Azərbaycan hakimiyyətinin qanunsuz əməllərindən bəhs edən yazı və çıxışlarımda ara-sıra “bu, faşizmdir!”, yaxud “bunu ur-faşizm adlandırmaq olar” ifadələrinə rast gələ bilərsiniz. Bəlkə də çoxları burada “faşizm” kəlməsinin işlənməsini qarşı tərəfi daha kəskin tənqid etmək üsulu kimi qəbul edir. Qətiyyən belə deyil, bu ifadələri hər zaman düşünərək, sözün tarixi anlamına uyğun şəkildə istifadə etmişəm.
Düşünə bilərsiniz, məsələn, Hitler faşizmi hara, YAP avtoritarizmi hara! Bəs nə üçün elə hesab edirsiniz ki, faşizm məhz bir formada olub və yalnız həmin formada qayıda bilər?
Ümumiyyətlə, faşizmin Avropada peyda olmasından sonra onun mənşəyini düşünənlərin də ən böyük qayğısı gələcəklə bağlı idi. Faşizm bir daha peyda ola bilərmi? Onu da bilirsiniz ki, tarixlərindəki o dəhşətli illərin bir daha qayıtmaması üçün avropalılar Ikinci Dünya müharibəsindən sonra hər şeyi etdilər. Fəqət, bəlkə də əksəriyyətin buna tam arxayın olduğu bir dövrdə qitənin və eləcə də bütün dünyanın ən parlaq intellektuallarından biri görüşümüzə yeni bir xəbərdarlıqla gəldi. Söhbət məşhur yazıçı Umberto Ekodan gedir. Uşaqlığı faşizm dövründə keçən Eko özünün “Əbədi faşizm” essesi ilə Avropanı və bütün dünyanı ayıltmağa çalışdı, hətta mən deyərdim ki, faşizmin heç kəsin ağlına gəlməyən təhlükəsinə inandıra bildi.
Yazıçı xəbərdarlıq etdi: indi faşizm ən fərqli qiyafələrdə, ən xoşagələn və gözəl formalarda peyda ola bilər. Biz onu ilk baxışdan görməyə bilərik. Ur-faşizm ən gözəl sözlərlə, xoş iddialarla gəlir və yenə də pambıqla baş kəsir. Qaz kamerasının olmaması hələ o demək deyil ki, faşizm yoxdur və öldürmür.
Böyük yazıçı “Əbədi faşizmi” “ur-faşizm” adlandırır, onun xüsusiyyətlərini sadalayır və inandırır ki, bu xüsusiyyətlərin hər biri ilə faşizm fərqli cildlərdə cəmiyyətlərə geri dönə bilir. Eko deyir ki, faşizmin xüsusiyyətləri sistematik deyil, onların bəziləri bir-birinə ziddir, bəziləri həm də digər despotizm və fanatizm növlərinin xarakterik atributudur. Lakin bu xüsusiyyətlərdən birinin olması kifayətdir ki, onun ətrafında faşizm dumanlığı qatılaşmağa başlasın.
Məsələn, ayrı-seçkilik – selektiv düşüncə. Eko bundan başqa daha bir xüsusiyyəti önə çəkir: ur-faşizm üçün isəÿrazılaşmamaq xəyanət etməkdir… Biz bütün bu cəhətləri illərdir öz cəmiyyətimizdə görmürükmü?!
Əliyevlər rejiminin Azərbaycana gətirdiyi ayrı-seçkilik qat-qatdır və milyonlarla insan bunun ağrısını çəkir. Fərqli düşüncəyə qarşı basqıları da xüsusi xatırlatmağa ehtiyac görmürəm. Yalnız bir nümunəni yada salım. Naxçıvanda yaşlı Ələsgər kişini hakimiyyətdən narazılıq etdiyinə görə dəlixanaya salmışdılar. Fərqli fikri olan hər kəs burada düşməndir. Hər kəs!
Əgər bu hakimiyyətin təmsilçiləri elədiklərinə görə Hitlerdən daha humanist görünürlərsə, onların əməllərində və cinayətlərində faşizm olmadığını düşünənlər yanılır. Son günlərin xəbərlərinə baxın. Müxalif mövqe sərgilədiyinə görə məhkəmə Gültəkin Hacıbəylinin oğlunu anasından ayırmaq qərarı verdi. Gənc fəal Ilkin Rüstəmzadə irindən təmizləmək üçün onun canına günlərdir hərarət verən yarasını həbsxana kamerasında özü yarmalı olur. Hüseyn Abdullayevin valideynlərinə oğluna görə basqılar edilir. Zuar Qurbanlı talassemiya xəstəsi olduğu halda həbsdə günahsız yatır və müalicə almır.
Bütün bunlar ur-faşizmin özünü gizlətməyən xislətidir və onu daha yaxşı anlamaq üçün Umberto Ekonun bənzərsiz essesini – “Əbədi faşizm”i oxumaq sizə çox maraqlı olardı. Əslində, yazının əvvəlində qeyd etməli idim, tanınmış bloger və ictimai fəal Əli Novruzov həmin əsəri bu yaxınlarda ana dilimizə çevirib. Bu linkdən esseni oxuya bilərsiniz: http://alinovruzov.com/2013/06/06/06eco/. Əli bəyə isə yaxşı işinə görə təşəkkür edirəm.