“Rüstəm İbrahimbəyova qarşı çirkin kampaniya durdurulmalıdır”
Elçin Şıxlı: “Görünür, dövlət başçısı məmurları tənqid edir, onlar da bundan nəticə çıxararaq qəzetlərə hücum edirlər”
Dünən VI qurultayını keçirən Azərbaycan jurnalistləri Mətbuat Şurası Idarə Heyətinin üzvlərini seçib. Hazırda medianı ciddi problemlərin narahat etdiyi bir zamanda keçirilən qurultay həmin çətinliklərin çözülməsi üçün nə dərəcədə effektiv ola bilər. Belə ki, hazırda xüsusilə çap mediasının reklam, yayım, satışla bağlı ciddi problemləri var. Müsahibimiz “Zekalo” qəzetinin baş redaktoru Elçin Şıxlıya ilk sualımız məhz bu məqamla bağlı oldu.
– Keçirilən tədbir hesabat-seçki qurultayı idi. Ona görə sadaladığınız problemlərin heç birinə toxunulmadı. Sadəcə Mətbuat Şurası rəhbərliyinin hesabatı verildi, sonra da seçkilər keçirildi. Hazırda mətbuatın vəziyyəti kifayət qədər mürəkkəbdir. Bu problemlər öz həllini tapmalıdır. Amma hazırkı gedişlə mətbuatı narahat edən problemlər çətin ki, həll olunsun.
– Məhkəmə qərarlarının icrası şöbəsi araşdırmaçı jurnalist Xədicə Ismayıla küçə süpürməyi təklif edib.ÿBuna səbəb Xədicə Ismayılın məhkəmənin ona kəsdiyi cəriməni ödəməməsidir. Tanınmış jurnalistə qarşı bu cür münasibəti necə dəyərləndirirsiniz?
– Məsələ orasındadır ki, Xədicə xanım gərək ya o cəriməni ödəyərdi, ya da ictimai işə razılıq verəydi. Xədicə Ismayıl cəriməni ödəməyəcəyini bildirərək ictimai işə razılığını verdi. Bir misal gətirmək istəyirəm. Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bizim iki məhşur generalımız Səməd bəy Mehmandarovu və Əliağa Şıxlınskini indiki “Istiqlal” küçəsini bir neçə gün süpürməyə məcbur ediblər. Hazırda Xədicə Ismayılın ictimai işə cəlb olunması və özünün seçdiyi küçələri süpürməsi əksinə, onun üçün piar olacaq.
“Milli Şuraya üzvlüklə bağlı müraciət etsəydim, qəbul olunardı”
– Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovÿbildirib ki, dövlət başçısı məmurları müxalifət mətbuatından da sərt tənqid edir. Belə olan halda sual yaranır, əgər məmurlar daha sərt tənqid olunurlarsa, o zaman mətbuat məmurlar barəsində yazdıqlarına görə niyə məhkəməyə verilir?
– Bu suala Əli Həsənov cavab verə bilər. Dövlət başçısı məmurları tənqid edir. Görünür, onlar da bundan nəticə çıxararaq qəzetlərə hücum edirlər.
– Azərbaycan müxalifəti son iyirmi ildə nail ola bilmədiyi geniş koalisiyanı hazırda formalaşdırıb. Demokratik düşərgənin böyük əksəriyyətinin cəmləşdiyi Milli Şura seçkiyə vahid namizədlə də qatılmaq niyyətindədir. Baş verən bu prosesləri necə dəyərləndirirsiniz?
– Milli Şuranın yaranması cəmiyyətdə gedən təbii proseslərin bir məntiqi nəticəsi idi. Uzun müddət idi ki, cəmiyyətdən müxalifət düşərgəsinin bir araya gəlməsi, vahid namizədlə seçkilərə qatılmasıyla bağlı tələblər gəlirdi. Təəssüf ki, müxalifət cəmiyyətdən gələn bu tələbi uzun müddət həll edə bilmirdi və nəticədə vahid namizəd alınmırdı. Amma vahid namizəd məsələsi, cəmiyyətdən gələn sifariş, Rüstəm Ibrahimbəyov kimi bir tanınmış şəxsin ortaya çıxması ilə həll edildi. Rüstəm Ibrahimbəyov bir ağsaqqal kimi ortaya düşərək prosesə rəhbərlik etdi. Bizim müxalifət qüvvələri də onun bir namizəd kimi irəli sürülməsinə etiraz etmirlər. Milli Şuranın yaranmasını və vahid namizədlə çıxış etməsini cəmiyyət müsbət qarşılayır.
– Elçin bəy, siz Ziyalılar Forumunun üzvüsünüz. Milli Şurada təmsilçiliklə bağlı niyyətiniz varmı? Bu istiqamətdə sizə təklif olubmu?
