Mən “Azadlıq” qəzetini yaradan bir neçə adamdan biriyəm. Mən “Azadlıq” qəzetini yaradıb-yaşadanların sonuncusuyam. Başqa cür desək, sonuncu Mogikan. Hə, lap elə belədir – kimlərsə bunu istəsə də, istəməsə də. Kimsə nə indiyədək mənim yazdıqlarımı poza bilər, nə də mənim apardığım ardıcıl, pirinsipial çarpışma tarixini dana bilər. Yazılan qalır, tarix yaşayır – keçmiş olsa belə. Heydər Əiyev – Ilham Əliyev xarakter – düzəyində, özəl qazancları üçün dünən – bugün onlara əlatılıq edərək oxşar xarakter-düzəylə yazılanı pozmağa, tarixi istədikləri sayaq yozmağa çalışaraq adamları aldatmaq istəyində bulunanlar dünəni, bugünü, gələcəyi olmayan, olmayacaq kimsələrdir.
Əliyevçi rejimin Göbbelsi statusunu qazanmış Əli Həsənov “Mətbuat Şurası” adlandırdıqları, başına rejim prinsiplərinə uyğun birisini biryolluq qoyduqları qurumun “qurultayında” “Azadlıq” qəzeti ilə bağlı sözün gerçək anlamında ağzına gələni danışıb. Istər özünün çoxsaylı qəzetlərinin, istərsə də kontrolundakı qəzetlərin biri də alınıb oxunmayan, ancaq dövlət yardımı, polislərin pul yığımı yoluyla çıxan, kontrolundakı televiziyaların hamısı dövlət maraqlarını tapdayaraq ailə-klan maraqlarına qulluq edən Əli Həsənov “Azadlıq” qəzetini Azərbaycan dövlətinə düşmən qəzet olaraq tanıtmağa çalışıb: “Dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal bugünkü iqtidarı vurmaq anlamında bu qəzetin səhifələrində tiraclanır…”
“Azadlıq” qəzeti “Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı” – bütünlüklə yalandır, böhtandır, dövlətimizə, dövlətçiliyimizə düşmən əliyevçi REJIM dəyərləndirməsidir. Mən bu cinayətkar dəyərləndirməyə görə Əli Həsənovu məhkəməyə verərdim… ata-oğul Əliyevlər 20 illik ANTIMILLI, ANTIDEMOKRATIK rejimləri boyunca Azərbaycanda DÖVLƏTI, DÖVLƏTÇILIYI, MƏHKƏMƏ-HÜQUQ sistemini bütünlüklə aşındıraraq böyük bir KOMMERSIYA obyektinə, ÖZƏL gəlir qaynağına çevirməsəydilər!!!
Əlində-kontrolunda çoxlu sayda qəzetlər, bütün televiziyalar olan Ə.Həsənov jurnalist tutqularına don geydirmək üçün tez-tez jurnalist professionallığından danışır. Sənin qəzetlərin necə yararsız dildə çıxır, sənin teleradio aparıcıların necə yararsız dildə danışır, bunu bilib-anlayırsanmı, Əli Həsənov? Bilirsənmi, jurnalistin professionallığı onun dil bilgisindən başlayır. Dili gərəyincə bilən istənilən adam jurnalist ola bilər, dili bilməyən jurnalist… belələri sizin açdığınız jurnalist-junalistika yarmarkasının bir-birindən ötə gedən saxta mal satanlarıdır. Dil uyqarlığı (dil mədəniyəti) deyilən bir anlayış var. Əlində-kontrolunda olan qəzetlərdə, teleradiolarda onu görürsənmi? Görməyə bilərsən: axı, tarixçi adlansa da, tarixi bilməyən (eləcə də tarixin fəlsəfəsini anlamayan) dili hardan biləcək?! Hələ mən bunu demirəm: tarixin də dili var – onu anlamayana yazıq!..
Mənim dövlətdən, dövlətçilikdən dilə gəlib çıxmağım kimlərəsə yersiz görünə bilər. Yersiz deyil; dil dövlətin, dövlətçiliyin başlıca, aparıcı özül ilkələrindən – atributlarındandır. Sizin hakimiyət olaraq ortaya çıxardığınız dil bu ölkənin başlıca – aparıcı ulusunun dili deyil, “xansı xalqın” dilidir – onu özünüz bilərsiz. Sizin radio aparıcınızın dili budur: “Adam it tərəfindən qapılmışdır”. “It adamı qapmışdır” yerinə. Sizin daxili işlər nazirinin, baş prokurorunuzun dili budur: “Tərəfimizdən göstəriş verilmişdir”. “Göstəriş vermişik” yerinə. Yeri gəlmişkən, DIN-in başında R.Usubov, DIN aparatının başında R.Usubovun qaynı, DIN araşdırma (sizin dilinizdə “tədqiqat”) idarəsinin başında R.Usubovun oğlu durur. Belə bir qanundanqıraq görsənişi dünyanın hansı NORMAL dövlətində, dövlətçiliyində görmüsüz?
Rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı 20 ildən bəri DÖVLƏT SIYASƏTINƏ çevirməyinizi bir qırağa qoyuram: orta oxul öyrəncilərinin 90 faizinə “2″ qazandıran təhsil sisteminizlə dövlətdən, dövlətçilikdən danışmağa necə üzünüz gəlir?!!