaqlar. Əlbəttə, daha xalqa eləmədikləri sitəm, zülm, allahsızlıq qalmayıb. Lakin yenə də bir şey tapıb həzz ala-ala qisaslarını alacaqlar.

Bəli, qarşıdan seçki gəlir. Həm də bəlkə Azərbaycan tarixində ən taleyüklü seçki. Bu hakimiyyət hələ də anlaya bilmir ki, heç olmasa seçki dövründə insanların könlünü alsın, yamanlıqlarına bir fasilə versin, yalandan da olsa sevgi göstərsin. Həm də təkcə öz kölələrinə deyil, onlara qarşı olanlara da. Heç olmasa 5-10 adamın könlünü alsınlar ki, 5-10 səs toplaya bilsinlər. Yəni toxumluq, damazlıq kimi bir şey. And içəndə deyə biləsən ki, mənə beş-on adam səs vermişdi. Yox, kor öz tutduğunu buraxan deyil. Bəs bu xalqa nə gəlib, o niyə öz səbrindən əl çəkmir, bunu anlamaq olmur…