220 saat… tüpür… tüpür…

Tanınmış qələmdaşımız Xədicə Ismayılın 220 saat süpürgəçilik işinə məhkum edilməsi hər cəhətdən maraqlıdı. Ən maraqlısı isə elə bu hökmə öz dedikləridi: “Biz bunu şərti olaraq ”demokratiya naminə süpür” aksiyası adlandırırıq. Bu ölkədəki vəziyyət hər kəsə aydındır və bu ölkəni təmizləmək də bizə düşər”.

Onsuz da jurnalistikanın işi məhz zibillədi. Bizim işimiz zibili-zibilliyi göstərməkdi, süpürməksə, necə deyərlər, əlaqədar təşkilatların işidi. Ancaq nə edəsən ki, nə qədər bu ölkədə dövlət şəxsi əmlakdı, o zaman dövləti xalqa qaytarana kimi süpürmək işi bizlərə düşəcək.

Adamları Konstitusiyaya zidd şəkildə cərimələyiblər. Vətəndaş itaətsizliyi göstərən dostumuz cəriməni ödəməkdən imtina edib. Çünki onların istədiyi puldu-paradı. Beş qəpik də olsa, alıb xoşbəxt olacaqlar. Onlara bu xoşbəxtliyi verməkdənsə, öz vətəndaşlarımızın gəzdiyi küçələri süpürmək daha uyğun addımdı.

Guya Xədicəyə, başqa dostlara, ADP-çi Cəmil Hacıyevə küçə süpürtdürüb qisas alırlar. Niyə? Çünki o zehniyyət sahibləri süpürgəçiliklə bağlı millətin aşağılayıcı təfəkkürünün daşıyıcılarıdı. Bütün qüsurlu milli təfəkkür tərzləri onlar üçün doğmadı. Yəqin bu kəlməni hər kəs bilir – deyir, filankəsi qapımda heç süpürgəçi də işlətmərəm. Yəni süpürgəçilik bu qədər aşağı bir şeymiş. Halbuki o süpürgəçilər olmasa, dünya gözündən batar.

Bizim üçün burada utanacaq heç nə yoxdu. Öz evimizin həm ağasıyıq, həm köləsi. Xəyallarda ağasıyıq, gerçəkdə qulu-köləsi. Onu süpürmək nədi, yalarıq belə, bədənimizlə silərik belə. Təki bu vətən, bu ev bizim olsun! Insan öz evini süpürməkdən, zir-zibildən təmizləməkdən utanarmı? Özünü təhqir edilmiş sayarmı? Əsla!

Məgər elə bunun üçün deyilmi illərlə hər acıya, məşəqqətə dayanmaq, bitmək bilməyən savaşlar, işgəncələrə dözmək, əzablara, mərhumiyyətlərə qatlanmaq? Bir gün gələcək, gerçəkdən bu ölkə zibildən təmizlənəcək, küçəsi-meydanı, parkları işıq saçacaq. Eynən Avropa ölkələrində olduğu kimi küçəyə bir çöp atmağı belə özümüzə sığışdırmayacağıq. Çünki canımız-qanımızla hiss edəcəyik ki, bu dövlət, bu ölkə, bu vətən bizimdi, onun hər qarışı bizim öz üzümüzdü.

Hələliksə, yalnız xəyallarda bizimdi. Bu gün Xədicə xanımın süpürəcəyi küçələr, dalanlar bizim gələcəyimizin, xəyalımızda var olan məmləkətimizin küçələridi. Ancaq hələlik bizim deyil. Bizim gələcəyimiz dediyimiz məmləkətin torpaqlarının üstünü örtən zibili süpürə bilməyənə qədər bizim olana əlimiz çatmaz. Lakin süpürhasüpür, gün gələcək, o zibilin altında müqəddəs bir vətənin yatdığını görəcəyik. Hələ ki, o vətən o zibil laylarının altında boğulur, çürüyür, can verir.

“Süpürgəçi qarı” adlı şeirimi oxucularla paylaşıram.

Səhər-səhər 

şəhəri,

səhəri

süpürən qarı,

süpür, süpür.

Sonra, süpürdüyünə

tüpür, tüpür.

Tüpür,

süpürgəçi qarı…

Yox, bizim tüpürdüyümüz bu məmləkət deyil, onun üzünü örtən zibildi. Bu zibilləri təmizləyənə qədər tüpürəcəyik. 220 saat deyil, 220 il olsa da süpürəcəyik. Onsuz da 220 ildi süpürürük. Və vaxt, vədə yetişib. Artıq müqəddəs və azad vətən torpağı ala-tala görünməkdədi. Haydı, süpürgəçilər, yorulmayasız!