Yaxud inkişafın Azərbaycan modeli
Sakinlər: «Xahiş edirik. Siz hər gələndə Ağstafa inkişaf edir»
“Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk”. Bu sözlər sənə tanışdır, əziz oxucu. Onu YAP-ın qurultayında partiyanın sədri Ilham Əliyev səsləndirib və oxucular, tamaşaçılar bu çıxışa Azərbaycan telekanallarında dəfələrlə baxıb.
Deyilənlərin nə dərəcədə həqiqət olub-olmadığını araşdırmağa, baş sındırmağa gərək yox. Ilham Əliyevin regionlara hər səfəri, hər addımı qurultaydakı çıxışının əksini deyir. Siz indiyə kimi Ilham Əliyevi ölkədə fəaliyyət göstərən hər hansı partiyanın qərargahının açılışında iştirak edən, binanan qırmızı lentini kəsən görmüsünüzmü? Təbii ki, YAP-dan başqa. Yox, görməmisiniz. Təkcə ona görə yox ki, o, müxalifətə nifrət edir, onları “ünsür”, “antimilli” adlandırır, həm də ona görə ki, müxalifət partiyalarının belə qərargahları yoxdur. Olmayan şeyin açılışın etməzlər. Niyə yoxdur? Axı Ilham Əliyev çıxışında deyib: “Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk”.
Ölkədə ən strukturlaşmış partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası qərargahsızdır – 2006-cı ildən. “Partiyalara bərabər şərait yaradan…” hakimiyyət ona nəinki qərargah ayırır, hətta icarəyə götürmək istədiyi ofislərə köçməsinə də imkan vermir.
Dövlət başçısının dedikləri və gerçəklik
Bəzi nümunələr gətirməklə arqumentlərimizi qüvvətləndirək. Uzağa getməyə ehtiyac yoxdur. Bu ay Ilham Əliyev Qərb bölgəsində səfərdə olub. O səfərdən verilən rəsmi məlumatlara birlikdə baxaq:
“Azərbaycan Respublikasının Prezidenti ÿIlham Əliyev ÿölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində iyulun 5-də Ağstafa rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Ağstafa şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu. Rayon Icra Hakimiyyətinin başçısıÿ Məhərrəm QuliyevÿAzərbaycan Prezidentinə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verdi”.
***
“Prezident Ilham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gedib.
Dövlət başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verib”.
***
Iyulun 5-də Azərbaycan Respublikasının Prezidentiÿ Ilham ƏliyevÿTovuza səfərini başa çatdıraraq Qazax rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısıÿ Ayaz ƏsgərovÿPrezident Ilham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanmış, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılmışdır. Qalan iki hektar sahə isə bu il abadlaşdırılmışdır”.
***
“Iyulun 5-də Azərbaycan Respublikasının Prezidentiÿ Ilham ƏliyevÿYeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi”.
***
Elə bu ayda Ilham Əliyevin paytaxtın Binəqədi rayonuna səfərindən hazırlanan xəbərə də baxmaq bəd olmaz.
“Iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Bakının Binəqədi Rayon Icra Hakimiyyətinin inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin binanın qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidenti Ilham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.
Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, iş otaqlarının arakəsmələrində şəffaf, interyer həllində isə Avropa ölkələrində istehsal olunmuş materiallardan istifadə edilib”.
Partiyalara yaradılan “bərabər” şəraitin başqa bir nümunəsinə baxaq.
“Oktyabrın 14-də Prezident Ilham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının açılışında iştirak edib”.
Sıranı uzadıb sizi yormaq istəmirəm. Dövlət başçısının bu səfərlərinin ən ağrılı tərəfi sonda baş çəkilən rayonlara “sosial iqtisadi inkişafın sürətləndirilməsi üçün…” milyonların ayrılmasıdır. Bu səfərlər ötən il də olub, həmin səfərlərdə də Heydər Əliyev heykəlinin ətrafında aparılan “abadlıq-quruculuq işləri” barədə dövlət başçısına məlumat verilib. Ötən il də, konkret desək, Qərb bölgəsinə səfərdən sonra həmin rayonlara pul ayrılıb, bu pullar da “sosial-iqtisadi inkişaf” adıyla heykəllərin ətrafının abadlaşdırılmasına sərf olunub.
Builki səfər başa çatandan sonra Prezidentin Ehtiyat Fondundan Tovuz, Qazax və Ağstafa rayonlarına 6 milyon manat ayrılıb(hər rayona 2 milyon). Bu rayonlarda “abadlıq-quruculuq işlərinin davam etdirilməsi…” üçün.
Operativ təşəkkür
Bu hələ harasıdır. Qazaxlılar prezidentin poçtuna operativ məktub da yollayıblar. Baxmayaraq ki, bu poçta göndərilən şikayət məktubları aylarla ünvanına çatmır və president.az saytında onlara rast gəlməzsən. Görünür, qazaxlı ağsaqqal məktubu çox sürətli poçtla göndərib. Siz də oxuyun:
“Möhtərəm cənab Prezident!ÿ
Sizin “Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 8 iyul tarixli Sərəncamınızla rayonumuza 2 milyon manat vəsaitin ayrılması biz qazaxlıları ürəkdən sevindirir və daha yaxşı çalışmağa, işləməyə ruhlandırır. Bu böyük diqqət və qayğı üçün Qazax rayonunun bütün sakinləri adından Sizə hədsiz minnətdarlığımızı bildirir və müstəqil Azərbaycanın xoşbəxt gələcəyi naminə işlərinizdə daha böyük uğurlar arzulayırıq.
Böyük hörmət və ehtiramla, Əliyev Razim Bayram oğlu, Qazax şəhər sakini, ağsaqqal
10 iyul 2013″.
Ağsaqqal sözündən sonra nəsə demək artıqdır…