Nicatdan nicat umanlar

Jurnalist həmkarımız Nicat Dağların üzləşdiyi talesizlik bunu eşidən hər kəsi üzdü və üzməkdədir. Dərhal da bəlli oldu ki, dərd təkcə onun düçar olduğu çox ağır xəstəliyin özü deyil, üstəlik, bu xəstəliyin müalicəsi də Azərbaycanda mümkün deyil və çox bahalıdır. Zəngin ölkəmizin əksər vətəndaşları bu halda oxşar vəziyyətə düşürlər – köməyə, xeyriyyəyə ehtiyacları olur. 

Jurnalistlər çağırış etdi. Bizlər kömək üçün öz kiçik payımızı verməyə toparlanarkən bəlli oldu ki, bəzi tanınmışlar Nicatın durumunu Ilham Əliyevə çatdırıblar və o da müalicə üçün 50 min manat ayırıb. Biz bu haqda heç nə yazmadıq. Bunu fürsət bilib təşəkkür və tərif növbəsinə duranların hərəkətlərinin nəyə oxşadığına da üz çevirdik, susduq, onu da bilərək ki, bu addım hökmən siyasi təbliğata yönəlib. Çünki həmin anda ən önəmlisi ağır durumda olan bir insanın xilası idi və bu mövzuda susaraq da hakimiyyətin çirkin mahiyyətini açmaq çətin deyil. 

Amma artıq Nicatın müalicəsinə ayrılan pullar üzərində miskin siyasi təbliğat minnət səviyyəsinə qalxıb. Deputatxana üzvü Etibar Hüseynov isə Nicatın özünə tənə və minnət edən yazı ilə çıxış edib, onun niyə müxalifət liderlərini müdafiə etdiyini, köməyi isə Ilham Əliyevdən istədiyini sorğu-sual edib. Əliyevlər rejiminin yaratdığı rəzil və ağır durum burada açılır. Əvvəla, hər kəs bilməlidir ki, Ilham Əliyev uşaqlarının Dubaydakı villasını satıb onun pulundan Nicata yardım etməyib. O pullar Nicatın özünündür, onun xalqının, dövlətinindir. Bu məbləğ dövlət büdcəsindən ayrılıb. 

Etibar Hüseynov aldığı mandata görə Ilham Əliyevdən minnət götürə bilər, amma Nicat aldığı yardıma görə heç bir minnət götürməyə borclu deyil. Rəsmi şəxsin onunla bağlı qərarına təşəkkür etmək də o demək deyil ki, o bu minnəti götürməlidir!

Adam təəccüb edir ki, bu adamların hələ danışmağa dili də var! Onda bizim ölkənin nicat gözləyən vətəndaşlarına desinlər görək, guya pulsuz səhiyyəsi olan bu dövlətin insanları niyə belə çətin duruma düşür və müalicə üçün pul axtarır?

Niyə hər gün nə qədər adam şəfa və yardım istəyi ilə haray çəkir? 

Nə üçün bu ölkənin insanları şəfa dalınca Irana, Gürcüstana və başqa ölkələrə üz tutur?

Hanı bu ölkə insanının qazancı, hanı sosial sığortası, hanı tibbi sığortası?

Səhiyyə Nazirliyi nəzdində xaricdə müalicə ilə bağlı komissiya var, o nə ilə məşğuldur, kimi müalicə etdirir? Nicata yardımı niyə o komissiya yox, Ilham Əliyev ayırır ki, bunu da minnət və yaltaqlığa çevirirsiniz?

Əgər bizim zəngin məmləkətdə obyektiv səbəbdən çətinliklər varsa, niyə bu 20 ildə bircə məmur və ya məmur yaxını xəstələnərkən yardım istəyi ilə dövlətə və cəmiyyətə müraciət etməyib? Nə üçün ən məşhur incəsənət və elm adamlarının da xəstələnəndə yardıma ehtiyacı olur, amma bu məmurların yox?! Belə vəziyyətlərdə onlara pul göydən zənbillə düşür? Yoxsa xalqdan oğurlanan pulları Tanrının lütfü kimi qəbul edirsiniz? 

Susmaq əvəzinə, hələ haqqını oğurladığınız adamlara minnət də qoyursunuz. Uzağa gedib, Ilham Əliyevin daşlara dəymiş reputasiyasını Nicatın xəstəliyi ilə düzəltmək istəyirsiniz. Nicatdan nicat umursunuz, deməli!

21-ci əsrdə xeyriyyə, xeyirxahlıqla bir insanı, bir çox insanı xilas edə bilər. Lakin xeyirxahlığın nicat yolu sayıldığı dövr arxada qalıb. Indi insanlar dövlətə və onun arxasında dayandığı sosial dəstək sisteminə arxalanmalıdır. Nəinki xəstələr, yetimlər, kimsəsiz qocalar, ümumiyyətlə, istənilən kəs dövlətin sərvət və imkanlarını öz arxasında hiss etməlidir. Yoxsa bizdə bəzi adamlar da peyda olub, oğru hakimiyyətlə bütün ölkəni xəstə edirlər, sonra bir nəfər xəstəyə yardımla rahatlıq və mənəvi nicat tapmaq istəyirlər…