Gördüyünə göz yummaq bəlası

Bəxtəvər başımıza, daha iki partiya adı öyrəndik. Elə bil son günlər siyasi tarix dərsi keçirik və “XXI əsrin əvvəllərində Azərbaycan partiyaları” bəhsini oxuyuruq. Üzrlü bilin, adları çox uzun olduğuna və cəmi bir dəfə gözümə dəydiyinə görə bu zəif hafizəm onları yadda saxlamağıma imkan verməyib. Ancaq istəyən axtara bilər. Axtarış üçün bu başlıq yetər: “Daha iki partiya Mehriban Əliyevanın namizədliyini irəli sürdü”.

Müsavat başqanı Isa Qəmbərin Milli Şuranın vahid namizədini dəstəkləyə-dəstəkləyə partiyasının namizəd qərarını qüvvədə saxlamasını, yəni Isa bəyin partiyasından prezidentliyə namizədliyinin qüvvədə qalmasını hardasa anlamaq olur. Deyir ki, Şuranın namizədi qeydə alınmayacağı təqdirdə… Bu məsələni qətiyyən mübahisələndirmək istəmirəm. Onsuz da mətbuat da, şəxslər də bunu çox çək-çevir eləyirlər, yəqin fikirlər hər kəsə aydındı. Ancaq yenə də deyirəm, Isa bəyin, partiyadaşlarının, Müsavatın məntiqi var – hakimiyyət vahid namizədi qeydə almazsa…

Bunu hardasa başa düşdük. Bəs Mehriban Əliyevanın, prezidentin xanımının, Ilham Əliyevin namizədliyini irəli sürən partiyanın sədr müavininin namizədliyinin irəli sürülməsi və müavinin buna etiraz etməməsini necə anlayaq? Əlbəttə, deyə bilməzlər ki, birdən müxalifət indiki prezidentin namizədliyini qeydə almazsa, əldə hazır variant olsun. Axı nə hakimiyyət Ilham Əliyevin namizədliyinə əngəl törədə bilər, nə müxalifət. Elə isə niyə ikinci namizəd və həm də eyni partiyanın, eyni ailənin içindən?

Sizə elə gəlmirmi ki, söhbət iri dünya dövlətlərinin Azərbaycan prezidentliyinə namizədi “qeydə almayacağı” təhlükəsindən gedir? Axı başqa dövlətlərin bizim MSK ilə rəsmi heç bir bağlılığı yoxdu. Və MSK, məsələn, ABŞ qarşısında heç bir öhdəlik daşımır. Bəlkə xalq? Yox, sağ olsun bizim xalqı. Onlar Azərbaycan hakimiyyətinin daxili işlərinə Zimbabvedən də az qarışırlar. Daha doğrusu, heç qarışmırlar. Nə isə. Demək, bir allah bilir.

“Biz bu seçkiləri udacağıq”

Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovun bu iddiası çoxuna inandırıcı gəlməyə bilər və ya əksinə. Ancaq dünən bir ədəbi çevrədə müxalifətlə qətiyyən yaxınlığı olmayan yazarların “biz, heç şübhəsiz, öz həmkarımıza səs verəcəyik” deməsi məni də dünya şöhrətli dramaturqun bu sözlərinə inandırdı. Dedim, ey dadı-bidad, filankəs də bu sözü deyirsə, deməli, məsələ xeyli ciddidi.

Rüstəm bəy bu fikri srağagün “Kavkazskaya politika” saytına verdiyi çox dolğun sayılacaq müsahibəsində deyib. Ancaq təkcə bunu deməyib. Müsahibədə bu sözlər də var: “Ilham Əliyev hakimiyyətə gələn zaman biz ona müəyyən ümidlər bəsləyirdik. Belə ki, o, gənc və müasir insan təsəvvürü bağışlayırdı. Biz onun necə hakimiyyətə gəlməsinə göz yumduq. Çünki əslində 2003-cü ildə məhz Isa Qəmbər qələbə qazanmışdı”.

Bunu Azərbaycanın sayılıb-seçilən ziyalılarının az qala 99 fazinin həmin zamanla bağlı gecikmiş etirafı saymaq olar. Etiraf hər bir zaman mədəniyyət hesab edilir. Bunları deyə bilmək özü də cəsarət tələb edir. Bu etirafı edən şəxs bunun ardınca hansı sualların gələ biləcəyini də bilməmiş olmaz. Yəni niyə? Və əgər bu dəfə seçkidə siz qalib gələrsinizsə, lakin hakimiyyəti başqası qəsb edərsə daha nə qədər göz yumacaq ziyalılar, vətəndaşlar və həmincə xalq hələ də bu ölkədə yaşayır. Onda bəs necə olacaq? Bir də illər sonra onların da etirafını gözləməliykmi?

Və ən əsası. Çox istərdim ki, Rüstəm bəy növbəti müsahibələrinin birində bu “göz yumma”ya öz psixoloji açıqlamasını da verəydi və yenə göz yummağa hazır olan ziyalıları yanlış yoldan əl çəkməyə inandıra biləydi.