Milli Şura rəhbərliyi Vaşinqton və Brüsselə gedir

ABŞ Konqresi və Avropa Parlamentində Azərbaycanla bağlı eyni vaxtda müzakirələr keçiriləcək

İyulun 16-da Milli Şuranın təmsilçiləri Vaşinqton və Brüsseldə mühüm müzakirələrə qatılacaqlar. Şuranın sədri Rüstəm İbrahimbəyov Brüsselə, İcra Aparatın rəhbəri Eldar Namazov isə Vaşinqtona yola düşür.
Bu barədə “Azadlıq”ı Eldar Namazov bilgiləndirib.
Özünün Vaşinqtona səfərinin ABŞ Konqresində keçiriləcək dinləmələrdə iştirakla bağlı olduğunu deyən Eldar Namazov bu səfəri vacib sayır: “ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrdə iştirak üçün dəvət almışam. Dinləmələrdə işitrakı çox vacib sayırıq. Ona görə də, burada təşkilati işlərimiz həddən çox olsa da, Rüstəm İbrahimbəyovla məsləhətləşmədən sonra belə qərara gəldik ki, Vaşinqtona səfər edim. Dinləmələrdə və baş tutacaq görüşlərimdə Azərbaycandakı seçki mühiti və başqa vacib məsələlərlə bağlı ətraflı məlumat verməyə çalışacam”.
Milli Şura sədrinin Brüsselə səfərinə gəlincə, Eldar Namazov bildirib ki, iyunun 16-da ABŞ Konqresindəki dinləmələrlə paralel olaraq Avropa Parlamentində də Azərbaycandakı vəziyyət müzakirə olunacaq. Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Avropa Parlamentində ölkədəki seççi mühiti, insan haqları və demokratiyanın vəziyyəti barədə çıxış edəcək.