ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun iyunun 17-21-i Bakıda səfərdə olmuş seçkiqabağı qiymətləndirmə missiyası rəy açıqlayıb (“Turan”).
Hesabatda ölkənin seçki sisteminə diqqət çəkilir, qeyd olunur ki, MSK üzvlərini parlament çoxluğu, azlığı və adətən hakim partiyanı dəstəkləyən müstəqil deputatlar təyin edir: «125 dairə və 5300 məntəqə seçki komissiyalarının üzvləri də analoji sxem üzrə təyin olunur, seçki komissiyalarının bütün sədrləri parlament əksəriyyətindən seçilir. Missiyanın bir sıra həmsöhbətləri bildirir ki, bu formul hökumətə bütün komissiyalar üzərində nəzarət imkanı verir, seçki komissiyalarının qərəzsizliyinə olan etibarı sarsıdır».
CƏMİ 23 GÜN…
Seçki qanunvericiliyinin təhlili bölümündə deyilir ki, son illər qəbul edilmiş düzəlişlər nəticəsində namizədlər dövlət maliyyəsindən məhrum edilib, seçkiqabağı təşviqat isə 23 günə qədər azaldılıb. 2009-cu ildə konstitusiyaya düzəlişlər hazırkı prezidentin üçüncü müddət üçün seçilməsinə imkan verir. Avropa Şurasının Venesiya Komissiyası bunu «demokratiyadan geriyə addım» kimi qiymətləndirib.
Rəydə seçici siyahısı ilə bağlı rəqəmlərdə fərqlərə toxunulur: «MSK-nın məlumatına görə, hazırda təxminən 4,9 milyon seçici var, bu isə Dövlət Statistika Komitəsinin 6 400 000 seçici olması haqqında məlumatından xeyli fərqlənir».
Missiyanın bir sıra həmsöhbətləri seçkiqabağı dövrdə əsas azadlıqların həyata keçirilməsində ciddi problemlərlə qarşılaşdıqlarını bildiriblər. Xüsusən toplaşmaq və birləşmək azadlıqları məhdudlaşdırıldığı üçün siyasi partiyaların və vətəndaşların siyasi baxışlarını sərbəst şəkildə ifadə etmək imkanı məhduddur. Bir neçə partiya ofis və görüş üçün yerlərlə təmin edilməkdə problemlər olduğunu bildirir.
BİR NAMİZƏD HƏBSDƏDİR…
«Müxalifətdən bir namizəd 2013-cü ilin əvvəllərindən həbsdədir (İlqar Məmmədov), daha bir müxalifət lideri (Əli Kərimli) 2005-ci ildən xaricə gedə bilmir, ona pasport verilməkdən imtina edilir.
Bir neçə televiziya kanalı olmasına baxmayaraq vətəndaşların müxtəlif siyasi baxışlara çıxışı məhduddur. Çap KİV-lərinin tirajı məhduddur, böhtan və digər ittihamlar üzrə məhkəmə iddiaları jurnalistlərin sərbəst işləməsinə və fikir bildirməsinə imkan vermir.
4 iyun 2013-cü ildə diffamasiya haqqında cinayət məsuliyyəti internetə də şamil edilib», – deyə rəydə bildirilir.
Büronun rəyində əsas ekspertlər qrupuna əlavə olaraq Azərbaycana ATƏT ölkələrindən 30 uzunmüddətli müşahidəçi və 280 qısamüddətli müşahidəçi ezam etmək tövsiyə olunur.


