Bu yayın “qaynar” olacağını əvvəlki yazılarımda yazmışdım. Artıq hərarət duyulur. Milli Şuranın gerçək fəaliyyətə keçməsi, onun vahid namizədinin beynəlxalq təşkilatlarda yüksək səviyyəli görüşləri əks düşərgəni isterik duruma salıb. Buna hətta affekt vəziyyət də demək olar ki, bu halda adam hərəkətlərinin, dediyi sözlərin fərqinə varmır. Elədikləri ona bəzən heç sağalandan sonra da çatmır. Indi Azərbaycanda bütün bunlar yaşanır. Başını itirmiş adamlar ora-bura vurnuxur. Təlatümlər astanasındayıq…
ÿHakimiyyət bütün arsenalını (telekanallar, qəzetlər) “ümumi düşmən”ə qarşı səfərbər edib. “Yeni Azərbaycan” qəzeti hər gün bir neçə səhifəsini Milli Şuranın “vəsfinə” ayırır. Əsas hədəf Rüstəm Ibrahimbəyovdu. “Qoca kinodramaturq”, “diletant kinorejissor”, “Rüstəmski Şura” və başqa “epitetlər” dillərinin əzbəridir. Müxalifətin çoxdan gözlənilən birliyindən hakimiyyətin narahatlığı çox ciddi şəkildə özünü göstərməkdədir. Yapçı, başlıca sözçü, hər söz danışmaqda kompleksləri olmayan Siyavuş Novruzov müsahibələrinin birində Rüstəm Ibrahimbəyov haqda “xoş” sözlər deyib: “O, heç adi kino çəkə bilmir…”. Bu sözlərin saysız, unudulmaz, yaddaşlarda silinməz iz qoyan filmlər (təkcə “Səhranın bəyaz günəşi” yetərlidir) müəllifi, “Oskar” mükafatçısı haqda deyildiyini unutmayaq. Bu məqama hər zaman “sözün bitdiyi yer” deyirlər. Sözün bitdiyi yer…
ÿKeçmiş millət vəkili Gültəkin Hacıbəyli olayı da buna əyani sübutdur. Onun keçmiş ərinin hakimiyyətin yadına düşməsinin səbəbi Gültəkin xanımın bir vaxtlar qulluq elədiyi adamlarla eyni yolu getmək istəməməsi, hətta müxalif düşərgəyə keçib şərdən uzaqlaşmasıdır. Bunu sinirmək istəmir və “analoqu olmayan” məhkəmə qərarıyla onu diz çökdürmək, 9 yaşlı oğlunu əlindən almaq istəyirlər. Hakimiyyətin bu hərəkətinə ad tapmaq çətindir. Bu qərar hansı düşüncənin məhsuludur? Icraçısı bəlli, hakimlərimiz onsuz da hüquq, hüquqçu, hətta insanlıq adına ləkə ola biləcək istənilən sifarişi yerinə yetirmək, bununla balalarına çörək qazanmaq, özlərinə karyera qurmaq düşüncəsiylə Femida tərəzisini əyməklə məşğuldurlar. Bu günlə yaşayırlar, sabah hətta övladlarının (insanlıq hələ itirilməyib, şübhə eləmirəm ki, onların da övladlarından bu hərəkətlərin xəcalətini çəkənlər var, olacaq – R.H.) başıaşağı olacağının fərqində deyillər. Eləcə də sifarişi verənlər, onlar da elədiklərinin nə vaxtsa bədəlini ödəyəcəklərini düşünmürlər. Hakimiyyət hərisliyi, xalqdan oğurlanan milyardların bir gün əldən çıxa biləcəyi fikrini yaxın buraxmaq istəmirlər. Ona görə də hətta ağla gəlməyən belə istənilən yola gedir, gözlənilməyən addımı atırlar.
Təki yerlərində qala, xalqın milyardlarını ofşor zonalara daşıya, var-yatırlarını artıra bilsinlər.
Bir vaxtlar müxalifətçilərə qarşı hakimiyyətin zopası rolunu oynayan, quldur dəstəsi saxlayan keçmiş millət vəkili Hüseyn Abdullayev bu gün düşmənə çevrilib. Özünə əlləri çatmadığından intiqamı yaxınlarından alırlar. Gültəkin Hacıbəyli nümunəsində anaya görə oğulu imtahana çəkirlərsə, burda əksinədir, oğula görə ata-anaya, qohumlara mənəvi əzab verirlər. Onların hər ikisinin “cinayəti” düzün, həqiqətin tərəfinə keçmələri, xalqın sözünü demələridir. Bunu isə hakimiyyətin vaxtilə görəv verdiyi adamlara heç bir halda bağışlamaq olmaz. Bunların düşüncəsinə görə, vəzifə verdikləri istənilən şəxs ömrü boyu bu “yaxşılığı” unutmamalı, hər qanunsuzluğa göz yummalı, səsini çıxarmamalıdır. Qul psixologiyası…
ÿHər qaranlıq gecənin gündüzü olduğu kimi, isti, qaynar yayın sərin payızı da qaçılmazdır. Bu payızda hər kəsin ürəyinə sərinlik ümidiylə…
azadmekan.org