– Belə bir təklif edilməyib. Amma onu da bilirəm ki, Milli Şuraya üzvlüklə bağlı müraciət etsəydim, bu məqbul qəbul edilərdi. Sadəcə olaraq mən Ziyalılar Forumunda özümü yerində hiss edirdim. Amma Milli Şurada siyasi məsələlər müzakirə predmetidir. Mən bu təşkilatda təmsil olunacağım təqdirdə, jurnalistikanı və gördüyüm işi kənara qoyaraq, siyasətə tam gücümü verməliyəm. Mənim peşəm jurnalistikadır və bu işlə məşğul oluram. Mən heç bir işi yarımçıq görməyi xoşlamıram. Ya bir işin dalınca sona qədər düşəsən, ya da həmin işə heç başlamayasan.
– Hakimiyyətyönlü qəzetlərdə Milli Şura və onun sədri Rüstəm Ibrahimbəyova qarşı çirkin kampaniya getməkdədir. Hər gün hakimiyyət üçün bu vacib mövzuya onlarla məqalə həsr olunur. Məqalələrdə isə aşağlayıcı ifadələr və kolajlardan istifadə olunub. Dünyaca tanınmış şəxsə qarşı belə yanaşma, ümumiyyətlə, bu tərzdə seçki mübarizəsi nə dərəcədə məqbul sayıla bilər? Bu nə dərəcədə etik normalara uyğundur?
– Bu, etik normalara ziddir. Azərbaycanda partiyalı qəzetlər var və bu onların siyasi mübarizəsinin tərkib hissəsidir. Partiyalı qəzetlər də öz siyasi partiyalarının mövqeyini müdafiə edirlər. Burada sadəcə olaraq Azərbaycanda etik qaydalara riayət olunmur. Milli Şura və onun sədrinə qarşı müəyyən materiallarda tənqidə yol verilə bilər. Amma bütün bunların hamısı tərbiyə çərçivələrində edilməlidir. Etik normaların pozulması, müəyyən təhqiredici məqamlara yol verilməsi, əlbəttə, məqbul sayıla bilməz. Mən demək istəmirəm ki, heç kim tənqidi yazı yazmasın. Siyasi mübarizədə siyasi tənqid də ola bilər. Amma hər şey tərbiyə çərçivəsində olmalıdır. Jurnalistlərin etik kodeksi var. Həmin kodeksi pozmaq olmaz.
“Cəmiyyətdə ictimai qınaq güclü olmalıdır”
– Daha bir xoşagəlməz tendensiya odur ki, insanlar siyasi fikirlərini açıq bildirdiklərinə görə illər sonra axtarışa verilir, yaxınları incidilir. Konkret faktlarla desək, son günlər həm Gültəkin Hacıbəyli, həm də Hüseyn Abdullayevlə bağlı baş verənlərə münasibətiniz necədir?
– Əgər kimsə müəyyən bir siyasi fikir irəli sürürsə və ya onun baxışları qarşısındakı ilə üst-üstə düşmürsə, həmin şəxsin ailəsinə toxunmaq, ailə üzvlərini təhdid etmək çox pis haldır. Bu olmamalıdır. Istər iqtidar, istər müxalifət tərəfindən olsun. Biz həmişə bəyan edirik ki, Azərbaycan üçün ailə, valideynlər müqəddəsdir və birinci yerdə gəlir. Ən böyük də anadır ki, anadan ötrü hər bir insan hər şeyə hazırdır. Eyni zamanda hər bir ananın öz övladına qarşı münasibəti var. Bu da güclü hissdir. Heç bir ananı övladı, heç bir övladı da onun valideynləri ilə təhdid etmək olmaz. Əgər siyasi mübarizə aparılırsa, siyasi mübarizə üsulları var. Onlardan istifadə olunmalıdır. Qarşı tərəfin irəli sürdüyü arqumentlərin düzgün və ya yanlış olduğu bu yol ilə izah edilməlidir.
– Sizcə, Azərbaycan cəmiyyətinin siyasi aktivliyinin aşağı salınması, qarşısının alınması üçün bu cür addımlar effektiv ola bilərmi?
– Əgər bu addımlardan istifadə edirlərsə, deməli, müəyyən nəticələr var. Biz cəmiyyət olaraq bu cür hallara göz yummamalıyıq. Əgər biz baş verənlərə seyrçi qalırıqsa, o zaman bu cür xoşagəlməz hallar baş verir. Əgər ictimaiyyət baş verənlərə etiraz edəcəksə, ictimai qınaq ortaya qoyacaqsa, bunun ardı kəsiləcək. Xatırlayırsınızsa, Xədicə Ismayıla qarşı yürüdülən çirkin kampaniyaya ictimaiyyət kəskin etiraz etdi. Nəticədə yürüdülən kampaniya dayandırıldı.
