Yaşatmaq istəyənlərin yaşamaq müddəti

Bir müddət öncə “Azadlıq” qəzetinin bank hesabına həbs  qoyulanda “yeni vicdan məhbusu” başlıqlı yazı yazmışdım. O zaman bu yazını yazmaqda məqsədim ağlaşma qurmaq deyildi. Sadəcə bu ölkədə yeganə azad qəzetin bağlanacağından doğan narahatlığın ifadəsi idi.

Bu gün yenə “Azadlıq”ın dayandırılması ehtimalı var. Nəşriyyat “Azadlıq”a 3 gün vaxt verib. 

Indi bu yazını yazmaqda da məqsədim qışqır-bağır salmaq deyil. 

Bilirəm ki, bu ölkənin insanları Qarabağı itirib yaşaya bildiyi kimi, ümidlərini itirib yaşaya bildiyi kimi, “Azadlıq”sız da yaşayacaq.  

Məni narahat edən, təəssüfləndirən bu ölkə üçün dəyərli olan hər şeyi itirmək reallığını bu qədər sakit qarşılaya bilməyimizdir.

“Azadlıq” tez-tez oxucularına, cəmiyyətə müraciət etmək məcburiyyətində qalır. Ancaq bu müraciətlər şəxsi tələbatların ödənilməsi üçün deyil. Bu müraciətlər yeganə və sonuncu QALANIN xilası üçündür. Bəli, “Azadlıq” 16 mərtəbəli qaladır. Indi bu 16 mərtəbəli qalanı, 16000 manata görə uçurmaq istəyirlər.

Bir məsələni də açıq bildirmk istəyirəm ki, “Azadlıq”ın bu müraciətlərinə müxtəlif don geyindirməyə heç kimin mənəvi haqqı çatmır. Çünki “Azadlıq”ın kollektivinin komfort həyat, şəxsi xoşbəxtlik əldə etmək üçün hər zaman imkanı olub. Ancaq “Azadlıq” prinsiplərinə xəyanət etməyib, ideallarına sadiq qalıb. “Azadlıq” şəxsi istəyi üçün heç vaxt, heç kimə müraciət etməyib. Nə vaxtsa “Azadlıq” təkzib verib, üzr istəyibsə, bu da mübarizəni davam etdirmək üçün olub. Yəni bu qəzet bütün minnətləri ümumi iş üçün qəbul edib.

Gəlin etiraf edək ki, bir qəzetin fəaliyyəti belə olmamalıdır. Nə qədər bank hesabına həbs qoyulması təhlükəsi, nə qədər qəzetin dayandırılması reallığı ilə fəaliyyət göstərmək olar?

Bir cəmiyyət, bir dövlət və bir xalq üçün lazımlı olan dəyərləri yaşatmaq missiyasını öz üzərinə götürmüş qəzetin, indi özünün yaşaması sual altındadır.

Əvvəllər “Azadlıq”ın vəziyyəti pulsuzluğa görə müalicə oluna bilməyən xəstənin vəziyyətinə bənzəyirdi. Artıq “Azadlıq”a kənardan baxanda pulsuzluq səbəbindən ölən xəstəni xatırladır. 

Axı “Azadlıq” o qəzetdir ki, onu sevənlərlə yanaşı, sevməyənlərin də harayına çatıb və çatır. Bir vaxtlar müxalifəti söyüb, indi hakimiyyətin qəzəbinə gələnlər də, bir vaxtlar hakimiyyətin əmri ilə müxalifəti döyənlər də bu gün ədalətsizliyə məruz qalırsa, “Azadlıq” dərhal onun yanındadır.

Bəli, “Azadlıq” insanlara şəxsi münasibətlər konteksindən yanaşmayıb.

Indi biz “Azadlıq”ı qoruya bilmiriksə, azadlığımızı necə qoruyacağıq. Biz bir neçə min manata görə “Azadlıq”ın ölməsinə göz yumuruqsa, ləyaqətli yaşamağımız uğrunda mübarizə aparacağıqmı?

Açıq deyirəm. Bu ölkədə nə qədər sahibkar, imkanlı adamlar var ki, hakimiyyət qanını sovurub ölkədən qaçmağa məcbur edib, milyonlarını əlindən alıb və bu adamlar hakimiyyətə nifrət edir. Bəs bu nifrət nədə ifadə olunur? Niyə o pulların cüzi hissəsini mitinqlərdə həbs olunmuş insanların cəriməsinin ödənməsinə, qəzetin probleminin həllinə sərf etmirlər? Bu xəsisliyin səbəbi nədir? Axı sizin milyonlarla pullarınızı talan edən bu rejimə qarşı mübarizəni yuxarıda sadaladığım faktorlar həyata keçirir.

Bu umacaq deyil, xatırlatmadı. Bu ölkədə mübariz insanlar pulsuz da, evsiz də, ac qarına da öz vətəndaşlıq missiyasın yerinə yetirir. 

Sadəcə olaraq kənarda durub narazı olmağın heç bir əhəmiyyət kəsb etmədiyini bildirmək istəyirəm. 

“Azadlıq”a yaşatmaq üçün vaxt lazımıdır, ancaq “Azadlıq”a yaşamaq üçün vaxt veriblər.

Bizim yaşamamağımız təkcə bizim ölməyimiz deyil. Biz istəyərdik ki, bizim ölümümüz, sizin yaşamağınıza xidmət etsin. Ancaq indiki vəziyyətdə bu ölüm cəmiyyətə xeyir gətirə bilməz.