“Azadlıq” radiosunun prezidenti müxalifət liderlərilə görüşdü

AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər iyulun 15-də “Azad Avropa”/”Azadlıq” radioları korporasiyasının prezidenti Kevin Klose ilə görüşüb. Görüş barədə “Azadlıq”a Əli Kərimli məlumat verib. O bildirib ki, görüşdə əsasən Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti müzakirə olunub. “Azadlıq” radiosunun yayımına yaradılan maeələr ayrıca diqqətə alınıb. “Görüşdə Azərbaycan kimi avtoritar sistemlərin mövcud olduğu ölkələrdə “Azadlıq” radiosunun fəaliyyətinin önəmi vurğulandı. “Azadlıq”ın FM dalğalarında yayımının qarşısı neçə ildir ki, alınır. Hökumət imkan vermir ki, radio öz yayımını maneəsiz həyata keçirsin. Radionun “Türksat” üzərindən “Azərbaycan saatı” vasitəsilə həyata keçirdiyi yayımı da Azərbaycan tərəfdən edilən kiberhücumlarla əngəllənir. Bütün bu məsələlər də müzakirə olundu. Radionun prezidenti soyuq müharibədən sonra “Azadlıq”ın dalğalarının bu şəkildə vurulmasından təəccübləndiyini ifadə elədi. Bu məsələnin onlar üçüçn kifəyət qədər önəmli olduğunu və problemin həlli üçün səylərini davam etdirəcəklərini bildirdi”, – deyə Əli Kərimli məlumat verib.