“Teleməkanda siyasi rəngarəngliyin olmaması fəsadlar yarada bilər”
– Bir neçə gün əvvəl telekanallarda ədəbi dil qaydalarının pozulması ilə bağlı MTRŞ-nin açıqlaması oldu. Bu qurumun televiziya ilə bağlı müxtəlif məsələləri qaldırması təbidir, amma cəmiyyəti bir məsəslə də narahat edir ki, ona toxunulmur. Söhbət efirdə siyasi balansın qorunmasından gedir. Bu gün efirdə demək olar ki, müxalif səs yoxdur. Bunu necə dəyərləndirirsiniz?
– Efirdə ədəbi dilin olmaması ilə siyasi rəngarəngliyi bir-birinə qatmaq olmaz. Ədəbi dilimizdə danışmaq hamıya aiddir. Dilimizdən bixəbər, savadsız insanlar həm efirdən, həm radiodan, həm də qəzet səhifələrindən cavanlarımızın beynini korlamaqla məşğuldurlar. Hətta bəzən elə məqamlar olur ki, mən ömür boyu düzgün işlətdiyim kəlmələri, qulağımıza dolan ibarələrlə ifadə edirəm. Mən gənc jurnalistlərlə danışanda görürəm ki, heç kim Azərbaycan kanallarına baxmır. Bir qism rus kanallarına baxır. Onların beynini rusların “gerçəkliyi” doldurur. Onlar Azərbaycanda və dünyada baş verən hadisələrə rusların baxışından yanaşırlar. Digərləri türk kanallarına baxırlar. Eyni hal burada da təkrar olunur. Türk kanallarına baxanlarda da AKP hökumətinin yürütdüyü siyasətə uyğun baxış formalaşır. Biz həmişə dövlət maraqlarından, mənafeyindən danışırıq. Bax, bu mənafeyi bizim telekanallar qorumalıdır. Bu işlə isə telekanallar məşğul olmur. Mən bir dəfə jurnalistika fakültəsində imtahan götürürdüm. Diplom müdafiəsindəki gənclərdən bir neçəsi dedi ki, “mən Amerikaya nifrət edirəm”. Sonra məlum oldu ki, bu gənclər rus kanallarından başqa heç nəyə baxmırlar. Mən demək istəmirəm ki, onlar Amerikanı müdafiə etməlidirlər. Yox. Amma bu proseslərdə Azərbaycanın maraqları var. Bu gənclərin danışdıqlarında isə rus təbliğatının elementləri açıq şəkildə görünür və bu təbliğat artıq onların şüurlarına işləyib. Amma Azərbaycanın da öz mövqeləri var axı? Rusiyanın ABŞ-a, Qərbə münasibti bir cürdür, Azərbaycanın isə mövqeyi başqa cürdür.
Kanalların hamısında eyni vaxtda 3-4 saat ərzində bozbaş bişirirlər. Və ya eyni saatda bütün kanallarda sağlamlıq proqramları gedir. Özü də televiziya kimi yerdə heç bir audio, video effektlər olmadan proqramlar hazırlanır. Çağırılan qonaqlar boş-boş, Azərbaycan dilinin qol-qabırğasını sındıra-sındıra, ya Türkiyədə təhsil almış həkimlərimiz danışır, ya da türklər danışır. Daha sonra isə bütün kanallarda meyxana verilişləri başlayır. Ekranda bir ağıllı veriliş olmalıdır ki, baxıb nəsə öyrənəsən. Heç olmasa son zamanlar bəzi telekanallarda uşaqlar üçün bir-iki intellektual verliş hazırlayıblar. Amma telekanallarda heç bir rəngarənglik, siyasi plüralizm yoxdur.
– Beynəlxalq Şəffaflıq Təşkilatı Azərbaycanda korrupsiyaya uğramış sahələrin adların açıqlayıb. Ən çox korrupsiyalaşmış sahə kimi təhsil vurğulanır. Təhsildə korrupsiya ölkəyə nə vəd edir? Şahlar Əsgərov vurğulayıb ki, təhsildəki hazırkı durum nəzərə alınarsa, 20 ildən sonra ölkəyə rəhbərlik edəcək adama yazığım gəlir…
– Həmin problemi bilmək və yaşamaq üçün mənə heç bir təşkilatın hesabatı lazım deyil. Bizdən yaxşı heç kim bu problemi görə bilməz. Bizim gənclər elm almağa deyil, elmsizliyə pul qoyurlar. Bu isə çox üzücüdür.
Xəyal