Konstitusiyanın Rüstəm Ibrahimbəyov maddəsi

Artıq elə adət etmişəm ki, yaptokratlardan hər gün yeni bir söz eşitməyəndə narahat oluram. Milli Şura yaranandan sonra isə, maraqlı sözlər xeyli artıb. Məsələn, Rüstəm Ibrahimbəyov haqqında hər gün yeni bir ittiham “istehsal” edilir. Bu şəxsi Rusiyanın proyekti, ermənipərəst, mentalitetə zidd, Azərbaycan dilini bilməyən adam adlandırırlar. Yaptokratiya yemədən-içmədən bu adamın “təbliğat”ını aparır.

Məni qınasanız da deyim ki, millətin faciəsinə çevrilmiş bu rejim, bəzən mənim əyləncəmə də çevrilir. Yaptokratların müxalifətə qarşı söylədikləri sözlər məni feyziyab edir. Balaca uşaqların bir-birinə söylədiyi fikirlər yadıma düşür. Ən xoşuma gələn isə odur ki, bunlar əvvəlcə deyib, sonra fikirləşirlər. Komediya da, özünüifşa da bundan sonra başlayır. Qayıdaq Rüstəm Ibrahimbəyov məsələsinə.

Rüstəm Ibrahimbəyovla bağlı ən xoşuma gələn sözü yaptokratların cəngavəri Siyavuş Novruzov dedi. Sitat: “Konstitusiyanın 100-cü maddəsinin 4 müddəası Rüstəm Ibrahimbəyovun namizəd olmasına imkan vermir”.

Mən Siyavuş Novruzovu alıqışlayıram. Bir yaptokratın konstitusiyaya istinad etməsi, dünyanın 8-ci möcüzəsinin yaranmasından xəbər verir. Mən elə bilirdim bunların konstitusiya adlanan kitabdan xəbərləri yoxdur.

Eyni zamanda Siyavuş müəllim etiraf edir ki, konstitusiyanın maddələrini əzbər bilir və gələcəkdə “mən bilmirdim”, “xəbərim yox idi” nəqaratlı “mahnılar” oxuyub, məhkəməni yormayacaq.

Bir halda ki, cənab Novruzov konstitusiyanı müqəddəs hesab edir, konstitusiyaya zidd olan hər şeyə nifrət bəsləyir, o zaman bir neçə sual vermək istəyirəm.

Saxta mandat alıb, deputat olmaq konstitusiyaya zidd deyil?

Bir şəxsin 2 vəzifə tutması hansı maddədə yazılıb?

Hakimin sifarişli hökm oxuması konstitusiyada varmı?

Məmurların milyonluq villaları haqda hansı müddəalar var?

Konstitusiyanın hansı maddəsidir ki, insanların şəxsi mülkiyyətini talamağa imkan verir?

Siqarət çəkməyən gəncin cibinə nəşə atdırmaq da konstitusiyada təsbit olunubmu?

Müxalifətə ünsür, element, antimilli demək konstitusiyanınmı tələbidir?

Konstitusiya sizin üçün belə qiymətllidirsə, niyə konstitusion hüquqlarından istifadə etdiyinə görə insanları həbsə atmısız?

Hələlik bunlara cavab hazırlayın.

Görünür, Rüstəm Ibrahimbəyov namizəd olandan sonra yaptokratlar konstitusiyanın maddələrini əzbərləməyə başlayıblar.

Bəli, tarixin elə dönəmləri var ki, nifrət etdiyin dəyərləri müvəqqəti “sevə” bilirsən, 4 il tapdalayıb ayaq alıtına saldığın konstitusiyanı 5-ci il, yəni seçki ilində qaldırıb başının üstünə qoya bilirsən.

Hakimiyyət “qara piar” kampaniyasının xeyir vermədiyini görüb, konstitusiya kartına keçdi.

Təklif edərdim ki, Rüstəm Ibrahimbəyovu seçkidən uzaqlaşdırmaq üçün konstitusiyaya növbəti dəyişiklik edilsin. 

Lütfən, olmaz, eləmərik,- deməyin.

Siz konstitusiyaya dəyişilik edib, ömürlük prezidentlik düzəltmədinizmi?

Qanunların başına ip keçirib, mitinqə çıxanların cəzasını artırmadınızmı?

Qanun qəbul edib məmurların kommersiya fəaliyyətinin araşdırlmasına qadağa qoymadınızmı?

Lixtenberq deyirdi ki, “ədalətli olmaq üçün çox şeyi bilmək lazım deyil, ədalətsizlik eləmək üçün isə bütün hüquq elmələrini bilmək lazımdır”.

Indi, siz də konstitusiyanı əzbərləmişkən, ora yeni bir maddə əlavə edin.

Və o maddədə yazılsın: “Adı Rüstəm, soyadı Ibrahimbəyov olan adam prezident ola bilməz”.

Biz də bilək ki, konstitusiyada Rüstəm Ibrahimbəyov maddəsi var.

Yubanmayın, iş başına, cənablar.