Elşad Abdullayevdən yeni sensasion açıqlamalar
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev hələ bir müddət əvvəl “Azadlıq”a bildirmişdi ki, seçkiqabağı dəhşətli videolar yayımlayacaq. Lakin Elşad Abdullayev həmin videoların konkret olaraq kimlər barədə oldãuğunu açıqlamamışdı.
“Yeni Müsavat” qəzetinə müsahibə verən Elşad Abdullayev növbəti dəfə bildirib ki, seçki ərəfəsində iri ranqlı məmurların videolarını yayacaq. “Biz hələ jurnal vermişik, kino göstərməmişik ki” deyən sabiq rektor daha sonra bildirib: “Seçki ərəfəsində daha iri ranqlı məmurların videogörüntüləri yayılacaq. Bizim indi əsas məqsədimiz Mahirin işinin açılmasıdır. Məsələn, son qoyduğumuz Rövşanə Əliyeva videosu açılmalıdır. O qadın bu mətbəxin içindədir və dedikləri də önəmlidir. Məsələn, o deyir ki, Rövşən Cavadovun oğlunu bunlar öldürüblər. Adlar çəkir ki, kimlərin vasitəsilə bu işi görüb. Hələ mən o videoları da qoymamışam.
Hazırda bizim əsas istiqamətimiz Maqnitski işi ilə bağlıdır. Tədqiqatı ilə Elnur Məcidli məşğuldur. Mahir Abdullayev cinayəti ilə bağlı Fransada Abdullayev aktını həyata keçirməyə başlayırıq. Prinsip və format olaraq Maqnitski aktıyla bənzərlik təşkil edir. Bildiyiniz kimi, ABŞ-da Maqnitski aktının qəbul olunması Rusiyada siyasi zəlzələ yaratmışdı. Bu istiqamətdə artıq Fransa polisinə rəsmi müraciətlər edilib, Fransa Baş Prokurorluğu və məhkəmə instansiyalarına müraciət hazırlanır. Bu akt layihəsi Mahir Abdullayevin oğurlanması cinayətində iştirak etmiş şəxslərin Fransa və yaxud şengen viza qanununun keçərli olduğu hansısa Avropa Birliyi ölkəsinə girişi zamanı saxlanılması, sorğuya çəkilməsi və istintaqa cəlb olunmasıyla bağlıdır. Bu oğurluq faktından 10 il keçməsinə baxmayaraq ortada heç bir ciddi nəticə yoxdur, əksinə, bu cinayəti açacaq qurumların bütün fəaliyyəti bu cinayətin bağlanmasına və cinayətkarların gizlədilməsinə hesablanıb. Bu, bir daha əsas verir ki, həmin cinayətkar qruplaşmanın dövlət resurslarından faydalandığını deyək.
Keçən il ölkə prezidentinin xüsusi göstərişi ilə bu cinayət faktı ilə bağlı Müstəqil Istintaq Komissiyası yaradılsa da, aradan keçən 8 ay ərzində əlimizdə qaneedici irəliləyişlər yoxdur. Doğrudur, Arzu Kazımov başda olmaqla, bu cinayətdə ittiham olunan bəzi şəxslər həbs olunub, dindirilib, istintaqa cəlb edilib, lakin cinayətin üstü hələ də açılmayıb”.