Yad dildə

Tərcüməçiliklə ucundan-qulağından məşğul olmuş biri kimi bir şeyi öyrəndim ki, müəllifin öz dilində necə yazması sən onu öz dilinə çevirərkən bütün çılpaqlığı ilə üzə çıxır. Bu, mətndə dil normalarına nə qədər əməl etməkdən asılıdı.

Azərbaycan və Bolqarıstan prezidentləri arasında Bakıda keçirilmiş görüş zamanı kuryoz hadisə yaşanıb. Verilən xəbərdə bildirilir ki, Bolqarıstan prezidentinin tərcüməçisi Ilham Əliyevin çıxışını Azərbaycan dilindən birbaşa bolqar dilinə çevirə bilməyib və nəticədə Əliyevin tərcüməçisindən xahiş edib ki, əvvəlcə o başa düşdüklərini ruscaya çevirib onun qulağına desin, o isə öz ölkəsinin prezidentinə bolqarca çatdırsın və belə də olub, problem sovuşub. Ancaq problem həm də məcazidi…

Əliyev daim azərbaycanlılarla ünsiyyətdə olur, müxtəlif yerlərdə, lentkəsmə mərasimlərində yığılmış zəhmətkeşlərin qarşısında çıxış eləyir. Heç bir anlaşılmazlıq olmur. Çünki Əliyevin bəlli bir çıxışı var, bütün tədbir və görüşlərdə sanki eyni mətndən və söz bazasından istifadə edir. “Analoqsuzluq, ümumdaxili məhsul, iş yerləri, ünsür, bölgələrin inkişafı, müxalifətin yoxluğu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, müstəqilliyin əbədiliyi, məmurların harınlığı, xalqımızın rifah halı, lazım gəlsə, 92-ci ildəki acınacaqlı vəziyyət” və s. və i.a. Bunu anlamaq çətin deyil. Heç anlamağa gərək də yoxdu. Həmin zəhmetkeşlər onsuz da bu çıxışı əzbər bilirlər. Çox vaxt qulaq belə asmırlar. Ancaq prezidentin üzünə baxırlar, yan-yörəsindəkilərin davranışını, geyim-kecimini müşahidə edirlər, qoruyucularının qap-qara eynəyinə, qaya kimi bədənlərinə fikir verirlər, onların kimisə necə döyə biləcəklərini xəyallarından keçirirlər, əsməcəyə düşürlər, nəfəslərini nizama salmağa çalışırlar ki, birdən bu “oxran”lar özlərini onun üstünə atarlar və zəhmətkeşlər çalışırlar üzlərinə müti ifadə verib, bundan sonra özlərini nə iləsə gözə soxsunlar, başlarını təsdiq və heyrət anlamında sürəkli hərəkət etdirir, əl çalmaq üçün hazır vəsiyyətdə dururlar ki, sonra icra başçısından nəsə qoparmaq olsun.

Beləliklə, bu dili bildin-bilmədin, yaxşı bildin, pis bildin, önəmli deyil. Burada dillə yox, mövcud siyasi-sosial dilin şərtləri ilə danışır, ya anlaşır, ya da anlaşmırsan. Məsələn, statik azərbaycanlı bilir ki, prezidentlə görüşdə ona danışmaq fürsəti verilsə o, nə deməlidi. Necə danışmalıdı yox, nə danışmalıdı. Tərifin, mədhin, köləliyin, əttökənliyin biri bir qara şahı. Demək ki, o şəxs prezidenti (bu, hər hansı başqa məmur da ola bilər) yaxşı başa düşüb və bu çıxışdan sonra prezident də onu gözəlcə anlayacaq. Yəni anladıq, sən şərəfsizin təkisən, ancaq şərtlərə uyduğuna görə sən çaldın. O çaldısa, demək prezident də nəsibini aldı. Yəni o “zəhmətkeş” aldığı ənamlardan sonra daim dövlət başçısını (ya bir məmuru) vəsf edəcək, seçkidə onun üçün əldən-ayaqdan gedəcək. Daha düşünməyəcək ki, o Azərbaycan dilində necə danışdı, mən necə danışdım. Əsas olan şərtlərə uymaq, trafaret sözləri qarşılıqlı şəkildə istifadə etməkdi.

Ancaq bir avropalı tərcüməçi belə şərtlərdən heç birinin qarşısında məsul deyil. Onun işi eşitdiyi cümlələri başa düşmək və öz dilinə çevirib öz rəhbərinə çatdırmaqdı. Sən öz dilində normal danışa bilmirsənsə, Avropanın ən təcrübəli və titullu tərcüməçisi belə gözlərini döyüb qalacaq, heç nə anlamayacaq. Məsələn, elə bu tərcüməçi – Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanovun şəxsi tərcüməçisi olmuş linqvistika mütəxəssisi, Rusiyanın Pyatiqorsk Universitetinin professoru Boris Najmuşin.

Çox qəribədi ki, Qərb bu günə kimi Əliyevi nə danışdığından, necə danışdığından asılı olmayaraq çox yaxşı başa düşürdü. Indi birdən-birə nə olubsa, özlərini anlamazlığa vururlar. Vəziyyət çətindi. Yenə rus vasitəçiyə gərək var. Dərd ondadı ki, bu dəfə ruslar da yaxasını qırağa çəkib. Öz xalqınla onun ana dilində deyil, yad dildə, amansız və mənəviyyatı alçaldan şərtlərin dilində danışırsansa, sonu mütləq belə olur.