aliyev-memurlar10

Hakimiyyətdə seçkiyə nəzarət uğrunda savaş

Paşayevlərlə «Naxçıvan» qruplaşması prosesdə birinci olmağa çalışırlar

Hakimiyyət daxilində qarşıdan gələn prezident seçkisinə nəzarət uğrunda mübarizə başlayıb. Bu barədə “Azadlıq”a iqtidara yaxın mənbə məlumat verib. Mənbə bildirib ki, seçkiyə nəzarət prosesə ayrılan iri məbləğdə maliyyəyə nəzarətlə yanaşı həm də hakimiyyətdə söz sahibinə çevrilməni şərtləndirən amildir. “Heydər Əliyevin dövründə seçkiyə nəzarəti birbaşa onun özü həyata keçirirdi.
Lakin Ilham Əliyevin hakimiyyəti dövründə belə deyil. Seçki hakimiyyətdə nüfuz sahibi olan qruplaşmanın nəzarəti altında keçirilir. Prosesin uğurla başa çatdarılması isə həmin qruplaşmanın növbəti dövrdə həmin qruplaşmanın iqtidarda külli-ixtiyar sahibi olması deməkdir”.
Mənbə nümunə kimi 2003-cü ildə keçirilən prezident seçkisini xatırladıb: “Həmin seçki Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və komandasının nəzarəti altında həyata keçirildi. Məhz bu seçkidən sonra Ramiz Mehdiyevin komandası ən güclü qruplaşmaya çevrildi. O dərəcədə ki, 2005-ci ildə Qərbi Azərbaycan qruplaşmasını kifayət qədər sarsıtdı. Ümumiyyətlə, 2003-cü ildən bu yana seçkilər Ramiz Mehdiyevin rəhbərlik etdiyi şərti adı ”Naxçıvan” qruplaşması adlandırılan komandanın nəzarəti altında keçib. Lakin indi vəziyyət bir qədər dəyişib. Hakimiyyətdə başqa bir güclü  qruplaşma seçkiyə nəzarəti ələ almağa çalışır”.
Mənbənin sözlərinə görə, hələlik görünən odur ki, Paşayevlər prosesdə öndə gedirlər: “YAP-ın icra katibi Əli Əhmədov Paşayevlərin çətiri altına keçib. Partiyanın kurasiyası isə Paşayevlərə yaxın başqa bir şəxs – prezidentin iqtisadi məsələlər üzrə köməkəisi Əli Əsədova tapşırılıb. Təsadüfi deyil ki, YAP-ın yerli təşkilatları ilə görüşlərə Əli Əhmədov tək gedir. Çünki onun müavinləri Ramiz Mehdiyevə yaxın şəxs sayılır. Bu halda Mehdiyev və komandasının prosesdən kənarda saxlanılması görünür. Hakimiyyət dəhlizlərində seçkiyə Paşayevlərin nəzarət edəcəyi barədə söz-söhbətlər dolaşır. Lakin hələlik qəti fikir söyləmək çətindir”.

Azad